Əlvan metalların bahalı parıltısı - TƏHLİL

// Onların qiyməti həm problemlər, həm də imkanlar vəd edir

   Əlvan metalların bahalı parıltısı -    TƏHLİL
  25 Aprel 2022    Oxunub:5341
Əlibala Məhərrəmzadə
İqtisadiyyat elmləri doktoru, professor
"Ukrayna Ticarət Evi"nin baş direktoru


Hazırda dünya bazarında qiymətlərin sürətlə yüksəldiyi seqmentlərdən biri də əlvan metallardır. Mis, Sink, Alüminium, Nikel, Litium, Kobalt və digər əlvan metalların qiyməti 2020-ci ilin ikinci yarısından başlayaraq, dinamik artım nümayiş etdirir. Əksər ekspertlərə görə, bu trend davamlı olacaq və 2030-cu ilə qədər səngiməyəcək. O vaxta qədər əlvan metallardan bəzilərinin hətta bir neçə dəfə bahalaşması mümkündür.
Bunun bir neçə səbəbi var. Konyunktur amilləri qırağa qoysaq, dünyanın “yaşıl energetika”ya və elektrikli avtomobillərə can atması əsas məqamlardan birincisidir. Külək turbinləri, akkumulyatorlar, günəş elektrik stansiyaları, elektromobillər və “yaşıl energetika”nın digər halqaları əlvan metallara, xüsusilə kobalta tələbatı kəskin artırır. Məsələn, elektromobilin istehsalı üçün “adi” (daxili yanma mühərrikli) avtomobillə müqayisədə 5 dəfə çox əlvan metallar tələb olunur.

Beynəlxalq Valyuta Fondunun qiymətləndirməsinə görə, növbəti onillikdə “sıfır karbon emissiyası” iqtisadiyyatına keçid nəticəsində 4 əsas əlvan metala olan tələbat istehsalı 6 dəfə üstələyəcək və onların bazarı 13 trilyon dollara çatacaq.

İkincisi, bu metalların çoxu elektroliz üsulu ilə əldə olunur, elektrikin qiyməti isə durmadan bahalaşmaqdadır. Qapalı dairə alınır: Bahalı elektrik əlvan metalların qiymətini qaldırır, əlvan metalların baha olması isə bərpa olunan mənbələrdən istifadənin genişlənməsini ləngitməklə, elektriki ucuzlaşmağa qoymur.

Üçüncüsü, əlvan metalların yeni yataqlarının işlənməsi üçün xeyli vaxt və investisiya lazımdır, artan tələbat isə bunu gözləmək fikrində deyil.
Dördüncüsü, son vaxtlar qlobal iqtisadi həyatın bütün sahələrinə sirayət edən Rusiya-Ukrayna müharibəsi burada da təsirini göstərir. Rusiya dünya bazarına ucuz qiymətə böyük həcmdə metallar çıxarırdı, indi isə sanksiyalar nəticəsində oyundan kənarda qalıb.


Bu vəziyyət inflyasiyanın artmasına və qlobal istehsalın azalmasına təsir göstərməklə dünya iqtisadiyyatı üçün əlavə problemlər yaradacaq. Bəzi ekspertlər texnoloji inkişafın ləngiyə biləcəyini iddia edirlər. “Yaşıl energetika”ya keçid bahalı və çətin olacaq. İstehsalında əlvan metallardan istifadə olunan cihazlar – telefonlar, planşetlər, noutbuklar və s. bahalaşacaqlar. Elektromobillər nəqliyyat vasitəsinə yox, lüksə çevriləcək. Əlbəttə, əgər ona qədər alternativ həllər tapılmasa... İlk növbədə isə batareya istehsalında alternativ həllə ciddi ehtiyac var.

Amma digər tərəfdən, əlvan metalları ixrac edən ölkələr üçün yeni imkanlar yaranır. Onlar qarşıdakı 15-20 il ərzində gözlənilən qiymət artımından xeyli əlavə vəsait qazanacaqlar. BVF-nin proqnozlarına görə, 2030-cu illərin axırına kimi əlvan metalları ixrac edən ölkələrin iqtisadi inkişaf tempi idxal edənlərdən daha çox olacaq. Bu da bir şansdır və ondan faydalanmaq lazımdır.

Azərbaycanda 4 əsas əlvan metaldan ikisinin – mis və alüminiumun ixrac potensialı var. 2020-ci və 2021-ci illəri müqayisə edəndə ölkəmizin xaricə satdığı misin hər tonunun qiymətinin 1.120 dollardan 1 629 dollara qədər qalxdığını görürürk. Amma həcmdə cüzi azalma vardı.

Alüminium istehsalını və ixracını isə ölkəmiz dayanıqlı şəkildə və sürətlə artırır. Ötən il Azərbaycan 188.529.240 dollar dəyərində 67.355 ton alüminium və ondan hazırlanan məmulatlar ixrac edib. Bu, 2020-ci il ilə müqayisədə qazancda 66,2%, həcmdə 12,6% artım deməkdir. Ötən il ölkənin qeyri-neft sektoru ixracatında alüminiumun payı 6,95% təşkil edib.

Bu rəqəmlər sübut edir ki, əlvan metal ixracına qoyulan investisiyaların çox böyük perspektivi var. Biz alüminium üzrə qazandığımız uğuru misə də tətbiq etməliyik. O seqmentə də əlavə yatırımlar qoyulmalıdır. Çünki qarşıdakı 15 ildə bu bazarda qiymətlər artdıqca artacaq.


Teqlər: Əlvan-metallar  





Xəbər lenti