Azərbaycanın etibarlı çəkindirmə silahı: XTQ!

   Azərbaycanın etibarlı çəkindirmə silahı:    XTQ!
  30 Aprel 2022    Oxunub:8128
Xüsusi Təyintlı Qüvvələr yarandığı gündən Azərbaycanın döyünən ürəyi, vuran qolu, görən gözüdür. “Görünmədən görən, ölmədən öldürən, qələbə ilə dönən” XTQ-miz daim qəhrəmanlıq nümunələri nümayiş etdirib. Geniş audiotoriyanın bilmədiyi və eşitmədiyi çoxsaylı əməliyyatlardan daim üzüağ çıxıb. Məhz buna görə də Ermənistan ordusunun ən qorxulu kabusu məhz Azərbaycan XTQ-sidir.
Düşmənlərimiz XTQ-nin əsl gücünü ilk dəfə 2016-cı ilin aprel ayında baş verən 4 günlük döyüşlərdə açıq-aşkar gördülər. Məhz bu döyüşlərdən sonra “XTQ kabusu” onların canına və ruhuna ömürlük hakim kəsildi. Vətən Müharibəsinin təcrübəsini də nəzərə alsaq, XTQ kabusunun Ermənistanın canından çıxması yaxın onilliklərdə mümkün olmayacaq.

XTQ-nin silahları

Tünd-qırmızı beretin sirri: XTQ-nin şərəfli tarixçəsi
Azərbaycanın Ali Baş Komandanı İlham Əliyev XTQ-nin silahlanmasına, təchizatına və təminatına xüsusi diqqət yetirir. Xüsusi Təyinatlı Qüvvələrimiz dünya müdafiə sənayesinin aparıcı şirkətlərinin istehsalı olan müasir silahlara, döyüş vasitələri və texnikalara sahibdir. Yerli sənayemizin istehsal etdiyi məhsullar da XTQ tərəfindən döyüşlərdə uğurla istifadə edilib.

Xüsusi Təyinatlı Qüvvələrin şəxsi heyəti xidməti vəzifələrinin yerinə yetirilməsində müxtəlif tipli avtomatik tüfənglər, snayper silahları, pulemyotlar, tapançalar, tapança-pulemyotlar, tank əleyinə idarəolunan raket kompleksləri, qumbara və qumbaraatanlar, lazer tuşlayıcıları, gecəgörmə çihazları, termal kameralar, binokllar, siqnal tapançaları, duman yaradan vasitələr, radiostansiyalar, GPS və s.-dən istifadə edir.

Xüsusi təyinatlı qrupun yerinə yetirəcəyi vəzifələrin xarakterinə uyğun olaraq, şəxsi heyət ştat üzrə malik olduğu silah və avadanlıqlarını digərlərilə dəyişə bilər. Odur ki, bu bölmələr mövcud silah sistemlərinin ən yaxşılarına və ən geniş çeşidinə malik olmalıdır. Xüsusi Təyinatlı Qüvvələr tərəfindən istifadə edilən silahlar həm imkanlarına, həm də peşəkar döyüşçülərin seçim imtiyazlarının nəzərə alınması və şəxsi qiymətləndirmələrinə əsasən əldə edilir.

Hibrid müharibənin qəhrəmanları

İkinci Qarabağ müharibəsi zamanı Xüsusi Təyinatlı Qüvvələrin şəxsi heyəti bir çox uğurlu əməliyyatları ilə işğal altında olan ərazilərin azad edilməsində mühüm rol oynadı. Demək olar, bütün genişmiqyaslı döyüş əməliyyatlarında, o cümlədən Cəbrayıl, Füzuli, Hadrut və Şuşanın işğaldan azad edilməsində əsas rol “görünmədən görən, ölmədən öldürən, qələbə ilə dönən” XTQ-yə məxsus idi.


Bundan əlavə, qəhrəman XTQ-miz Qubadlı və Laçının bir çox yaşayış məntəqələrinin azad edilməsində yaxından iştirak edib. Müharibədən sonra da düşmənə qarşı fəaliyyətlərinə fasilə verməyib. Keçən il noyabrın 16-da Qaragöl istiqamətində düşmən təxribatlarına verdiyi cavab qiyamətə qədər Ermənistanın hərbi-siyasi rəhbərliyinin yadından çıxmayacaq.

Vətən Müharibəsində 7 müxtəlif güc strukturunun xüsusi təyinatlılarının hamısı bir-birindən üstün imkan nümayiş etdiriblər. Sanki daha üstün nailiyyət uğrunda mübarizə aparırdılar. Bu müharibə dünya hərb tarixinə “XTQ və PUA-ların kütləvi tətbiqi ilə yeni nəsil hibrid müharibə” kimi düşdü.

Təxminən bir tabordan ibarət qəhrəman əsgərlərimizin yalnız atıcı silahlar, süngü-bıcaq və məhdud sayda tank əleyhinə vasitələrlə qayalar üzərində yerləşən Şuşa qalasına dırmaşaraq, artilleriya və zirehli texnikalarla qorunan şəhəri erməni işğalçılarından azad etməsi dünya hərb tarixinə qızıl hərflərlə yazıldı. Bu gün də həmin əməliyyat dünyanın bir çox ölkələrinin hərbi mərkəzlərində, o cümlədən ABŞ-da və digər NATO ölkələrində dərindən araşdırılır.

Düşmənə sipər, dosta güvənc

…Müdafiə Nazirliyinin tərkibində XTQ-nin yaranması yadımdadır. Ümidlərimiz böyük idi, amma ağlımıza gəlməzdi ki, 2-ci Qarabağ Müharibəsinin ən əhəmiyyətli qələbələrini məhz xüsusi təyinatlılarımız qazanacaq. Vətən Müharibəsinin ən ağır yükünü üzərinə götürən XTQ Ali Baş Komandan İlham Əliyevin Qarabağ və Zəngəzurla bağlı unikal döyüş planlarını müvəffəqiyyətlə yerinə yetirməklə ƏSL DÖYÜŞÇÜ obrazını qəlbimizə, beynimizə və tariximizə əbədi həkk etdi.

Yüzlərlə kitab, minlərlə məqalə yaza bilərik, amma Azərbaycan xalqının Vətən sevgisini, Qarabağ və Zəngəzur yanğısını dünyaya XTQ kimi izah edə bilmərik. Bəzən təmənnasız torpaq sevgisinin əməldə bir dəfə nümayiş etdirilməsi qalın-qalın kitablardan daha təsirli olur.


Tam fərqli həyat, döyüş və mənəviyyat fəlsəfəsinə malik XTQ-miz Azərbaycanın ərazi bütövlüyüyünün təmin edilməsində müstəsna rol oynamaqla, xalqımızın və onun dostlarının qəlbində özünə əbədi, möhtəşəm bir abidə qurub. Bu abidə Vətən sərhədlərinə sipərdir, düşmənə kabus, dostlara güvəncdir, beynəlxalq və regional təhlükəsizliyə ən böyük töhfədir. Vətən Müharibəsinin başa çatmasına baxmayaraq, qeyri-sabit dünyamızda baş verən proseslər dövlətin və xalqın bütün məsələlərdə tam etibar etdiyi XTQ faktorunun əhəmiyyətini hər keçən gün daha dərindən hiss etməyə imkan verir. Düşmənlərimizin başı üzərində “Domokl Qılıncı” kimi asılan XTQ-miz bu gün Azərbaycanın ən etibarlı çəkindirmə silahıdır.

Görən gözümüz, vuran qolumuz

Düşmənin önündə geriyə addım atmadan son nəfəsinə qədər döyüşüb şəhid olmağı seçmək çox böyük qəhrəmanlıqdır. XTQ-nin hər bir üzvü belə qəhrəmanlıqlar nümayiş etdirən və buna daim hazır hərbçilərdir. Qürurumuz, döyünən ürəyimiz, görən gözümüz və vuran qolumuz olan XTQ-nin yaranma günündə bizim bükülən qamətimizi düzəldən bütün şəhidlərimizə Allahdan rəhmət, yaxınlarına səbir diləyirəm. Şəhidlərimizin valideynlərinə dərin təşəkkürümü bildirirəm ki, belə əvəzedilməz qəhrəmanlar yetişdiriblər. Onların xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaq.

Bu cür mərd vətən fədailərinin sayəsində Azərbaycan qalib ölkə, biz isə qalib xalqıq! Azərbaycan XTQ-si mövcud olduğu müddətdə regionda ağlı başında olan kimsə bizim maraqlarımıza zidd hərəkət etmək niyyətinə düşməyəcək.

Haqqınız heç nə ilə ödənilə bilməz. Hər şeyə görə çox sağ olun!
Sizinlə fəxr edirik!

Ədalət Verdiyev,
hərbi ekspert
Xüsusi olaraq AzVision.az üçün



Teqlər:   XTQ  





Xəbər lenti