Məktəblilərin təhlükəli "Tiktok" sevdası: Nə etmək olar?

  Məktəblilərin təhlükəli "Tiktok" sevdası: Nə etmək olar?
  11 May 2022    Oxunub:1194
Son vaxtlar məktəblilər “Tiktok” videoları üçün ağlasığmaz hərəkətlər edir, metroda relsə düşüb, tuneldə qaçır və ya məktəbdə yanğınsöndürən balonu partladırlar. Bəs yeniyetmələrin sosial şəbəkə üçün özlərini təhlükəyə atmalarının qarşısını necə almaq olar?
Texnobloger Fərid Pərdəşunasın fikrincə, bunu valideynlər tərəfindən qadağalarla tənzimləmək mümkün deyil. Valideynin öhdəsinə düşən məsələ reallığı qəbul edib, uşaqlarla doğru kommunikasiya qurmaqdır. Onlara sosial şəbəkənin mahiyyətini izah etmək lazımdır. Sərt tədbirlər kortəbii, gizli istifadəyə gətirib çıxaracaq. Nəticədə bu, uşağın psixologiyasının pozulmasına, kiberbullinqə məruz qalmasına, ona zərər verəcək adamlarla tanış olmasına gətirib çıxara bilər.



Pərdəşunas düşünür ki, məktəbli qızların tuneldə qaçaraq və ya oğlanların məktəbdə balon partladaraq video çəkmələri sosial şəbəkələrin problemi deyil, uşaqların psixoloji vəziyyətinin normalda olmaması deməkdir: “O uşaqlara başa salmaq lazımdır ki, yaradacağın belə “səs-küy” sənə və cəmiyyətə zərərlidir. Normal vəziyyətdə, normal video və kontentlərlə də səs-küy yarada bilərsən. Onun doğru yolunu izah etmək lazımdır”.

Təhsil eksperti Elçin Süleymanov bildirib ki, “Z” nəsli məktəblilərin texnologiyaya marağının olmasını normaldır, trendlər onları cəlb edir və kənarda qalmaları mümkün deyil. Sadəcə, dərs prosesini bu tendensiyaya uyğunlaşdırmaq lazımdır. Dərslər daha əyləncəli, texnologiyalardan istifadə edərək oyun məntiqi ilə, daha az vaxtda ötürməklə qurulmalıdır. Çünki şagirdlərin diqqət əskikliyi də var. Diqqəti uzun müddət bir yerə toplamaq da çətindir. Kurikumlar da bu istiqamətdə hazırlanmalıdır. 15-20 dəqiqə ərzində şagirdin diqqətini çəksin, müəyyən nüansları öyrənsin.


"Sosial şəbəkələrdə zərərli axınlar da var. Burada valideynlərin üzərinə iş düşür ki, övladlarının hansı saytlara aludə olduğunu öyrənsin. Valideyn övladı ilə dost olmalı, virtual aləmdən çəkib çıxarmalı, müəyyən əyləncələrə çəkməlidir, kinoteatra, film seyr etməyə, gəzməyə dəvət etməlidir. Düşünürəm ki, bu addımlarla valideynlər övladlarını texnologiyanın fəsadlarından qurtara bilərlər”,- ekspert deyib.

Psixoloq Rövşən Nəcəfov qeyd edib ki, rəqəmsal dünyada yaşadığımız üçün uşaqların telefonla daha çox zaman keçirməsi normaldır. Böyüklər nə edirsə, uşaqlar da onu edir: “Bütün günü əlimizdə telefon görən uşaqları qınamaq olmaz. Tiktok artıq bizim dünyamızdadır və dünyamıza fərqliliklər gətirib. Bəlkə də bu fərqliliklər çoxdan bizim həyatımızda varmış, xəbərimiz olmayıb. Bizim dövrümüzdə deyirdilər ki, televiziya uşaqları pozur, indi isə deyirlər ki, sosial şəbəkələr uşaqları pozur. Tiktokda və ya istənilən sosial platformalarda insanların müxtəlif özünüifadə formaları var. Gündəlik həyatımızda üzləşdiklərimizi daha çərçivəsiz görürük. Rəqəmsal platformalar azad olduğu üçün insanlar nə gəldi danışır, ağıllarına gələni isə edirlər”.


Psixoloq qeyd edib ki, sosial şəbəkələrin mahiyyəti insanın azadlıq niyyəti ilə tənzimlənir. İnsan nə istəyirsə, onun axınına düşür: “Uşaqlar həssas olduqları üçün bütün axınlara düşə bilirlər. Əsas məqam odur ki, cinayət tərkibli axına düşməsinlər. Bizi narahat edən məqam bu olmalıdır. Uşaqların əyləncələri bizi narahat etməməlidir. Valideynlər uşaqlarına nəyisə qadağan etməməlidir, qadağanı izah etməlidirlər. Uşaqların suallara cavab axtarmaqlarına dəstək olmaq lazımdır. Valideynlər uşaqların suallarına cavab verməyəndə, onlara şəxsiyyət kimi yanaşmayanda uşaqlar cavabları "axın" dediyimiz yollarda axtaracaqlar. Uşaqlarla həyat haqqında dialoq qurmaq lazımdır. Rəqəmsal dünya insanlara alternativ dialoq imkanı yaradır. Sosial şəbəkələrin mənfi tərəfi odur ki, bəzən uşağın reallıqdan çıxmasına və asosial şəxs kimi formalaşmasına təsir edir. Səbəb nə olursa-olsun, bu gün insanlar sosial şəbəkələrin aludəçisidir. Uşaqlara faydalı olmağı və sevgini aşılamalıyıq. Rəqəmsal dünyada nəyisə dəyişmək yox, kimisə yönəltək olar. İnformasiyanı boğa bilmərik, amma biliyə çevirə və ya əvəzləyə bilərik. Faydalı nümunələr olmalıdır. Uşağın iştirakçı olduğu məktəbdə, ailədə və digər bütün mühitlərdə sağlam fikirlər inşa etməliyik. Uşaqlara dərslərindən deyil, həyatdan “5” almağı öyrətməliyik”.

Aytən Zəhra
AzVision.az

Teqlər: TikTok   Sosial-şəbəkə  







Xəbər lenti