Oğlanlar texniki və iqtisad, qızlar humanitar ixtisasları seçirlər - STATİSTİKA

 Oğlanlar texniki və iqtisad, qızlar humanitar ixtisasları seçirlər -   STATİSTİKA
  11 İyun 2022    Oxunub:1414
V ixtisas qrupu istisna olmaqla, oğlan və qızların ixtisas qruplarına münasibətləri fərqlidir. Əvvəlki illərdə olduğu kimi, ötən il də Azərbaycan və rus bölmələrinin ortastatistik oğlan abituriyentinin istəyi ən çox “Riyaziyyat, fizika və mühəndislik” (I qrup) və “İqtisadiyyat və idarəetmə” (II qrup) ixtisaslarınadır. Azərbaycan bölməsində oğlanların 74.24%, rus bölməsində isə 77.34%-nin istəyi bu iki ixtisas qrupuna yönəlib.
AzVision.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin "Abituriyent 12" jurnalında qeyd olunub.

Bu rəqəmlər oğlan abituriyentlərin texniki, iqtisad və idarəetməixtisaslarına marağının nə dərəcədə yüksək olduğunu göstərir. Bununla belə, oğlanların I ixtisas qrupuna istəyi II qrupa nəzərən əhəmiyyətli dərəcədə yüksəkdir.

Ortastatistik qız abituriyentin humanitar ixtisaslardan ibarət III ixtisas qrupuna istəyi daha yüksəkdir. Qız abituriyentlər “İqtisadiyyat və idarəetmə” ixtisaslarına (II qrup) az maraq göstəriblər. IV ixtisas qrupunda qızların ixtisas maraqları (istəkləri) oğlanların maraqlarından 2.62-3.03 dəfə yüksəkdir. Onu da qeyd edək ki, IV qrup üzrə ixtisas seçimi mərhələsində iştirak edən qız abituriyentlərin sayı oğlanlardan 3.08 dəfə yüksək olub.
Ötən ildə də V ixtisas qrupuna həm oğlan, həm də qız abituriyentlərin maraqları yüksək olub.

Neftçala, Salyan, Ağstafa, Qazax, Siyəzən, Qax, Xaçmaz rayonlarında, Sumqayıt şəhərində, eləcə də, Bakı şəhərinin Qaradağ, Suraxanı və Sabunçu rayonlarında oğlanlar yüksək faizlə (uyğun olaraq, 71.85%, 68.97%, 63.78%, 63.71%, 63.21%, 62.07%, 66.22%, 63.04%, 67.27%, 66.96% və 60.43%) texniki ixtisaslar qrupunu seçiblər. Əvvəlki illərdəki qəbulun nəticələri də göstərir ki, bu bölgələrdə oğlanların texniki ixtisaslara marağı yüksəkdir və bu, bir ənənəyə çevrilib. Buna səbəb həmin bölgələrdə dəqiq fənlərin, xüsusən riyaziyyat, fizika fənlərinin tədrisi səviyyəsinin yüksək olması, həmçinin texniki elmlərlə bağlılığı olan sənaye müəssisələrinin mövcudluğudur.

Qobustan, Ordubad, Saatlı, Cəlilabad, Kəngərli, Şamaxı, Kəlbəcər, Abşeron, Şərur, Lerik, Babək və Gədəbəy rayonlarında qızlar humanitar ixtisaslara daha çox üstünlük veriblər.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti