Sərsəng su anbarına baxış keçirildi

Sərsəng su anbarına baxış keçirildi
  23 Avqust 2022    Oxunub:1242
Avqustun 23-də “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin nümayəndələri yerli mütəxəssislərin iştirakı ilə Qarabağ iqtisadi rayonunda yerləşən Sərsəng su anbarına baxış keçirib.
AzVision.az xəbər verir ki, məqsəd Sərsəng su anbarında texniki monitorinqin aparılması, cari vəziyyətlə tanışlıq, Tərtər çayından gələn və anbardan buraxılan suyun qrafikinin müəyyənləşdirilməsi və gələcəkdə bu istiqamətdə işlərin davam etdirilməsinə zəmin yaratmaq idi.

Görüşdə əsasən iki məsələ - Su bölgüsünün aparılması və Sərsəng su anbarının alt suvarma ərazisində olan rayonlarına su verilməsinin bərpası müzakirə olunub.

Görüş və danışıqlar qarşılıqlı anlaşma və konstruktiv şəraitdə baş tutub. Həmçinin belə görüşlərin və əraziyə baxışın mütəmadi olaraq gələcəkdə də davam etdirilməsi razılaşdırılıb.

Xatırladaq ki, mühüm strateji əhəmiyyətə malik olan Sərsəng su anbarı ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə tikilib. 1976-cı ildə ümummilli lider Heydər Əliyev su anbarının açılışında şəxsən iştirak edib. Azərbaycanın ölkə daxilində yaranan ən bolsulu çaylarından biri olan Tərtərçayın üzərində olan Sərsəng su anbarının ümumi həcmi 560 milyon kubmetrdir. Qarabağ iqtisadi rayonunun ən iri su hövzəsi olan Sərsəng su anbarı vasitəsilə 96 min hektar ərazi (Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Yevlax və Goranboy) suvarılır. Su anbarı bəndində ümumi gücü 50 mvt olan su elektrik stansiyası tikilib.

Hazırda Prezident İlham Əliyevin tapşırığına əsasən işğaldan azad edilmiş bütün ərazilərdə mövcud su ehtiyatlarından daha səmərəli istifadə edilməsi, yeni su mənbələrinin yaradılması, dağıdılmış infrastruktur obyektlərinin bərpası istiqamətində mühüm işlər həyata keçirilir.
AzVision.az



Teqlər:





Xəbər lenti