“AzerGold” və Heydər Əliyev Fondunun dəstəyi ilə Gəncədə regional autizm mərkəzi yaradılır

“AzerGold” və Heydər Əliyev Fondunun dəstəyi ilə Gəncədə regional autizm mərkəzi yaradılır
  12 Sentyabr 2022    Oxunub:707
“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) və Heydər Əliyev Fondunun dəstəyi, “Birgə və Sağlam” İctimai Birliyinin (İB) təşkilatçılığı ilə autizm spektr pozuntulu (ASP-li) şəxslərin fərdi inkişafına dəstək, onların erkən diaqnostikası və sıx reabilitasiya almaları və maarifləndirmə işlərininin aparılması məqsədilə Gəncə şəhərində regional autizm mərkəzi yaradılır.
“Birgə və Sağlam” İctimai Birliyi ilə icra ediləcək layihə Gəncə şəhəri və ətraf rayonlar, o cümlədən Daşkəsən, Göygöl, Goranboy, Şəmkir və Tovuz rayonlarında ASP-li şəxsləri və onların ailələrini əhatə edəcək.

Sözügedən mərkəzdə region üzrə ailələr yerli və beynəlxalq mütəxəssislər tərəfindən tibbi və psixo-pedaqoji qiymətləndirmədən keçiriləcək, risk qrupuna aid edilən, xüsusi təhsil dəstəyinə ehtiyacı olan uşaq və yeniyetmələrin sayı müəyyənləşdiriləcək. Daha sonra həmin şəxslər məktəbəqədər təhsil, ixtisasəldəetmə, özünüidarəetmə və müstəqil davranış bacarıqlarına yiyələnmə kimi ehtiyaclara uyğun olaraq təlim və bərpa prosesinə cəlb olunacaqlar.

Bununla yanaşı, regional autizm mərkəzində ASP-li şəxslərin valideynləri üçün də dəstək proqramları təşkil ediləcək, üstəlik bölgədə çalışan bir qrup həkim, eləcə də korreksiyaedici təhsil, məktəbəqədər təhsil, psixologiya, ibtidai sinif müəllimliyi, sosial iş ixtisaslarından məzun olan və xüsusi təhsil sahəsində fəaliyyət göstərən mütəxəssislər üçün hazırlıq kursları keçiriləcək. Yerli və beynəlxalq mütəxəssislər tərəfindən həyata keçiriləcək təlimlərin nəzəri hissəsində iştirakçıların ASP-li şəxslərin bərpa prosesində istifadə olunan elmi əsaslı terapiya metodikası ilə bağlı bilikləri artırılacaq. Təlimlərin praktik hissəsində isə nəzəri təlimləri müvəffəqiyyətlə yekunlaşdıran iştirakçıların həmin uşaqlarla işləmə bacarıqları inkişaf etdiriləcək. Praktik təlimlər İctimai Birliyin Bakıda fəaliyyət göstərən Autizm Mərkəzində icra olunacaq. Qeyd edilən bütün fəaliyyətlər ödənişsiz olaraq həyata keçiriləcək.

Qeyd edək ki, “Birgə və Sağlam” İB ASP-li şəxslərin inkişafına töhfə vermək məqsədi ilə 2013-cü ildə yaradılıb. Heydər Əliyev Fondu, Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Uşaq və Qadın Məsələləri üzrə Dövlət Komitəsi, eləcə də bir sıra ali təhsil müəssisələri və özəl təşkilatlarla sıx əməkdaşlıq edən İctimai Birlik 2018-ci ildən Amerika Birləşmiş Ştatlarının Prinston Uşaq İnkişaf İnstitunun ABA (Applied Behavior Analysis – Tətbiqi Davranış Analizi) mütərəqqi təlim metodikasını ölkəmizə transfer edərək, həmin kurikulum əsasında autizmli şəxslərə dəstək verməkdədir.

Xatırladaq ki, “AzerGold” QSC fəaliyyət göstərdiyi bölgədə əhalinin hərtərəfli qayğı ilə əhatə olunması məqsədilə sakinlərin tibbi xidmətlərə əlçatanlığının artırılması, uşaqlarda xəstəliklərin vaxtında və düzgün müəyyən edilməsi, azyaşlılara profilaktik müayinə mədəniyyəti və sağlam həyat tərzinin təbliği istiqamətində ardıcıl tədbirlər həyata keçirir. Ötən ildən etibarən Cəmiyyətin dəstəyi ilə Daşkəsən rayonunda təşkil edilən tibbi müayinə aksiyalarında 600 nəfəri azyaşlı olmaqla, ümumilikdə 1000 nəfərdən çox vətəndaş müayinə, ambulator müalicə-profilaktik xidmətlərdən yararlanaraq, diaqnoza uyğun olaraq müvafiq dərman preparatları ilə təmin olunublar.










AzVision.az



Teqlər: Mərkəz   Gəncə  





Xəbər lenti