İlin hərbi yekunları – Ədalət Verdiyevin siyahısı

// Bir gözümüz Xankəndiyə baxır, bir gözümüz Zəngəzura...

   İlin hərbi yekunları –    Ədalət Verdiyevin siyahısı
  31 Dekabr 2022    Oxunub:15485
3-cü ildir ki, Dünya Azərbaycanlıları Həmrəylik Gününü və Yeni İl bayramını qalib xalq kimi qarşılayır. Bu Qələbənin memarı Ali Baş Komandan, əsas qəhrəmanları isə Azərbaycan Silahlı Qüvvələrində xidmət edən igidlərimiz oldu. Tarixi Qələbənin ən ağır yükünü isə şəhidlərimiz, əlillərimiz və veteranlarımız daşıdı. Allah Vətən uğrunda canından keçən bütün şəhidlərimizə rəhmət eləsin, qalan döyüşçülərimizə can sağlığı versin.
Hər iki bayram münasibətilə Ali Baş Komandanımızı, şəhid ailələri başda olmaqla o taylı-bu taylı bütün azərbaycanlıları, dostlarımızı və müttəfiqlərimizi təbrik edirəm. Bütün Türk Dünyasına və müttəfiqlərimizə 2023-cü ildə yeni müvəffəqiyyətlər və firavanlıq arzu edirəm.

Başa çatmaqda olan il Azərbaycanımız üçün 2020-ci ildən sonra ən uğurlu il oldu. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Silahlı Qüvvələrimizin əldə etdiyi nailiyyətlər və digər əhəmiyyətli hadisələr qısaca olaraq aşağıdakılardır:

1. Fərrux əməliyyatı;
2. Sarıbaba və Qırxqız əməliyyatları;
3. Buzdux əməliyyatı;
4. Laçın şəhərinin, Sus və Zabux kəndlərinin azad edilməsi;
5. Laçında Azərbaycan Prezidenti tərəfindən Bayrağımızın qaldırılması;
6. Sentyabrda "Qətiyyətli cavab" əməliyyatı, 11 stratei yüksəkliyin və 74 döyüş mövqeyinin 10 saatda düşməndən təmizlənməsi;
7. Tarixi torpaqlarımıza geniş nəzarət imkanlarının əldə edilməsi;
8. Şərqi Zəngəzurda geniş hərbi və mülki infrastruktur layihələri;
9. Düşmənin mümkün təxribalarını və manevrlərini məhdudlaşdırmaq üçün zəruri ərazi və yüksəkliklərdə bölmələrin (silahların) yerləşdirilməsi;
10. ATƏT-in Minsk qrupunun birdəfəlik dəfn olunması;
11. Ermənizmin dayaqlarının sarsıdılması, "Böyük Ermənistan" ideyasının və "Qarabağın statusu" məsələsinin gündəmdən çıxarılması prosesinin başa çatdırılması;
12. İranın və Fransanın anladıqları dildə layiq olduqları cavabın verilməsi;
13. Azərbaycan XTQ-sinin dunya sıralamasında ilk pillələrdə yerini qoruması;
14. Türkiyə ilə hərbi, hərbi-texniki və digər sahələrdə birgə əməkdaşlığın genişləndirilməsi;
15. "Şuşa Bəyannaməsi"nin praktik tətbiqi;
16. Türkiyənin müdafiə sənayesinin aparıcı şirkətlərinin Azərbaycanda fəaliyyətə başlamaları (“Qarabağ” ordenli Səlcuk və Haluk Bayraktar qardaşları Qarabağ iqtisadi rayonunu, daha konkret desək, Ağdam rayonununda yerləşən Sənaye Parkını da seçə bilərlər);
17. Ermənistanla əvvəllər əməkdaşlıq edən ölkələr ilə yaxın əlaqələrin yaradılması;
18. Azad olunan ərazilərə "Böyük Qayıdış"ın başlaması;
19. Şəhid ailələrinin və əlillərin daim diqqət mərkəzində saxlanılması;
20. Türk ordu modelinə keçidin uğurla davam etdirilməsi;
21. Dövlət və sərhəd təhlükəsizliyinin prioritet olaraq qalması;
22. Müdafiə və Təhlükəsizlik xərclərinin davamlı artırılması;
23. Komando hissələrinin çoxalması;
24. Şərqi Zəngəzurda yerləşən hərbi hissələrin müasir infrastrukturla təminatının sürətlənməsi;
25. Mülki fəalllarımızın milli maraqlar və ekologiyamız uğrunda Əsgərimizə layiq davranışları və s.

Vətən müharibəsindən sonra həm müharibədən sonrakı döyüş potensialını bərpa edən, həm on minlərlə hərbçini mürəkkəb iqlim və relyef şəraitində yeni mövqelərə yerləşdirən, həm düşmən tərəfindən dağıdılmış ərazilərimizi bərpa edən, həm də minatəmizləməyə böyük vəsait xərcləyən Azərbaycanımız üçün cəmi 1 il ərzində sadalananları həyata keçirmək kifayət qədər böyük uğurdur. Amma hədəflərimiz daim yenilənir. Bir gözümüz Xankəndində, bir gözümüz isə tarixi torpaqlarımız olan Zəngəzur və İrəvandadır.

Bu hədəflər üçün ilk növbədə özümüzdə inam, qətiyyət və iradə tapmalıyıq. Daim Ali Baş Komandanın və Silahlı Qüvvələrimizin yanında olmalıyıq. Müharibədə bizi qalib xalq edən bu faktorlar oldu. Bu yolumuza davam edəcəyimiz təqdirdə Zəngəzur da, Göycə də, İrəvan da özü bizi qucaqlayacaq!

Bayramlarınız mübarək!

Ədalət Verdiyev,
hərbi ekspert
AzVision.az



Teqlər: İlin-yekunları  





Xəbər lenti