Ukrayna millisində azərbaycanlı - İlk qolunu Ermənistana vurub
“Minay” klubunun 20 yaşlı yarımmüdafiəçisi Kiyevdə doğulub. Vikipediyadakı bioqrafik məlumatda qeyd ediilir ki, Eldar Şahbaz oğlu Quliyevin ata tərəfdən babası Azərbaycanın Əməkdar elm xadimi Hətəm Quliyevdir.
E.Quliyev “Şaxtyor” Futbol Akademiyasının yetirməsidir. Peşəkar futbolçu karyerasına “Mariopol”da başlayıb. 2021-ci ilin iyulunda azad agent kimi hazırkı klubu “Minay”a keçib. Bu mövsüm yeni başlayan Ukrayna Premyer Liqasında 2 oyunda meydana çıxıb (əsas heyətdə), 1 qol vurub. O, Ukrayna U-21 millisində rəsmi debütünü bu ilin iyunun 12-də edib. Maraqlıdır ki, ilk matçını o, Ermənistan U-21-nə qarşı keçirib. Ukraynanın 2:0 hesablı qələbəsi ilə başa çatan oyunda ilk qolu məhz Eldar Quliyev vurub.
E.Quliyev 2018-ci ilin aprelində 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının Bosniya və Herseqovinada təşkil olunan UEFA İnkişaf turniri üçün heyətinə çağırılıb. Onun adı AFFA tərəfdən rəsmi açıqlanan heyətdə yer alıb.
2021-ci ilin martında Ukraynanın meta-ratings.com.ua saytı məlumat yayıb ki, AFFA Eldar Quliyevi Azərbaycan millisində oynamağa dəvət edib. O isə fikirləşmək üçün federasiyadan vaxt istəyib. Elə həmin məlumatda qeyd edilirdi ki, AFFA Quliyevdən başqa, Ukraynanın “Minay” klubunda çıxış edən Anatoli Nuriyev və Rüstəm Əhmədzadəni də milli komandaya cəlb etmək istəyir. Sonuncu iki futbolçu dəvəti qəbul edərək Azərbaycan millisini seçib. Hazırda Nuriyev və Əhmədzadə karyeraları da Azərbaycan klublarında davam etdirirlər (müvafiq olaraq “Sabah” və “Qarabağ”ın oyunçusu kimi icarə qaydasında “Zirə”).
Eldar Quliyevin AFFA-nın təklifini qəbul etməməsinə dair isə məlumat yoxdur.
AzVision.az
Teqlər: