Şahmatın nəbzi Şuşada döyündü

   Şahmatın nəbzi Şuşada döyündü
  28 Sentyabr 2022    Oxunub:878
Pərvanə İsmayılova
Qızlar arasında dünya və Avropa çempionu, FİDE ustası

Vətən müharibəsindəki tarixi zəfərimizdən sonra Azərbaycanın mədəniyyət paytaxtı Şuşada təşkil edilən ilk beynəlxalq şahmat turniri ölkəmizin şahmat tarixinə qızıl hərflərlə yazıldı. Uzun onilliklərdən sonra azad edilən torpaqlarda idman müsabiqələrinin təşkili hər bir azərbaycanlı üçün qürurverici hadisə oldu.
Mədəniyyət paytaxtımızda bu tarixi “Shusha Chess 2022” tədbirinin görkəmli şairə və xeyriyyəçi xanım Xurşidbanu Natəvanın 190 illik yubileyinə həsr olunması isə böyük mənəvi əhəmiyyət daşıyırdı.

Sentyabrın 21-24-də Şuşada keçirilən beynəlxalq şahmat turniri Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyası və Şuşa şəhəri Dövlət Qoruğunun birgə təşkil etdiyi ilk uğurlu şahmat layihəsi kimi yadda qaldı. Bu vacib layihə SOCAR-ın baş sponsorluğu ilə keçirildi. Azərbaycan Beynəlxalq Bankı və “Azərxalça” turnirə dəstək verdilər.

“Shusha Chess 2022” beynəlxalq turniri kişilər və qadınlar olmaqla iki kateqoriyada keçirildi. Turnirdə hər kateqoriya üzrə 10 şahmatçı rapid və blits üzrə mübarizə apardı. Rapid minimum 10, maksimum 60 dəqiqə aralığında vaxt ərzində oynanılan sürətli şahmat oyunudur. Blits isə minimum 1, maksimum 10 dəqiqə vaxt ərzində oynanılan ən sürətli şahmat oyunudur. Lakin son illərdə ən populyar blits yarışları 3 (dəqiqə)+2 (saniyə) formatında keçirilir.

“Shusha Chess 2022” beynəlxalq turnirində ümumilikdə 9 ölkə - Azərbaycan, Türkiyə, Çin, Gürcüstan, Hindistan, İsrail, Özbəkistan, Polşa və İran şahmatçıları iştirak edirdi. İştirakçılar yetərincə tanınmış və dünya sıralamasında yüksək reytinqə sahib şahmatçılar idi. Ölkəmizi kişilər və qadınlar üzrə milli komandamızın üzvləri təmsil edirdilər. Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov, Qədir Hüseynov, Vasif Durarbəyli, Günay Məmmədzadə, Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva, Xanım Balacayeva və Gövhər Beydullayeva öz güclərini sınadılar.

Sevindirici haldır ki, “Shusha Chess 2022” turnirinin kişilər arasında qalibi Şəhriyar Məmmədyarov oldu. Vidit Santoş (Hindistan) ikinci, Parham Maqsudlu (İran) isə üçüncü pillədə yarışı bitirdi.

Təəssüf ki, qadın şahmatçılarımız ilk üçlükdən kənarda qaldılar. Gürcüstanlı Meri Arabidze birinci, Nana Dzaqnidze ikinci yerin sahibi oldu. Üçüncü pilləni isə Türkiyəli şahmatçı Kübra Öztürk Örənli tutdu.

Başda çempionumuz Şəhriyar Məmmədyarov olmaqla bütün qalibləri təbrik edirəm.

İstənilən halda Qəhərəman Azərbaycan Ordusu tərəfindən azad edilən ərazilərdə, xüsusilə Türk dünyasının mədəni paytaxtı olan Şuşada bu cür beynəlxalq tədbirlərin keçirilməsi ölkəmizdə intellektual idman növlərinin kütləviləşməsində, istedadlı idmançıların dəstəklənməsində və azad edilən ərazilərimizin beynəlxalq müstəvidə tanıdılmasında mühüm əhəmiyyət daşıyır. Hesab edirəm ki, bu təbdirlər ənənəvi xarakter almalı və gələcəkdə də daha geniş miqyasda keçirilməlidir. Şahmatda yeni dünya miqyaslı kişi və qadın idmançıların yetişdirilməsi istiqmətində fəaliyyətlərimizi genişləndirməliyik.



Teqlər: Şahmat  





Xəbər lenti