Beyin mərkəzlərimizi necə gücləndirmək olar?

   Beyin mərkəzlərimizi necə gücləndirmək olar?
  28 Sentyabr 2022    Oxunub:649
“Hazırda beynəlxalq siyasət “daha çox “0” məbləğlə oyun qaydalarına” qayıdır. Ukraynada müharibə, Avropada yaxınlaşmaqda olan enerji böhranı və onun doğurmaqda olduğu sosial-iqtisadi və siyasi böhran, Avrasiya regionunda konfliktliliyin artması hazırkı vəziyyəti Avropada 30 illik müharibə ilə müqayisə etməyə əsas verir. Həmin dövrdə də əsas aktorlar uzun müharibələrdən yorularaq, yeni çoxqütblü dünya nizamının formalaşdırmasının əsasını qoymuşdular”.
AzVision.az xəbər verir ki, bu sözləri Bakıda Beyin Mərkəzlərinin I Forumunda çıxışı zamanı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova deyib. O bildirib ki, köhnə oyun qaydalarının işləməmısi, yenilərinin isə hələ formalaşmaması hazırkı qlobal təlatümləri daha da həsas edir. Biz yeni çoxqütblü düyna düzəninin, təhlükəsizlik sisteminin formaşalmasının başlanğıcındayıq. Ukrayna müharibəsi fonunda artıq dünya liderləri açıq şəkildə BMT sisteminin islahatlarından danışmağa başlayıb, lakin onu hələlik yalnız Təhküsizlik Şurasının üzvlərinin sayının artırılmasında görürlər.

“Azərbaycan Prezidenti dəfələrlə öz çıxışlarında BMT islahatların zəruriliyinə toxunub, Təhlükəsizlik Şurasının qərarlarının icrasında ikili standartların aradan qaldırılmasına çağırıb. Məhz Azərbaycanın ərazi bütövlüyü ilə bağlı BMT Təhlükəsizlik Şurasının qərarlarının icra olunmaması 30 illik münaqişəni hərbi-siyasi yolla həll etməyə məcbur etdi. Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını özü təmin etdi. Bu, yəqin ki, BMT-nin yarandığı vaxtdan bu günə qədər dünyada ilk belə hal idi ”,- PA yetkilisi vurğulayıb.

Onun sözlərinə görə, Vətən Müharibəsi əslində XXI əsrdə dünya xalqlarının müasir beynəlxalq münasibətlər sistemində mövcud olan ədalətsizliyə qarşı ucalan ilk belə səsi idi. Bu, formalaşan yeni dünya quruluşunun görünən ilkin cizgiləridir.
“Ağıllı güc” Azərbaycanın əsas siyasi alətinə çevrilir – Səadət Yusifova

“Məhz beyin mərkəzləri ədalətə və hamı tərəfindən qəbul olunan yeni beynəlxalq davranış qaydalarına əsaslanan çoxqütblü dünya düzəninin konturlarını verməlidir, konseptual liderliyi geri qaytarmalıdır, “pozitiv dəyişikliklərin gücü”nə çevrilməlidir”,- deyən Səadət Yusifova bildirib ki, digər postsovet ölkələrində olduğu kimi Azərbaycanda da beyin mərkəzləri əsasən Sovet İttifaqının dağılmasından sonra formalaşmağa başlayıb. XX əsrin 90-cı illərdə beyin mərkəzlərinin formalaşmasında xarici donorlar böyük rol oynasa da, Azərbaycan dövlətinin güclənməsi və inkişafı nəticəsində dövlət tərəfindən bu sahənin inkişafına xüsusi önəm verilməyə başlamışdır. Azərbaycan Prezidentinin 2007-ci ildəki fərmanı ilə yaradılan Strateji Araşdırmalar Mərkəzi bu sahənin inkişafına təkan verib.

- Əslində son bir neçə ili Azərbaycanda beyin mərkəzlərinin bumu adlandırmaq olar,- PA yetkilisi deyib, - Bu da sözsüz ki, dövlət siyasətinin müxtəlif istiqamətləri ilə bağlı müstəqil ekspertizaya, obyektiv qiymətləndirməyə, proqnozlaşdırmaya və müvafiq həllərin təklif edilməsinə tələbatın artmasından irəli gəlir. Azərbaycandakı beyin mərkəzlərini fəaliyyəti, strukturu və maliyyə mənbələrindən asılı olaraq təsnifləşdirmək olar:
• Dövlətlə bağlı olan, qismən və ya tam dövlət tərəfindən maliyyələşdirilən publik hüquqi şəxs kimi fəaliyyət göstərən beyin mərkəzləri;
• QHT-lər kimi fəaliyyət göstərən dövlətlə işləyən, müstəqil, kvazi-müstəqil və siyasi qüvvələrə bağlılığı ilə seçilən beyin mərkəzləri;
• Universitetlər yanında beyin mərkəzləri.

Bundan başqa, onları daxili və xarici siyasətə yönəlik olmaqla iki qrupa bölmək olar. Lakin bu da şərti xarakter daşıyır. Çünki qloballaşan dünyada daxili və xarici siyasət məsələləri daim kəsişir və bir-birini tamalayır. Dövlətin daxili və xarici siyasəti ilə bağlı beyin mərkəzlərinin fəaliyyəti kompleks xarakter daşımalıdır.

Bir sıra beyin mərkəzlərinin dar ixtisaslaşması müşahidə olunsa da, onlar tərəfindən təhlillərin daha dərin və hərtərəfli aparılması üçün transdisiplinar formata keçilməsi və ya digər fəaliyyət istiqamətləri üzrə ixtisaslaşan beyin mərkəzləri ilə kooperasiyası qaçılmazdır. Sözsüz ki, bu sahədə dövlətin və digər sifarişçilərin beyin mərkəzləri qarşısında qoyduğu kompleks xarakterli suallar bu prosesi daha da sürətləndirəcək.

“ABŞ-ın Pensilvaniya Universitetinin “Global go to think tank” 2020-ci il hesabatına görə düynada 11.175 beyin mərkəzi fəaliyyət göstərir. Onlardan 20-si Azərbaycanda fəaliyyət göstərir. Müqayisə üçün qeyd edək ki, 2008-ci ildə “Global go to think tank”-in ilk hesabatında Azərbaycanda 13 beyin mərkəzinin fəaliyyət göstərməsi qeyd olunurdu. Bu rəqəmlər özlüyündə beyin mərkəzlərinin Azərbaycanda inkişafını göstərir. Lakin Azərbaycanda fəaliyyət göstərən heç də bütün beyin mərkəzləri bu qiymətləndirmə sisteminə daxil olmadığından rəqəmin daha çox olduğunu düşünürük”,- deyən Səadət Yusifova xatırladıb ki, hazırda dövlət institutları ilə sıx əməkdaşlıq edən və əsasən publik hüquqi şəxslər kimi yaradılmış bir sıra beyin mərkəzləri var:
• Beynəlxalq münasibətlərin təhlili mərkəzi
• Sosial Tədqiqatlar Mərkəzi
• İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
• Bakı Multikulturalizm Mərkəzi və s.

Eyni zamanda dövlət QHT Agentliyi, Elmin İnkişafı Fondu və digər dövlət fondları vasitəsilə bu sahəyə dəstək göstərir.

Son illər Azərbaycanda beyin mərkəzi kimi fəaliyyət göstərmək istəyən qeyri-hökumət təşkilatlarının sayı da artmaqdadır. Hazırda QHT statusunda fəaliyyət göstərən beyin mərkəzlərinin sayı 30-a yaxındır. Onlardan 20-ə yaxını dövlətlə sıx əməkdaşlıq edənlər, digər 10-a yaxını isə tam müstəqil və ya siyasi qüvvələrə bağlıdır. QHT statusunda fəaliyyət göstərən beyin mərkəzləri içərisində iqtisadiyyat və beynəlxalq münasibətlər sahəsində çalışanlar çoxluq təşkil edir.

PA yetkinlisi təəssüflə qeyd edib ki, Azərbaycandakı beyin mərkəzləri həm keyfiyyətli iş, həm də kəmiyyət baxımından Qərb ölkələrindən xeyli geridə qalır. Bu da beyin mərkəzlərinin qarşılaşdığı bir sıra problemlər ilə izah oluna bilər:
• Hüquqi statusun qeyri-müəyyənliyi: Azərbaycanda beyin mərkəzləri publik hüquqi şəxs, ictimai birlik və ya fond kimi fəaliyyət göstərir. Hətta bəzi hallarda beyin mərkəzləri MMC kimi də qeydiyyatdan keçir. Bir sıra hallarda isə beyin mərkəzi faktiki analitik sayt kimi fəaliyyət göstərirlər.
• Maliyyə problemləri: Bir çox beyin mərkəzləri sabit maliyyə resurslarına malik deyil və bu səbəbdən fəaliyyətini geniş şəkildə təşkil edə bilmir. Bir çox beyin mərkəzləri faktiki qurumun rəhbərindən ibarətdir, yalnız yeni layihəyə maliyyə vəsaiti alındıqda onun icrasına müddətli köməkçilər cəlb edilir.
• Kadr problemi və mediada təqdimat problemi (“one man show” problemi): Bir çox hallarda beyin mərkəzlərinin rəhbəri ayrılıqda ekspert qismində olduqca aktivdir: TV-lərdə tez-tez çıxış edir, məqalə və statuslar yazırlar. Lakin rəhbərlik etdiyi beyin mərkəzinin tədqiqat məhsulları haqqında məlumat olduqca azdır. Analitik verilişlərdə onlar hansısa mərkəzin rəhbəri kimi yox, sadəcə ekspert, politoloq, siyasi şərhçi kimi təqdim edilir. Halbuki Qərb ölkələrində beyin mərkəzinin məhsulu dedikdə, ən azı bir neçə ekspertin birgə məhsulu nəzərdə tutulur. Bundan başqa, maliyyə, gələcək karyera perspektivi və publik təqdimatdakı problemlər Mərkəzlərə gənc tədqiqatçıların cəlb edilməsinə mane olur.
• Sosial mediada fəaliyyət: Sosial mediada beyin mərkəzlərinin rəhbərləri mərkəzin səhifəsindən daha çox öz şəxsi səhifələrində fəaliyyət göstərir. Çıxışlarını, məqalələrini orada paylaşırlar.
• Məhsullarla bağlı problemlər: Azərbaycanda beyin mərkəzləri dərin tədqiqatlardan fərqli olaraq, daha çox qısa şərhlər, müsahibələr, TV-lərə açıqlamalar verməklə, birgə bəyanatlara qoşulmaqla kifayətlənir. Halbuki, dünya təcrübəsində beyin mərkəzinin əsas məhsulu siyasi qərarların verilməsi üçün praktiki tədqiqat (research for policy) və siyasi tövsiyələr hesab olunur.
• Tanıtımla bağlı: Bir çox beyin mərkəzlərinin nəinki rəsmi veb-səhifələri, hətta sosial mediada səhifələri belə yoxdur. Mövcud səhifələrdə məlumatlar isə aylarla yenilənmir. Bu əlbəttə həmin beyin mərkəzlərinin nə qədər aktiv fəaliyyət göstərməsi sualını yaradır. Bundan başqa, beynəlxalq meydana çıxmaq və əlaqələr qurmaq üçün həmin veb-səhifələrin xarici dillərdə olması da zəruridir.

Beyin mərkəzləri vətəndaş cəmiyyətinin vacib siyasi institutlarından biri kimi cəmiyyəti və dövləti narahat edən müxtəlif məsələlər üzrə praktik həllər nəzərdə tutan araşdırmalar aparır və bununla bağlı müvafiq təklifləri dövlət və ictimaiyyətə təqdim edir.
Bu baxımdan Azərbaycanda publik hüquqi şəxslərlə yanaşı, qeyri-dövlət beyin mərkəzlərinin fəaliyyətini canlandırmaq, qərarqəbuletmə prosesinə tövhə vermək üçün beyin mərkəzlərinin şəbəkəsini və onların hər il toplantısını (Forum çərçivəsində) təşkil etmək olar. Hazırki forum məhz buna hədəflənib.

Şəbəkələşməni saxlamaq və stimullaşdırmaq üçün beyin mərkəzlərinin fəaliyyətini əks etdirən veb-sayt yaradıla bilər. Bununla beyin mərkəzlərinin fəaliyyəti barədə məlumatlar daha əlçatan ola bilər. Bundan başqa, dövlət qurumlarının rəhbər şəxsləri ilə beyin mərkəzlərinin rəhbərlərinin iştirakı ilə tematik dəyirmi masalar (xarici siyasət, iqtisadiyyat, yeni texnologiyalar və innovasiyalar, mədəniyyət, ekologiya, daxili siyasi məsələlər və s.) keçirilə bilər, qarşılıqlı əməkdaşlıq formatları və maraq doğuran mövzular müzakirə edilə bilər. Bununla beyin mərkəzlərinin “tövsiyə” funksiyası işə düşmüş olar. Dəyirmi masalar dövlət məmurlarına problemlərin həllinə dair yeni yanaşmalarla tanış olmağa, beyin mərkəzlərinə isə dövlət orqanlarında yeni əlaqələrdən və imkanlardan yararlanmağa imkan verər. Dövlət tərəfindən sırf beyin mərkəzləri üçün qrant müsabiqələrinin təşkil edilməsi bu sahədə aktivliyi artıra bilər.

Teqlər: Beyin-mərkəzləri  







Xəbər lenti