Ekoloji vergilərin tətbiqi müzakirə olunub

Ekoloji vergilərin tətbiqi müzakirə olunub
  30 Yanvar 2023    Oxunub:601
Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunda növbəti onlayn elmi seminar keçirilib.
Bu barədə AzVision.az -a institutdan məlumat verilib. Seminarda İqtisadiyyat İnstitutunun Monetar və fiskal tənzimləmə problemləri şöbəsinin müdiri iqtisad elmləri doktoru dosent Yaşar Məmmədov “Azərbaycan Respublikasında ekoloji vergilərin tətbiqi” mövzusunda təqdimatla çıxış edib. Məruzəçi bildirib ki, ekoloji vergilərin tətbiqi ilə bağlı müddəalar son on ildə ölkəmizdə qəbul edilən bir sıra dövlət proqramları və strateji sənədlərdə öz əksini tapıb. Azərbaycanda Dünya Bankının “Əlverişli biznes mühiti” layihəsinin “Vergitutma” indikatoru üzrə Yol Xəritəsinin (2022) 1.2.3. maddəsində (Ekoloji vergitutma haqqında qaydalara dəyişikliklərin tezliyi) ekoloji və yaşıl vergilərin tətbiq dairəsinin müəyyən edilməsi üzrə qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və onların ölkədə tətbiqi üzrə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.

Y.Məmmədov çıxışında ekoloji vergilərin tətbiqi xüsusiyyətlərinə və bu sahədə əldə edilən elmi nəticələrə xüsusi yer ayırıb. O, vergilərin Azərbaycanda tətbiqi məsələləri ilə bağlı aparılan araşdırmaların nəticələrini diqqətə çatdırıb. Habelə Azərbaycanda ekoloji problemlər, ətraf mühitin çirkləndirilməsi və buna görə ekoloji cərimələrin tətbiqi, ölkəmizdə ekoloji vergilərin tətbiqi imkanları, onun nəzəri və praktiki cəhətləri, bu sahədəki dünya təcrübəsindən danışıb. Ekoloji vergilərin tətbiqi sahəsindəki başlıca problemlər qeyd olunub, onların həlli ilə bağlı təkliflər səsləndirilib, müvafiq qanunvericilikdə dəyişikliklərin aparılması əsaslandırılıb.

Sonra seminarda Azərbaycanda ekoloji vergilərin tətbiqi məsələləri ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb.

AzVision.az



Teqlər:





Xəbər lenti