Ceyhun Bayramov: "Ermənistan hələ də öhdəliklərini yerinə yetirmir"

      Ceyhun Bayramov:    "Ermənistan hələ də öhdəliklərini yerinə yetirmir"
  28 Noyabr 2022    Oxunub:362
Bu gün xarici işlər naziri Ceyhun Bayramov ilə ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Riker arasında görüş keçirilib.
Xarici İşlər Nazirliyindən AzVision.az -a verilən xəbərə görə, görüş zamanı, Azərbaycan-Ermənistan normallaşma prosesi, Vaşinqton görüşü də daxil sülh müqaviləsinin elementləri üzrə aparılan ikitərəfli danışıqlar və bundan irəli gələn məsələlər, kommunikasiyaların açılması və delimitasiya prosesi üzrə cari vəziyyət müzakirə olunub.

Nazir Ceyhun Bayramov üçtərəfli bəyanat çərçivəsində Ermənistanın hələ də öhdəliklərini yerinə yetirmədiyini, qüvvələrini Azərbaycan ərazilərindən tam çıxarmadığını, mina təhdidlərini davam etdirdiyini, öhdəliklərə zidd olaraq Laçın yolundan hərbi məqsədlər üçün istifadə olunduğunu diqqətə çatdırıb. O, qeyd edilən destruktiv addımların qarşısının alınmasının vacib olduğunu vurğulayıb. Nazir eyni zamanda, Qarabağda yaşayan erməni sakinlərin reinteqrasiyası məsələsi üzrə ölkəmizin baxışları barədə qarşı tərəfə məlumat verib.



Filip Riker ABŞ tərəfinin normallaşma prosesinə bütün vasitələrlə dəstək verməyə hazır olduğunu bildirib. O, sülh müqaviləsinin elementləri üzrə aparılan danışıqların əhəmiyyət daşıdığını, bölgədə sülh və əmin-amanlığın təmin edilməsinin zəruri olduğunu diqqətə çatdırıb.

Tərəflər, həmçinin ikitərəfli əməkdaşlıq gündəliyinin müxtəlif aspektləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

AzVision.az

Teqlər:







Xəbər lenti