Erməni valideynlər müharibənin ildönümündə aksiya keçirirlər

   Erməni valideynlər müharibənin ildönümündə aksiya keçirirlər
  27 Sentyabr 2022    Oxunub:566
Bu gün İkinci Qarabağ müharibəsinin ildönümüdür. Azərbaycanda anım tədbirləri qələbə ab-havasında təşkil olunsa da, İrəvanda 44 günlük müharibənin başlanmasının ildönümü etiraz aksiyaları, narazı bəyanatlarla keçirilir.
Məsələn, müharibədə öldürülmüş hərbçilərin valideynləri gecə saatlarından başlayaraq Yerablur hərbi panteonuna toplaşıblar. Aksiya iştirakçıları Ermənistan hökumətini təmsil edən nümayəndə heyətinin hərbi panteona səfərinin qarşısını almaq niyyətindədirlər.

Həlak olan hərbçilərin yaxınları ilə yanaşı səhər satlarında onların çağırışına cavab verən vətəndaşlar da Yerablur hərbi panteonuna toplaşmağa başlayıblar. Aksiyada iştirak edənlər arasında “Şərəfim var” fraksiyasının deputatları və "Respublika Partiyası"nın nümayəndələri də olub.

İtkin hərbçilərin yaxınları İrəvanda aksiya keçirirlər
Hərbçilərdən birinin atası Qarik Qaleyan deyib: "Bütün ermənilər, xüsusən də biz valideynlər burada olmalıyıq. Bu gün (27 sentyabr 2020-ci il - red.) ailələrimiz məhv edildi. Bütün günü burada qalacağıq".

Onun sözlərinə görə, Ermənistan hökumətindən heç kimin həlak olmuş əsgərlərin məzarlarını ziyarət etməsinə icazə verilməməlidir.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan Fransada səfərdədir. Xatırladaq ki, 21 sentyabr - Ermənistanın Müstəqillik Günündə də valideynlər Paşinyanın səfərinin qarşısını almaq üçün panteona toplaşmışdılar. Daha sonra polis güc tətbiq edərək onları Yerablur ərazisindən çıxarıb. Hadisə geniş ictimai rezonansa səbəb olub.

Tural Tağıyev
AzVision.az

Teqlər:   Ermənistan   Aksiya  







Xəbər lenti