Pakistan Milli Bankının Bakı Filialının lisenziyası könüllü ləğv olunub

Pakistan Milli Bankının Bakı Filialının lisenziyası könüllü ləğv olunub
  13 Oktyabr 2022    Oxunub:2587
Azərbaycan Mərkəzi Bankı “Banklar haqqında” qanunun 16.1.2-ci və 17.3-cü maddələrini rəhbər tutaraq, Pakistan Milli Bankının müraciəti əsasında onun Bakı Filialına verilmiş 30 iyun 2005-ci il tarixli bank lisenziyasını ləğv edib.
AzVision.az bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, bu qərar Pakistan Milli Bankının Orta Asiya və Azərbaycan maliyyə bazarlarından çıxış üzrə kommersiya strategiyası çərçivəsində qəbul edilmiş qərardan irəli gəlib.

Mərkəzi Bank tərəfindən Pakistan Milli Bankının Bakı Filialının lisenziyasının könüllü ləğvinə dair qərar qəbul edilərkən Filialın ləğvetmə planı və təqdim edilmiş maliyyə hesabatları əsasında öhdəliklərinin icrası imkanlarının olması nəzərə alınmışdır. Belə ki, 30.09.2022-ci il tarixinə Filialın likvid aktivləri (6,7 mln. manat) cəmi öhdəliklərini (0,5 mln. manat) dəfələrlə üstələyir.

Filialın ləğvedicisi (Filialın Baş Meneceri Sheikh Ahtsham Ahmed) Azərbaycan Respublikasının qanunvericiliyinə və Filialın ləğvetmə planına müvafiq olaraq könüllü ləğv prosesini, o cümlədən kreditorları qarşısında öhdəliklərinin icrasını həyata keçirəcəkdir. Mərkəzi Bank qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri daxilində ləğvetmə prosesi üzrə nəzarət edəcəkdir.

Pakistan Milli Bankı da Bakı Filialının könüllü ləğv edilməsi barədə bəyanat yayıb.

Bəyanatda bildirilir:

"Pakistan Milli Bankının müraciəti əsasında Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 11 oktyabr 2022-ci il tarixli Qərarı ilə Pakistan Milli Bankının Bakı Filialına (Filial) verilmiş 30 iyun 2005-ci il tarixli 248 nömrəli bank lisenziyası ləğv edilib. Filial, 2005-ci ildən etibarən öz müştərilərinə bank xidmətləri təqdim etməklə yanaşı, Azərbaycan Respublikası və Pakistan İslam Respublikası arasında iqtisadi münasibətlərin genişləndirilməsinə öz töhfəsini verib. Qeyd olunmalıdır ki, ana bankımız olan Pakistan Milli Bankının müvafiq qərarı təkcə Bakı Filialı ilə əlaqədar deyil, həm də Orta Asiya ölkələrində olan Almatı, Aşqabad, Bişkek və Düşənbə filiallarının fəaliyyətinə xitam verilməsi və bu ölkələrin maliyyə bazarlarından çıxış üzrə strateji yanaşmaya uyğun olaraq qəbul edilib. Bu strateji yanaşmadan irəli gələrək, Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq qaydada Pakistan Milli Bankı tərəfindən Filialın bank lisenziyasının ləğv edilməsi ilə bağlı Azərbaycan Respublikasının Mərkəzi Bankına müraciət ünvanlanıb. Sözügedən müraciət əsasında, yuxarıda qeyd olunduğu kimi, Filialın bank lisenziyası ləğv edilib.

Azərbaycan Respublikasının qanunvericiliyinə və Pakistan Milli Bankının qərarına uyğun olaraq, Filialın könüllü ləğvi müvafiq qaydada təsdiq edilmiş ləğv planına əsasən həyata keçiriləcək. Bu məqsədlə, Filialın Baş Meneceri Sheikh Ahtsham Ahmed Filialın ləğvedicisi təyin olunub. Filialın likvid aktivləri hesabat tarixinə 6.7 mln. manat olmaqla, cəmi öhdəliklərin icrasına tam imkan verir.

Filialın fəaliyyət dövrü ərzində ona hərtərəfli dəstək göstərmiş Azərbaycan Respublikasının Mərkəzi Bankına və digər dövlət qurumlarına öz dərin təşəkkürümüzü bildiririk".

AzVision.az



Teqlər:





Xəbər lenti