“İnterstellar” filmindəkinə bənzər planet tapılıb

   “İnterstellar” filmindəkinə bənzər planet tapılıb
  25 Sentyabr 2022    Oxunub:2827
2022-ci ilin avqustunda Monreal Universitetinin alimləri TOI-1452b adlandırılan ekzoplanet kəşf ediblər. O, Yerə mövcud ekzoplanetlərin hamısından çox bənzəyir və nisbətən yaxındadır - 100 işıq ili məsafəsində.
Elm adamları TOI-1452b-ni Yerdən 70% böyük olduğu üçün “super Yer” kimi qiymətləndirirlər. Super Yerin kütləsi Yerinkindən böyük, lakin qaz nəhənglərindən azdır.

Planet Əjdaha bürcündə yerləşir və “qırmızı cırtdan”ın ətrafında fırlanır. Bu tip ulduzlar Günəşdən daha kiçik və tutqundurlar.

TOI-1452b öz ulduzu ətrafında hər 11 gündən bir dövr edir və Venera ilə eyni miqdarda günəş radiasiyası alır.

Alimlər TOI-1452b-nin su dünyası olduğunu irəli sürürlər. Hesablamalara görə, su bu planetin kütləsinin təxminən 22%-ni təşkil edə bilər. Müqayisə üçün qeyd edək ki, Yerdə bu göstərici cəmi 0,022%-dir. Əgər hesablamalar düzgündürsə, o zaman TOI-1452b Yerdəkindən daha dərin okeanla örtülüb.

İlkin kimyəvi analizlər planetdə hidrogen və helium kimi elementlərin, eləcə də su buxarının mümkün mövcudluğunu göstərir.
Kosmosun insan üçün daha bir təhlükəsi aşkarlandı

Günəş sistemindən kənarda olan bütün planetlərə ekzoplanetlər deyilir. Son 30 ildə 4 mindən çox ekzoplanet kəşf edilib. Kəşf edilən planetlər əsasən Günəş sistemi planetləri ilə eyni elementlərdən ibarətdir, sadəcə kimyəvi elementlərin birləşməsi və nisbəti fərqlidir. Bununla belə, heç bir planet Yerlə və ya Günəş sistemindəki hər hansı digər obyektlə eyni deyil.

Ekzoplanetlərin bir neçə növü var: qaz nəhəngləri, Neptun ekzoplanetləri, super Yerlər və s. Ən məşhur Super Yer “Barnard's Star b” və “GJ 15 A b” -dir. O, altı işıq ili məsafəsində yerləşir və Yerdən 3,2 dəfə böyükdür. GJ 15 A b Yerdən 11 işıq ili uzaqlıqda yerləşir.

Məlum qaz nəhəngləri arasında 51 Pegasi b və KELT-9 b seçilir. 2022-ci ilin avqustunda James Webb Kosmik Teleskopu Yerdən 700 işıq ili məsafəsində yerləşən qaz nəhəngi WASP-39 b-də karbon qazı aşkar etdi. Bu, Günəş sistemindən kənarda ilk dəfə CO₂-nin qeydə alınması idi.
Alimlər Günəş sisteminin necə əmələ gəldiyini, kainatda ona oxşar planet qruplarının olub-olmadığını, Yerə bənzər və məskunlaşdırmağa yararlı planetin olub-olmadığını daha yaxşı başa düşmək üçün ekzoplanetləri axtarır və tədqiq edirlər.

Nadir Quliyev
AzVision.az



Teqlər:   Astronomiya  





Xəbər lenti