`Eurovision` təmsilçimiz kimlərdən səs gözləyir? – MÜSAHİBƏ

`Eurovision` təmsilçimiz kimlərdən səs gözləyir? – MÜSAHİBƏ
  04 May 2014    Oxunub:1382
`Azərbaycanı “Eurovision” mahnı müsabiqəsində təmsil etməkdən qürur duyuram. Ölkəmizi “Eurovision” mahnı müsabiqəsində layiqincə təmsil etmək və mənə olan ümidləri doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm`. Bu sözləri Azərbaycanı “Eurovision-2014” mahnı müsabiqəsində təmsil edən Dilarə Kazımova deyib.

- Səhnə sizə necə təsir bağışladı?


- Komandamız səylə məşqlər edir. Səhnə mənim çox xoşuma gəldi. Səhnədə mənimlə bərabər 28 metr hündürlükdə xanım akrobatik hərəkətlər edir. Məşqlərimiz gözlədiyimdən də yüksək səviyyədə davam edir. Artıq yarımfinal mərhələsində çıxış etməyə tam hazıram. Düşünürəm ki, ifa etdiyim mahnı və səhnədə yaratdığım obraz insanları bizə səs verməyə həvəsləndirəcək.

- Bu səhnədə Azərbaycanı təmsil edərkən hansı hissləri keçirirsiniz?

- Hər bir müğənni öz üzərində ciddi çalışmalıdır. Bu möhtəşəm səhnədə olmaq unudulmaz hissdir. Səhnə çox gözəldir. Xoreoqrafiya bir-birini tamamlayır. Azərbaycanın nüfuzu bütün dünyada gündən-günə artır. Bu mənada bu il mənim üzərimə belə bir məsuliyyət düşdüyünə görə fəxr edirəm.

- Sizcə, mahnınızı və verəcəyiniz mesajı ən çox hansı ölkələr dəstəkləyəcək? Ən yüksək 12 xalı hansı ölkələrdən gözləyirsiniz?

- Təbii ki, hər bir ölkədən mənə yüksək xalın gəlməsini gözləyirəm. Bildiyiniz kimi, bu müsabiqədə qonşu ölkələr bir-birilərinə səs verirlər. Lakin yarışmadan yaxşı nəticə gözləyirəm. İnanıram ki, ölkəmiz müsabiqədə layiqli yerə sahib olacaq.

- Sizin favoritiniz hansı ölkələrdir?

- Builki yarışmada çox güclü mahnılar və səhnə performansları var. Favoritlərin adını çəkmək mənim üçün çətindir. Təbii ki, hər bir iştirakçı müsabiqəyə qalib olmaq üçün qatılır. Mənim favoritlərim arasında Litva, Macarıstan, Fransa, Polşa təmsilçiləri var.

- Sizcə, builki şou əvvəlkindən nə ilə fərqlənir?

- “Eurovision” mahnı müsabiqəsinin özəlliklərindən biri yarışmanın məhz qalib olan ölkədə keçirilməsidir. Bu mötəbər tədbirdə ölkənin mədəniyyəti, ab-havası, məişəti, xalqın milli mənəvi dəyərləri özünü göstərir. İki il öncə ölkəmiz bu müsabiqəyə yüksək səviyyədə ev sahibliyi etmişdir. Bu mənada “Eurovision” müsabiqəsi özündən əvvəlkilərdən bir çox özəllikləri ilə seçildi.

- Ölkəmizin bu il finalda iştirakını necə qiymətləndirirsiniz?

- Jurnalistlərin və “Eurovision” fanatlarının səsverməsinə əsasən, ölkəmiz hazırda beşinci yerdədir. Azərbaycanın final mərhələsinə çıxacağına tam əminəm. Hesab edirəm ki, özümü tamaşaçıya daha yaxşı təqdim edə bilsəm, uğur qazanacağam.
Ölkəmizə bu il maraq daha çoxdur. Bu, həm Mətbuat Mərkəzində, həm də ümumiyyətlə, şəhərə gələn qonaqlar arasında hiss edilməkdədir.

- Qələbəyə hazırsınızmı?

- Qalib gəlsəm, çox şad olardım. “Eurovision” mahnı müsabiqəsinin yenidən ölkəmizdə çox yüksək səviyyədə keçiriləcəyinə heç bir şübhəmiz yoxdur. Avropa Yayımları Birliyinin uzun illər “Eurovision” mahnı müsabiqəsinə rəhbərlik edən şəxsləri, eyni zamanda, qurumun Məşvərət Qrupu layihənin icrasının bütün mərhələlərində Azərbaycanın bu yarışmaya yüksək səviyyədə ev sahibliyi etməsi ilə bağlı öz fikirlərini bildiriblər.

- Builki yarışmada romantik balladalar üstünlük təşkil edir. Sizin bu ölkələrdən fərqli cəhətiniz nədir?

- Xoşbəxtlikdən bizim mahnı yalnız sevgidən bəhs etmir. Bizim musiqinin fərqli cəhəti mahnının insanları güclü sosial çağırışa, birliyə səsləməsidir. Hər bir kəs dəyişiklik etmək üçün ilk növbədə, özündən başlamalıdır. Mahnıda adi qığılcımın böyük bir alov yarada biləcəyindən söhbət açılır. Biz bu mesajla çox şeylərə nail ola bilərik. Mahnının mesajı insanların bir-birinə diqqət və qayğı ayırması barədədir. İnsanları yaxşılıq etməyə alışdırmaq lazımdır. İnsan gələcəyə doğru irəliləsə də keçmişdə yaşadıqlarından dərs almağı unutmamalıdır. Mən əminəm ki, yaxşılıq zəncirvari reaksiyadır. Kiməsə yaxşılıq etdiyin təqdirdə həyatın sənə yaxşı davranacağını gözləyə bilərsən. Buna inanmaq lazımdır. Gəlin, dünyamızı özümüz üçün gözəlləşdirək.

- Yarımfinal ərəfəsində dünya azərbaycanlılarına nə demək istərdiniz?

- Bütün dünya azərbaycanlılarından dəstək gözləyirəm. Bilirəm ki, hər kəsin ürəyi mənimlədir. Özümə çox güvənirəm və inanıram ki, biz yenidən qalib olacağıq.

(AzərTac)


Teqlər:  





Xəbər lenti