6 itkindən birinin anası: "Şəhid ailəsi itkin ailəsindən xoşbəxtdir..." - VİDEO

// "Həyata gözümü yumana qədər oğlumun yaşadığına ümid bəsləyəcəyəm"

 6 itkindən birinin anası:   "Şəhid ailəsi itkin ailəsindən xoşbəxtdir..." -  VİDEO
  18 Oktyabr 2022    Oxunub:5093
Vətən müharibəsində itkin düşmüş 6 şəxsdən biri Aydın Zakir oğlu Feyzullayevdir. O, 1995-ci ildə Bakıda doğulub. Ailədə bir bacı, bir qardaş olublar. Aydın həqiqi hərbi xidmətini Goranboy rayonunda keçib. Hərbi xidmətini başa vurduqdan sonra ailəsinin yanına qayıdaraq Bakıda restoranlardan birində aşpaz işləyib.
Ailəsi sonuncu dəfə Aydını sentyabrın 24-də görüb. Hər şey elə sürətlə baş verib ki, onlar oğulları ilə heç sağollaşmağa macal tapmayıblar.



İtkinin atası Zakir Feyzullayev: - Sentyabrda qismən səfərbərlik elan olundu. Oğlumu da hərbi komissarlığa çağırdılar. Sentyabrın 24-ü, saat 10-da getdi. O zaman mən də, anası da işdə idik. Zəng etdi ki, “ata, bizi aparırlar”. Bir həftə təlimdə oldu. Ondan sonrakı zəngində bildirdi ki, Füzuliyə çatıblar. Müharibənin ilk günündən döyüşlərə qatıldılar. Sentyabrın 30-na kimi hər gün danışırdıq, əlaqəmiz vardı. Axrıncı dəfə ayın 30-u zəngləşdik. Hücuma keçəcəkdilər, əmr gəlmişdi. Mənimlə, anası və bacısı ilə söhbət etdi. Hər şeyin yaxşı olacağını dedi. Mən də ondan xahiş etdim ki, imkan olan kimi zəng vursun ki, nigaran qalmayaq.


Bu, ailənin Aydınla sonuncu danışığı olur. Daha bir neçə gün keçir, amma ondan zəng gəlmir. Atası Zakir bəy və anası Aybəniz xanımın nigaranlığı günü-gündən artır. Oğlanlarına edilən zənglər isə cavabsız qalır. Beləliklə, narahat ata Füzuliyə üz tutur.

- Oktyabrın 15-i Füzuliyə getdim, onların batalyonunu tapdım. Vəziyyət çox pis idi. Göydən bomba yağış kimi tökülürdü. Əsgərlər yuxusuz, gərgin idilər. Döyüşdən qayıdıb 2-3 saat dincəlib, yenidən hücuma keçirdilər. Elə bir vəziyyət idi ki, yaxınlaşıb soruşurdun, deyirdilər, “əmi, görməmişik, 2 saatlıq gəlmişik”. Sanki belə bir adam olmayıb.


Hücum zamanı komandiri də şəhid olmuşdu. Yerdə qalan əsgərlər isə Aydını tanımırdılar. O qədər vuruşmuşdular ki, heç özlərini tanıyacaq halda deyildilər. Məqsədləri yalnız irəli getmək idi. Əsgərlər danışırdılar ki, hücumdan qayıdandan sonra Aydını tapa bilməyiblər. Düzənlik ərazidir də, hər yan minalanmışdı. Bəlkə, minaya düşüb və ya əsir götürülüb?

Azərbaycan hökuməti dəfələrlə Ermənistanla danışıqlar aparıb, bildirib ki, itkinimiz var. Amma onlardan da müsbət cavab ala bilməmişik.
Əli hər yerdən üzülən ata bununla bağlı dövlət qurumlarına, Beynəlxalq Qızıl Xaç Komitəsinə müraciət edir. Ancaq övladından kiçik iz belə tapa bilmir.

- İndi bir az düzəlmişəm. Əvvəllər Aydınla bağlı heç danışa da bilmirdim. Adı gələndə halım pisləşirdi. Əlimizdən nə gəlir? Vətən sağ olsun. Şəhid olubsa, meyiti gəlsin, sağdırsa sağ gəlsin. Allaha sığınmışıq ki, sağ qayıtsın. Şəhid xəbərini eşitməyə də hazır deyilik.
Hərdən düşünürəm, bəlkə əsirdir, bir qurtum suya ehtiyacı var? Allaha dua edir ki, əsirlikdən qurtulsun? Cəmi bir dəfə yuxuda öldüyünü gördüm. Daha yuxuma gəlmədi. Anası tez-tez yuxusunda görür ki, küskündür, deyir, “ana, məni axtarmırsınız”.


Aydının arzuları çox idi. Sevdiyi qız varmış. Ev almaq, evlənmək, oğul-uşaq sahibi olmaq istəyirmiş.

Anası Aybəniz xanım: - Ağıllı bala idi. Hamının hörmətini qazanmışdı. Böyüklə böyük, kiçiklə kiçik idi. Sakit insan idi. Bir dəfə görmədim ki, qapını döyüb şikayət etsinlər. Heç qorxmazdı. Sentyabrın 28-i evə zəng edəndə dedi, "ana, Şuşanı alacağıq". Dedim, bu nə danışır, heç Füzulini azad etməyiblər, oğlum Şuşadan danışır. Həvəslə danışırdı.


Birinci ili lap pis idik. Fikirləşirdim ki, bu gün-sabah tapılar. Vaxt uzandıqca onun yerini susqunluq aldı. Ölüsünü görməmişik, necə deyim ki, şəhid olub? Yatanda da, evə zəng gələndə də fikirləşirik ki, birdən Aydından xəbər olar. Yarası qaysaqlamır. Hər əsir mübadiləsi olanda ürəyimiz çırpınır ki, görəsən, Aydın aralarındadır? Bizi həyatda ayaqda saxlayan ümiddir. Deyirik ki, sabah gələcək.


Aydının adı bacısnın yeni doğulan oğluna qoyulub. Ailə Aydının yoxluğuna bununla təskinlik tapır.

Aybəniz Xanım: - İşdən gəlirdi, hamını öpürdü. Tayı-bərabəri yox idi. Şəhid ailələri itkin ailələrindən xoşbəxtdir. Heç olmasa bir məzara gedib ürəklərini boşalda bilirlər. Mən isə oğlumun görünüşünü, səsini tez-tez xatırlamağa çalışıram ki, unutmayım.
O, müharibəyə gedəndə işdə idik deyə, heç sağollaşa bilmədik. Bu iki ilin ağrısını mən yaşamışam, mən bilirəm. Çox çətindir.
Ölənə kimi gözləyəcəyəm. Mən onun ölümünə inana bilmərəm. Nə bədənindən bir parça, nə də əşyasından, paltarından heç nə tapılmayıb. Ona görə də bu həyata gözümü yumana qədər oğlumun yaşadığına ümid bəsləyəcəyəm. Əşyalarını, ona aid hər şeyi saxlayıram. Onlara baxa bilmirəm. Ürəyim gəlmir. Ətrini saxlayıram. Həyatda ən ağır şey insan və bala itkisidir. Aydının sevgisini indi onun adını daşıyan nəvəmdə axtarıram.























Şahanə Rəhimli
FOTO-VİDEO: Əhməd Xəlilov
AzVision.az


Teqlər:





Xəbər lenti