`Bu, ədəbi deyil, siyasi müsabiqədir`-MÖVQE

`Bu, ədəbi deyil, siyasi müsabiqədir`-MÖVQE
  15 May 2014    Oxunub:1257
Gənc şair Emin Piri Azadlıq radiosunun keçirdiyi “Ədəbi Azadlıq” müsabiqəsi ilə bağlı açıqlama verib:
“Azadlıq” radiosunun məlum müsabiqəsi bu dəfə də fiaskoya uğradı. Bir daha onlar sübut edir ki, önəmli olan poeziya deyil, ədbiyyat deyil, anti-dövlətçi insanların önə çəkilməsidir.

Mən anlamıram, “Vəfa” adlı xanımın hər cümləsi bir yazardan plagiat olan şeirlərini şişirtmək nəyə lazımdır? Yoxsa müxalifətçi mövqeyinə görə? Əgər münsiflər bu şeirdəki güclü təsirlənmələri seçə bilməyiblərsə, deməli, ədəbiyyatdan zərrəcə anlayışları yoxdur. Ya da söylədiyimiz məlum məsələ. Yəni siyasi mövqe.

Onluqda olan başqa bir şeir bu mövqeyi bir daha gözlər önünə sərir. Şeirin üzünə tüpürməklə özünü “sovetski”nin taleyini xilas edirmiş kimi göstərib, “qəhrəmanlıq” etmək poeziya deyil. Yenə də siyasi mövqedir. Ay qardaş, əgər “Nida”dan yazı yazdığın üçün səni “şairsən” deyib yuxarılara qaldırırlarsa, vay halına. Bu, biabırçılığın zirvəsidir.

Münsiflər barəsində də o fikirdə qalıram. Mənim fikrimcə, bu, münsiflikdən çox, tapşırıqları yerinə yetirməkdir. Müsabiqənin adını təmizə çıxartmaq üçün bir-iki istedadlı imzanı onluğa daxil ediblər.

Ümumiyyətlə, bu müsabiqədə həmişə nəsə yolunda getmir. Ötən il Ramil Əhmədi primitiv bir səbəbə görə müsabiqədən kənarlaşdırdılar. Təbii ki, onun AYB qanadında təmsil olunmasını, eləcə də, Gənc Ədiblər Məktəbinin ən aktiv üzvlərindən olmasının payı bunda böyükdür.

Ondan öncəki il isə Dilqəm Əhmədin məlum imtinası. Hazırkı müsabiqədə də eyni formatdır. Yalnız etiraz edənlər və yaxud heç nəyə qarışmayanlar siyahıya daxil edilir. Daha sonra özlərinə sərf edən onluq yaradırlar. Mən ilk üçlüyü də təxmin etmişəm artıq. Müsabiqənin yekun nəticələrində onların şeirləri yox, anti-hakimiyyət mövqeləri nəzərə alınacaq.

Sərdar Amin, Furqan Sadıq, Kürçaylı Məmmədov kimi müəlliflərin onluğa düşməməsi rüsvayçılıqdır. Adlarını sadaladığım bu gənc imzalar onluğa düşmüş bəzi müxalif yazarlardan dəfələrlə istedadlıdırlar. Ancaq yenə də və yenə də siyasi mövqe.

Beləliklə, “Azadlıq radiosu” öz siyasi mövqeyinə görə ədalətsizliyinə davam edir. Günah onlarda deyil, təbii ki, yazarlardadır. Bu, ədəbi müsabiqə deyil, siyasi müsabiqədir”.

AzVision.az


Teqlər:  





Xəbər lenti