"Nüvə qış"ından sağ çıxacaq 5 ölkənin adı açıqlanıb

//ABŞ, Rusiya, Çin siyahıda yoxdur

     "Nüvə qış"ından sağ çıxacaq 5 ölkənin adı açıqlanıb
  10 Fevral 2023    Oxunub:2453
Yeni Zelandiyanın Otaqo Universitetinin alimləri maraqlı və diqqət çəkən araşdırma aparıblar. AzVision.az xəbər verir ki, elmi araşdırma Ukrayna müharibəsi başlayandan sonra gündəmdən düşməyən atom silahlarının tətbiqindən sonrakı dünya ilə bağlı olub.
Alimlər məlum silahlarla qarşıdurma nəticəsində planetdə nüvə qışı baş verəcəyi təqdirdə hansı ölkələrin sağ qalma ehtimalının daha yüksək olduğunu müəyyən ediblər.

Professor Nik Uilson və onun müstəqil araşdırma şirkəti "Adapt Research"-dən olan həmkarı Mett Boydun “Risk Analysis” jurnalında dərc olunan araşdırmalarının nəticələrinə görə nüvə müharibəsindən sonra məhv olmamaq şansları əsasən ada dövlətlərinə aid edilib.

Nüvə müharibəsi 5 milyard insanı məhv edə bilər - “Nature Food”
Mütəxəssislər nüvə qışının kənd təsərrüfatına təsirini və bu ölkələrin təkbaşına ərsəyə gətirə biləcəyi qidaların kalorililiyini nəzərə alaraq 38 ada dövlətinin iqtisadiyyatını təhlil ediblər. Vilson və Boyda görə, nüvə müharibəsindən sonra bəzi ölkələrin iqtisadiyyatı sağ qalan əhali üçün kifayət qədər ərzaq istehsal edə biləcək.

Yeni Zelandiyadan olan elm adamları əmindirlər ki, silahların tətbiqindən sonra yeni şəraitdə kənd təsərrüfatını digərlərindən daha tez düzəldə biləcək ölkələr yaşaya biləcəklər.

Məqalədə o da vurğulanır ki, əgər nüvə silahlarından geniş miqyasda istifadə olunarsa, səmaya toz buludları və dəhşətli, genişmiqyaslı yanğınlardan qaynaqlanan xüsusi kül qatları qalxacaq. Onların uzun müddət günəş şüalarının planetin səthinə çatmasını əngəlləmək və ya əhəmiyyətli dərəcədə azaltmaq təhlükəsi var.

Məlum olduğu kimi Günəşsiz hər hansı məhsulu yetişdirmək mümkün deyil. Təbii ki, söhbət laborator, parnik və digər məhdud şəraitlərdən getmir. Alimlər hesablayıblar ki, aparıcı nüvə gücləri bir-birinə ciddi zərbələr endirsələr, bunun nəticələri təsəvvür edə bilməyəcəyimiz dərəcədə fəlakətli olacaq. Bir neçə il ərzində cənub yarımkürəsindəki əkinlərin və yabanı bitkilərin təxminən 80%-i, şimal yarımkürəsində isə daha çoxu məhv olacaq.

Sağ qalma şansı həm də yalnız günəşin cüzi də olsa buludların arasından keçə biləcəyi ərazilərdə, yerlərdə olacaq. Yəni əgər Şimal yarımkürəsində nüvə münaqişəsi baş verərsə, insanlar dünyanın yalnız beş ölkəsində yaşaya biləcəklər və onların hamısı ada dövlətləridir. Söhbət Avstraliya, İslandiya, Yeni Zelandiya, Solomon adaları, Vanuatudan gedir. Onlar həm də digər ərazilərdən təcrid olmalarından və artıq müstəqil şəkildə həyata uyğunlaşmalarından faydalanacaqlar.

Bununla belə, məlum ölkələrin də problemləri olacaq. Məsələn, Yeni Zelandiya xaricdən yanacaq tədarükündən çox asılıdır və kənd təsərrüfatı maşınları üçün ehtiyat hissələri belə istehsal etmir. Mett Boyd qeyd edir ki, istənilən halda Yeni Zelandiyanın qlobal fəlakətlə bağlı planı yoxdur və günəş işığının miqdarının qəfl azalacağı təqdirdə, nələrin etmək lazım olduğunu bilmirlər. Alim nüvə qışı vəziyyətində fəaliyyət strategiyasının hazırlanmasını hökumətin qarşısında duran mühüm vəzifələrdən biri hesab edir.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Nüvə-Qışı   Yeni-Zelandiya   Kənd-Təsərrüfatı   Ada  





Xəbər lenti