Futbol toplarını qadınlar hazırlayırmış - Maraqlı faktlar

   Futbol toplarını qadınlar hazırlayırmış -    Maraqlı faktlar
  23 Noyabr 2022    Oxunub:1466
Noyabrın 20-də Qətərin Əl Xor şəhərində futbol üzrə 22-ci dünya çempionatının təntənəli açılış mərasimi oldu. Qətər ilk dəfədir ki, belə bir yarışmaya ev sahibliyi edir. Çempionatda 31 ən güclü komanda və meydan sahiblərinin iştirakı ilə dünyanın ən güclüsü müəyyən olunacaq. Mundialda ümumilikdə 64 qarşılaşma keçiriləcək. 32 komanda hərəsində 4 yığma olmaqla 8 qrupda mübarizə aparacaq.
Futbolun dünya gündəmini zəbt etdiyi belə bir vaxtda AzVision.az diqqəti çempionatda istifadə olunan toplara çəkib. "Bloomberg"in məlumatına görə, dünyadakı futbol toplarının təxminən 70 faizi Pakistanda, əsasən əl işi əsasında istehsal olunur. Pəncabın Sialkot şəhərindəki fabrik həmçinin 22-ci dünya çempionatında istifadə edilən Adidas brendinin rəsmi toplarının istehsalına cavabdehdir.

Ölkənin aparıcı sənaye zonalarından biri olan şəhərdə yerləşən fabrikdə təxminən 60 min insan çalışır. Bu, şəhər əhalisinin 8 faizi deməkdir.

1000-ə yaxın fabrikin yerləşdiyi şəhərin emalatxanalarında istehsal edilən topların 80 faizində əl işlərindən istifadə edilir. Bu şəkildə tikilmiş toplar maşın istehsalı olanlarla müqayisədə daha davamlıdır və daha yüksək aerodinamik sabitliyə malikdir.

"Anwar Khawaja Industries" fabrikində tikiş əməliyyatlarına cavabdeh olan işçilər hazırladıqları top üçün 160 Pakistan rupisi alırlar.

Gündə üç top tikən işçi ayda 9600 rupi qazanır. Bloomberg-ə görə, şəhərdə yaşamaq üçün aylıq maaş 20 min rupi civarındadır.

Fabrikdə topların tikilməsi ilə adətən qadın işçilər məşğul olur. Səhər fabrikə gələn qadınlar iki top tikəndən sonra evə qayıdır və uşaqları üçün yemək hazırlayırlar. Onlar günorta yenidən işlərinə davam edirlər.

Kişi işçilər adətən keyfiyyətə nəzarət və ya material istehsalı şöbələrində işləyirlər.

Bloomberg-in hesabatına görə, 1997-ci ildə əmək qanunları qəbul olunmazdan əvvəl hətta 5 yaşlı uşaqlar da ailələri ilə birlikdə fabrikdə çalışırdılar.

Şahanə Rəhimli

AzVision.az


Teqlər:





Xəbər lenti