"Hər nəticəyə həm razı, həm də hazır idim" - Qurban Qurbanov

   "Hər nəticəyə həm razı, həm də hazır idim" -    Qurban Qurbanov
  11 Sentyabr 2022    Oxunub:746
"Bəzən belə oyunlarun bitməsini istəmirsən. Meydanda əsl futbol var idi. "Sabah"a ancaq alqış düşür. Murad Musayevi təbrik etmək istəyirəm".
AzVision.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 6-cı turunda bu gün "Sabah"a qalib gəldikləri oyundan sonra mətbuat konfransında deyib.

O, 4:3 hesablı qələbəni belə şərh edib: "Qarşımızda istəkli komanda var idi. Oyunçularımı da təbrik edirəm. Çox əziyyət çəkdilər. Azarkeşlər bu gün əsl futbol gördülər. Bol qol, sürət, dinamika, hücumlar və qollar var idi. Nəticə öz yerində, ümumi oyuna görə daha çox rahatam".

- Bu oyunu Avropa səviyyəli oyun saymaq olarmı?

- Mütləq, düşünmədən demək olar. Hətta gərginlik bəzi Avropa oyunlarından daha çox idi. Əsl mübarizə, əsl futbol var idi.

- Qara Qarayev mərkəz müdafiəçisi kimi oynamışdı, Abbas Hüseynov isə ilk dəfə həmin mövqedə oynadı. Bu, məcburiyyətdən idi?

- Daha çox məcburiyyətdən idi. Çünki, Maksim Medvedev və Rahil Məmmədov təxminən bir aya yaxın komanda ilə olmayacaqlar. Bədavi Hüseynovun durumu ciddi deyil. "Frayburq"la görüşdən sonra sonra əzələsində ağrı hiss etdi. Digər oyunçuların daha çox sağlam olması üçün bu cür heyətlə meydana çıxdıq. Bəhlul Mustafazadə özünü yaxşı hiss etsə də, onu əvəzlədik. Futbolçular qısa vaxt ərzində çox matç keçirəcəklər. Bu səbəbdən oyunçuların sağlamlığını düşündük.

- Bədavi Hüseynov "Nant"la matçda oynaya biləcək?

- Sabah və ya növbəti gün dəqiq bilinəcək. Hazırda oynamaq ehtimalı çoxdur.

- İkinci penalti zamanı bir qədər əsəbi görünürdünüz. Bu, nə ilə bağlı idi?

- Həmin an tez sevinirdilər. Penalti hələ vurulmamışdı. Ona görə belə reaksiya verdim.

- Hakim idarəçiliyi ilə bağlı fikirləriniz necədir?

- Onlar üçün bəlkə də ən çətin oyunlardan biri idi. Kənardan necə göründüyünü bilmirəm. Hər iki tərəfə qarşı səhvlər var idi və bu, oyunun gedişatına görə idi. Bunlara səhv demək də olmaz.

- Rəqib azlıqda idi, siz isə hesabda öndə idiniz, amma qısa zamanda qapınızda iki qol gördünüz. Bunu nə ilə izah edərdiniz?

- İzah edəcək bir şey yoxdur. Rəqib hücum etməyə çalışırdı. İkinci qoldan sonra futbolçuların emosiyaları həddindən artıq idi, çox sevindilər. Oyunun ritmi bir qədər itdi. Futbolçular mövqe dəyişikliklərinə öyrəşincə rəqib bunlardan istifadə etdi. Oyun elə idi ki, hər nəticəyə həm hazır, həm də razı idim. İstənilən nəticə ola bilərdi.

AzVision.az


Teqlər:





Xəbər lenti