Rövnəq Abdullayev ev payladı

Rövnəq Abdullayev ev payladı
  13 May 2014    Oxunub:1219
Mayın 13-də ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev və Şirkət rəhbərliyinin nümayəndələri Bakının Xətai rayonu, A.İsmayılov küçəsindəki 1152-ci məhəllədə tikilmiş 8 bloklu 303 mənzilli yeni yaşayış binasında ev almış neftçilərə orderlərin təqdim olunma mərasimində iştirak ediblər.
ARDNŞ-dən AzVision.az-a verilən məlumatda bildirilir ki, ARDNŞ bu gün respublikamızda öz əməkdaşlarını növbəlilik əsasında mənzillərlə təmin edən yeganə şirkətdir və bu məqsədlə 2010-cu ildən “Neftçi” mənzil-tikinti kooperativi yaradılıb. 2007-2013-cü illər ərzində 1744 neftçi ailəsi ARDNŞ tərəfindən mənzillə təmin olunub. Bu gün ARDNŞ üzrə 4454 nəfər işçi mənzil uçotundadır ki, onların da 4006 nəfəri Bakıda, 448 nəfəri isə müxtəlif rayonlarda yaşayır. Hazırda Lökbatan və Sahil qəsəbələrində ümumilikdə 499 mənzilli 2 yeni yaşayış binasının tikintisi başa çatmaq üzrədir. Eyni zamanda Bibiheybət ərazisində 1000-dən artıq ailənin mənzillə təmin olunması üçün yeni yaşayış kompleksinin tikilməsi məqsədi ilə hazırlıq işləri aparılır.

Vurğulanıb ki, bu gün istifadəyə verilən 8 bloklu yeni yaşayış binası 12 mərtəbədən, mansarddan və 303 mənzildən ibarətdir. Bina su, elektrik xətti və təbii qazla təchiz edilib. Tam təmirli mənzillər mətbəx mebeli, giriş mebeli və qaz plitələri ilə təmin olunmuş, binanın həyətində istirahət guşəsi yaradılmış, ətraf abadlaşdırılıb.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin tərəqqi və inkişaf strategiyasının Azərbaycana möhtəşəm qələbələr bəxş etdiyini söyləyən ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev qeyd edib ki, Şirkətin idarə və müəssisələrində çalışan işçilərin sosial problemlərinin həlli hər zaman diqqət mərkəzində olan məsələlərdəndir və bu sahədə mühüm sosial proqramlar həyata keçirilir. Belə ki, 2012-ci ildən ARDNŞ əməkdaşlarının tibbi sığortasına başlanılıb, 2013-cü ildən etibarən isə neft sənayesi veteranları və təqaüdçülər sığorta olunublar. Proqram çərçivəsində şirkət əməkdaşlarının ailə üzvlərinə də güzəştlər tətbiq edilir. Ehtiyacı olan əməkdaşlara Şirkət tərəfindən maddi yardımlar göstərilir. 2010-2013-cü illər ərzində neftçilərə 5 milyon manatdan artıq həcmdə maddi yardım edilmişdir. Hər il neftçilər və onların ailə üzvlərinin müxtəlif istirahət mərkəzlərində yay istirahəti güzəştli şərtlərlə həyata keçirilir. Təkcə 2013-cü ildə 12 mindən artıq neftçinin və onların ailə üzvlərinin istirahəti təşkil olunub. Eyni zamanda ehtiyacı olan 1200 nəfər də sanitar-kurort müalicə mərkəzlərinə göndərilib. ARDNŞ-nin prezidenti neftçilərin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin bundan sonra da davam etdiriləcəyini bildirib.

Daha sonra Rövnəq Abdullayev yeni binanın rəmzi qırmızı lentini kəsərək, burada mənzil alan neftçilərə order və açarları təqdim edib, onlara yeni mənzillərində firavan həyat arzulayıb. Yeni binanın sakinləri adından çıxış edən neftçilər onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və ARDNŞ rəhbərliyinə minnətdarlıqlarını ifadə edib.

AzVision.az


Teqlər:





Xəbər lenti