Su hövzələrinin çirklənməsində antropogen amillər
Bu da bir faktdır ki, Xəzərə daxil olan tullantı sularının 60 %-i Volqa çayının payına düşür. Xəzər sularının çirklənməsində Kür və Ural çayları da az rol oynamır. Ermənistan və Gürcüstan ərazisində formalaşan kommunal və sənaye tullantı suları Kür çayı vasitəsilə Xəzərə daxil olur. Xəzər dənizi sahillərində yerləşən Bakı, Sumqayıt, Mahaçqala, Həştərxan, Türkmənbaşı, Rəşt və Ənzəli şəhərlərindən dənizə axıdılan tullantı suları onun əsas çirkləndiricilərindən hesab edilir.
Ekoloji problemin səbəbləri dənizdə karbohidrogen ehtiyatlarının axtarışı, hasilatı və nəqli zamanı ekoloji tələblərin gözlənilməməsi, sənaye tullantıları, çay suları ilə dənizə müxtəlif çirkləndirici maddələrin gətirilməsi, məişət tullantı sularının təmizlənmədən Xəzər dənizinə axıdılması, üzən vasitələrdən tullantılar, kənd təsərrüfatında istifadə olunan gübrələrin yağıntı və suvarma suları ilə yuyularaq çaylar-kanallar vasitəsilə dənizə axması və s. ilə bağlıdır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsində və onun sahil zolağında fəaliyyət göstərən müəssisə və təşkilatlarda, obyektlərdə, üzən vasitələrdə, sahilboyu ərazilərdən dənizə olan axarlarda həyata keçirilmiş ekoloji monitorinqlər zamanı Xəzər dənizinə tökülən 128 axar qeydə alınıb.
Bu gün Xəzərin əsas problemlərindən biri suyun səviyyəsi ilə bağlıdır. 2005-ci ildən etibarən Xəzər dənizinin səviyyəsi enməyə başlayıb. Həmin vaxtdan etibarən dənizin səviyyəsi müntəzəm enir. Dənizin səviyyəsi 2005-ci illə müqayisədə 1,19 metr aşağı düşüb. Yəni ən çox enmə 30 santimetr olmaqla 2021-ci ildə qeydə alınıb. Son 5 ildə Xəzər dənizində suyun aşağı enməsi prosesi daha da intensivləşib ki, bu da iqlimdə baş verən dəyişikliklər, quraqlıqla əlaqələndirilir.
Mütəxəssislərin sözlərinə görə, su çatışmazlığı yaxın 2-3 il ərzində özünü daha kəskin büruzə verəcək. 2050-ci ildən sonra Xəzərdə suyun səviyyəsinin artması proqnozlaşdırılır.
Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev deyib ki, son 20 ildə Xəzərdə suyun səviyyəsinin düşməsi bizi çox narahat edir. Burada iqlim dəyişmələri əsas amildir. Ancaq digər amillər da var. Tələbat, əhali artıb: "Bizim məqsədimiz bu istehlakın daha səmərəli, daha ağıllı formada idarə olunmasıdır. Vətəndaşlar da, istehlakçılar da suya münasibətdə məsuliyyətli olmalıdırlar".
Bildirilir ki, Azərbaycanda Xəzər dənizinin ətraf mühitə mənfi təsirlərini minimuma endirmək üçün ardıcıl tədbirlər görülür. Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində ekoloji vəziyyətin qiymətləndirilməsi məqsədilə işlər davam etdirilir, dənizin bioloji ehtiyatlarının və hidroloji vəziyyətinin öyrənilməsi və ətraf mühitə mümkün neqativ təsirlərin müəyyənləşdirilməsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Əlif Hacıyev" elmi-tədqiqat gəmisi ilə mütəmadi ekspedisiyalar keçirir.
Mehman Axundov deyib ki, Xəzərin səviyyəsinin dəyişməsi fonunda onun canlı aləmi də dəyişikliyə məruz qalır. Belə ki, səviyyənin enməsi balıqların yerlərini itirməsinə, ümumiyyətlə, balıq ehtiyatının azalmasına gətirib çıxarır. Balıqların sayının azalmasının əsas səbəbləri sırasında brokonyerlik və suyun çirkli olması göstərilsə də, son illər çirklənmənin rolu olmadığı deyilir. Qeyd edilir ki, iqlim dəyişmələri ilə əlaqədar dənizdə suyun temperaturunun artması onların populyasiyasına təsir göstərir və onlar digər areallara doğru miqrasiya edirlər. Bunlar isə sırf iqlim faktorlarıdır.
Mehman Axundov qeyd edib ki, Xəzərdəki balıq populyasiyasının azalması birbaşa iqlim dəyişikliyi və temperaturla əlaqədardır. Anomal istilik Xəzər regionunda biomüxtəlifliyin azalmasına səbəb olur: "Bununla əlaqədar olaraq, balıqların təbii çoxalmasına şərait yaratmaq və biomüxtəlifliyə mənfi təzyiqi azaltmaq məqsədilə Xəzər dənizinə axan çaylarda suyun alınmasını optimallaşdırmağa və su-elektrik stansiyaları üçün bəndlərin tikintisini dayandırmağa çağırırıq. Əks halda, Xəzərdə Aral dənizinin yoxa çıxmasına bənzər ssenari baş verə bilər".
Xəzər dənizinin öyrənilməsi istiqamətində müxtəlif ölkələrin alimləri tərəfindən araşdırmalar bu gün də davam edir.
Qloballaşan Dünyaya İnteqrasiya İctmai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Bakı və rayonlarda Xəzər sahillərinin və digər su hövzələrinin monitorinqi” layihəsini həyata keçirir. Bu yazı layihə çərçivəsində təqdim edilir.
AzVision.az
Teqlər: Xəzər Biomütəliflik