Jurnalistlər Moskvanı boykot etdi

Jurnalistlər Moskvanı boykot etdi
  28 Aprel 2014    Oxunub:1508
Beynəlxalq jurnalist təşkilatları Moskva konfransını boykot etdilər
Avropa Jurnalistlər Federasiyasının (EFJ) iyun ayında Moskvada keçirməyi planlaşdırdığı media konfansı təxirə salınıb. Buna səbəb EFJ-yə ayrı-ayrı ölkələrdən üzvü olan jurnalist təşkilatlarının Moskvaya gəlməkdən imtina etmələri olub.

EFJ-nin Azərbaycan üzrə üzv təşkilatı olan Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli AzVision.az-a bildirib ki, jurnalist təşkilatlarının Moskva konfransında iştirakdan imtina etmələrinin səbəbi Rusiya ilə Ukrayna arasında yaranmış gərginliklər olub:

“İyun ayının 6-da Moskvada keçirilməli olan konfrans bir il öncədən üzvlər arasında razılaşdırılaraq planlaşdırılmışdı. EFJ Avropa məkanında media azadlığının mövcud durumuna həsr etdiyi ənənəvi konfansı ayrı-ayrı ölkələrdə olmaqla hər il təşkil edir və bu konfranslara öncədən ciddi hazırlıqlar aparılır. Moskva konfransı da öncədən razılaşdırılmışdı və həm texniki, həm də nəzəri hazırlıqlar aparılımışdı. Konfransa hazırlıq proseslərinin yekunlaşdığı bir vaxtda Rusiyanın Ukraynada, xüsusən Krımda başlatdığı hadisələr tədbirə dəvət edilən təşkilatlarda ciddi əks reaksiya doğurdu. Ukrayna, Polşa və Gürcüstandan olan jurnalist təşkilatları Moskva konfransına qatılmaqdan imtina etdilər və digər təşkilatları da onlarla həmrəylik nümayiş etdirməyə çağırdılar. Onlar iddia edirdilər ki, Rusiya ilə Ukrayna və Rusiya ilə Avropa arasında siyasi gərginliyin yaşandığı bir dövrdə media azadlığı konfransının Moskvada keçirilməsi, dolayısı ilə Rusiya hakimiyyətinin təbliğatına yönəlmiş bir aksiyaya çevrilə bilər. Bu ideya əksər təşkilatlar tərəfindən dəstəkləndiyi üçün EFJ rəhbərliyi konfransın təxirə salınmasına qərar verdi”.

Müşfiq Ələsgərli bildirib ki, Konfransın vaxtı dəyişdirilərək payız aylarına təyin edilib. Qərara əsasən, həmin vaxta qədər Rusiya ilə Ukrayna arasındakı münasibətlərə aydınlıq gətirilməsə, konfrans başqa bir ölkədə keçiriləcək.

Məlumat üçün bildirək ki, Avropa Jurnalistlər Federasiyası (EFJ) məxsusi olaraq Avropa məkanına daxil olan ölkələrdə fəaliyyət göstərən jurnalist təşkilatlarının üzvlüyündən formalaşmış beynəlxalq təşkilatdır və sıralarında 25 ölkədən təmsilçi var.

Sevinc


Teqlər:





Xəbər lenti