Beynimiz yalana niyə inanır?

Beynimiz yalana niyə inanır?
  06 Noyabr 2022    Oxunub:1273
Hər kəsin mütləq inandığı bir və ya çox yalan var. Mütəxəssislər bidirir ki, inanclarımıza və düşüncələrimiza uyğun gələn yalanlara inanmaq həqiqətə inanmaqdan daha asandır. Üstəlik məlumatın yanlış olduğunu öyrənsək də, inandığımız yalanlar bizə təsir etməyə davam edir.
İstər fərdi, istərsə də sosial olaraq qəbul etdiyimiz hər bir qərarı dəqiq məlumat əsasında verməyə çalışırıq. Lakin şübhələrimiz və meyllərimiz bizi yalanlara və dezinformasiyaya qarşı həssas edir. Biz də yalana inanmağa davam edirik və həqiqəti öyrənəndə belə yalan məlumatları xatırlayırıq.

Northwestern Universitetinin kommunikasiya tədqiqatları üzrə professoru Nathan Uolter deyir: “Dezinformasiya hər səviyyədəhəqiqəti üstələyir”.

O qeyd edir ki, dezinformasiya və ya yalan insanın siyasi baxışına, dini inancına və ya sosial mövqeyinə uyğun gələrsə, o qalıcı olur. Əgər bir insan siyasi və dini səbəblərdən yalana inanırsa, o yalan məlumatı dəyişdirmək və ya onu həqiqətə inandırmaq çox çətindir.

Üstəlik, araşdırmaya görə, yanlış məlumatı düzəltməyə çalışmaq da bu dezinformasiyanın güclənməsinə səbəb ola bilər.

Eyni zamanda, bir şeyin təkrarlandığını nə qədər çox görsək, onun doğru olduğuna bir o qədər inanırıq. Buna "aldadıcı gerçək effekti" deyilir.

Dəfələrlə təkrarlanan məlumat anlama asanlığını təmin edir. Asan başa düşülən məlumat qısaca “həqiqətə gedən qısa yol” kimi qəbul edilir. Məlumatın yalan olub-olmamasından asılı olmayaraq, bir şey nə qədər çox təkrarlanırsa, insana bir o qədər dəqiq və tanış hiss olur.

Purdue Universitetindən Nadia Braşier deyir: "Adətən, iddianın yalnız bir faktiki əsası olduqda, bu məlumatı manipulyasiya etməyin sonsuz sayda yolu var. Araşdırma göstərir ki, saxta xəbərlərə bir dəfə məruz qalma belə, onu gerçəkləşdirmək üçün kifayətdir.

Həmçinin ekspertlər deyirlər ki, biz dünyagörüşümüzə və ya sosial kimliyimizə uyğun gələn yalan məlumatlara daha çox inanırıq. Yəni, yalan da olsa, inandığımıza uyğun olan məlumatları qəbul edə bilirik.

Digər tərəfdən, yalan məlumatları olan hekayələri başa düşmək real statistikadan daha asan və daha cəlbedicidir. Uolter bildirir ki, biz rəqəmlər, imkanlar və risk faktorlarının yeni dünyasında gəzirik. Amma istifadə etdiyimiz beyin çox "köhnədir”.

Yanlış məlumat eşitdiyimiz zaman həqiqəti bilmək istəsək belə, kökünü kəsmək çətindir. Çoxsaylı araşdırmalar göstərir ki, yanlış məlumatla bağlı düzəliş alsaq və düzəlişin düzgün olduğuna inansaq belə, dezinformasiya yenə də düşüncəmizə təsir edə bilər. Bu, “davamlı təsir effekti” adlanan bir fenomendir.

6500-dən çox insanın iştirak etdiyi 32 araşdırmanın nəticələrini birləşdirən təhlildə Uolter müəyyən edib ki, səhvləri düzəltmək yalanın təsirini azaldır, lakin onu tamamilə aradan qaldırmır.

Çünki həm yalan məlumat, həm də doğru məlumat beynimizdə mövcud olmağa davam edir və hər ikisi yadda qalmaq üçün bir-biri ilə yarışır. Levandovski və həmkarları tərəfindən aparılan tədqiqatlar göstərir ki, beynimizi həm orijinal yalanı, həm də düzgün məlumatı depolayır. O deyir: "Bir şeyi dinləmək, anlamaq və eyni zamanda ona inanmamaq idrak baxımından demək olar ki, qeyri-mümkün görünür".

Mütəxəssislərin fikrincə, yaddaşımızdakı düzgün məlumatlar zamanla öz təsirini itirə bilər və beynimiz yenidən yanlış məlumatı bizə təqdim edə bilər.

Hazırladı:Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti