Müharibəsiz də iqtisadi böhran qaçılmaz idi. Niyə? - MÜSAHİBƏ+VİDEOKAST

 Müharibəsiz də iqtisadi böhran qaçılmaz idi.  Niyə? - MÜSAHİBƏ+VİDEOKAST
  15 Aprel 2022    Oxunub:5071
Son aylarda yaşanan geosiyasi proselər fonunda dünyada ərzaq məhsullarına qiymətlərin kəskin artmasını, bir sıra ölkələrin onların ixracına qadağa qoymasını və ya sərt məhdudiyyətlər tətbiq etməsini ekspertlər bəşəriyyət üçün ciddi təhlükə kimi qiymətləndirirlər. Eyni zamanda onlar bu böhranın köklərinin daha dərin olduğunu və dollara söykənən dünya iqtisaiyyatı sisteminin tənəzzülü prosesinin başladığını bildirirlər.
İqtisadçı-alim Elşad Məmmədov AzVision.az saytına müsahibəsində bu məqamlarla bağlı çox maraqlı fikirlər səsləndirib.

- Dünya iqtisadiyyatında şahidi olduğumuz resessiya son bir neçə ayın hadisələrininmi nəticəsidir, yoxsa 2009-2013-cü illərdəki böhranının davamıdır?
- Dünya iqtisadiyyatında ərzaqla bağlı olan böhranı və bütövlükdə təklif sferasındakı qeyri-tarazlıqları yalnız Ukrayna ətrafındakı böhranla əlaqələndirmək çox səthi yanaşmadır. Dünya iqtisadiyyatındakı nəqliyyat-logistik zəncirlərin qırılması, istehsal əlaqələrinin zəifləməsi ilə bağlı trendlər uzun illər ərzində formalaşmaqda idi. Bu trendlər başlanğıcını 2008-2009-cu illərdəki böhrandan götürür. Belə ki, kəskin struktur böhranı nəticəsində artıq 2008-2009-cu illərdə dünya iqtisadiyyatında kifayət qədər iri həcmli maliyyə "köpükləri" formalaşdı. Bunlar borc "köpüklərində", Amerika Birləşmiş Ştatlarındakı ipoteka "köpüklərində" əksini tapdı. Yəni struktur qeyri-tarazlıqları artıq mövcud idi. Ondan sonrakı dövrdə aparıcı mərkəzi bankların emissiyası hesabına bu problemlər müəyyən qədər örtüldü, amma köklü həllini tapmadı və daha da dərinləşdi.


- Pandemiya dövründə həyata keçirilən qlobal iqtisadi siyasət vəziyyətə necə təsir etdi?
- Sözsüz ki, pandemiya ilə mübarizə çərçivəsində dünyanın aparıcı emissiya orqanları, mərkəzi banklar kəskin şəkildə pul kütləsini artırmağa getməklə, işgüzar fəallığın azalmasını bir qədər ört-basdır etdilər. Etiraf etmək lazımdır ki, bu xeyli dərəcədə sosial sabitliyin qorunmasına şərait yaratdı. Belə ki, trilyonlarla dollar vəsaitin Amerika Birləşmiş Ştatlarına və gələcəkdə digər ölkələrə transfer etməsi ilə bütövlükdə dünya iqtisadiyyatına ötürülməsi, eyni zamanda Avropa Mərkəzi bankı tərəfindən avro kütləsinin xeyli dərəcədə artırılması və digər aparıcı mərkəzi bankların da oxşar addım atmaları alıcılıq qabiliyyətinin müəyyən dövr ərzində qorumasına şərait yaratdı. Amma, bir daha qeyd etmək istəyirəm ki, bu, müəyyən bir dövrü əhatə etməli bir prosses idi. Çünki bu pul kütləsinin artması onsuz da iqtisadi cəhətdən aparıcı dövlətlərdə artıq mövcud olmuş monetar inflyasiyanı daha da dərinləşdirmiş oldu və iqisadiyyatda struktur qeyri-tarazlıqları bir qədər də genişləndi. Çünki Qərb dövlətlərindəki artan pul kütləsinin təqribən 80% real sektora deyil, maliyyə sektoruna istiqamətlənmişdi ki, bu da inflyasiyanın və qeyri-tarazlıqların genişlənməsinə şərait yaradırdı. Ona görə də, artan pul kütləsi hesabına karantin məhdudiyyətləri dövründə müəyyən sosial problemlər həll olundusa, iqtisadi qeyri-tarazlıqlar daha da dərinləşdi.

- Qərbin Rusiya qarşı sanksiyaları bu prosesdə hansı rolu oynayır?

- Mən Qərblə Rusiya arasında yaşanan gərginliyin iqtisadi böhranın səbəbi olduğunu düşünmürəm, amma şübhəsiz ki, gərginlik gətirə bilər. Belə ki, istehsal, nəqliyyat-logistika zəncirlərinin qırılması, vahid qlobal sistemin regionlaşma ilə əvəz olunması kontekstində şübhəsiz ki, bu gərginlik proseslərin ardıcıllığı ilə ahənglik təşkil edir. Bu gərginlik olmasa da iqtisadi əlaqələrin qırılması, regionlaşma, vahid qlobal sistemin, əmək bölgüsü sisteminin iflasa uğraması qaçılmaz idi. Çünki dünya iqtisadiyyatındakı struktur qeyri-tarazlıqları olduqca dərin idi və onların artıq pik həddə çatması müşahidə olunurdu. Ancaq Rusiya ilə Qərb arasındakı gərginlik prosesin altından bir xətt çəkmiş oldu. Ona görə də, Qərblə Rusiya arasındakı gərginliyin katalizator rolunu oynamasını, hadisələri sürətləndirməsini qeyd etmək olar. Amma proseslərin fundamental səbəbləri daha dərindir və bir valyutaya söykənən qlobal iqtisadi sistemin süqutuna doğru gedişat, düşünürəm ki, Rusiya ilə Qərb arasında qarşıdurma olmasa idi belə, qaçılmaz olacaqdı.


- Bir sıra Avropa ölkələrində kasıb və orta təbəqə üçün nəzərdə tutulan diskont-mağazalarda qiymətlərin kəskin şəkildə artması, bəzi malların yoxa çıxması bu təbəqələrin müflisləşməsinə gətirib çıxara bilərmi?
- Hesab edirəm ki, Qərb ölkələrində kəskin şəkildə inflyasiyanın artması eyni zamanda həm monetar, həm təklif inflyasiyasının üst-üstə düşməsi ilə bağlıdır. Ötən ilin ikinci yarısından başlayaraq, Amerika Birləşmiş Ştatlarında və avrozonaya daxil olan ölkələrdə sənaye inflyasiyası kəskin şəkildə artmağa başladı. Bu, struktur qeyri-tarazlıqları ilə bağlı idi, yəni monetar amil ön planda deyildi. Amma bununla yanaşı, sənaye inflyasiyasındakı qeyri-tarazlıqlara əsaslanan problemlər monetar inflyasiyanı da inkar etmir. Yəni hazırda Avropada və Qərbdə müşahidə edilən qiymət artımı iki inflyasiyanın üst-üstə düşməsi ilə bağlıdır: bir tərəfdən aparıcı emitentlər, mərkəzi banklar onsuz da pul kütləsini kəskin şəkildə artırırdı, digər tərəfdən isə bunun üstünə struktur böhranı ilə bağlı olan təklif inflyasiyası da gəldi. Yəni, istehsal, nəqliyyat-logistika zəncirlərinin qırılması, iqtisadiyyatın maliyyə sektoru ilə real sektor arasındakı uçurum nəticəsində Qərb iqtisadiyyatının sənaye sektorunda kifayət qədər mürəkkəb və problemli proseslər başladı.
Bizim bölgədə artıq pul kütləsi mövcud olmadığı üçün müşahidə edilən inflyasiya ilk növbədə yalnız "təklif inflyasiyası", "inflyasiyanın idxalı" ilə bağlıdırsa, Qərbdə baş verənlər iki inflyasiya prosesinin üst-üstə düşməsi ilə bağlıdır. Yəni həm kəskin şəkildə pul kütləsinin artımı nəticəsində monetar inflyasiya, həm də ki, təklif sferası və istehsal sferası ilə bağlı olan inflyasiya göstəriciləri müşahidə edilməkdədir ki, bu da qiymət artımınının kəskinləşməsini şərtləndirdi.

- Qiymət artımında xammal çatışmazlığı və logistika problemləri böyükmü rol oynayır?
- Uzun illər ərzində dünya iqtisadiyyatında mövcud olmuş qeyri-tarazlıq, maliyyə sektorunun real sektora nisbətən hipertrofik böyüməsi, hazırda mövcud olan struktur iqtisadi böhran, şübhəsiz ki, dünya iqtisadiyyatında xammal resursları çatışmazlığı məsələsini də aktuallaşdırır. Xammal resurslarının iqtisadiyyata inteqrasiyası ilə bağlı olan mövcud problemlər məhz dünya iqtisadiyyatının uzun illər ərzindəki qeyri-tarazlı inkişafı ilə bağlıdır. Bununla yanaşı, nəqliyyat-logistika sistemindəki daşınmalarda mövcud olan fasilələr, problemlər, nəqliyyat-logistika sistemindəki zəncirlərin sınması – bütün bu məsələlər də məhz dünya iqtisadiyyatında mövcud olan qeyri-tarazlı inkişafla bağlıdır. Biz göürürk ki, struktur böhranı, öz növbəsində, nəqliyyat-logistika sistemindəki problemləri də şərtləndirir və dərinləşdirir. Ona görə də, bu məsələlər sistemli şəkildə bir-biri ilə əlaqəlidir və düşünürəm ki, dünya iqtisadiyyatındakı struktur qeyri-tarazlıqları aradan qaldırılanadək iqtisadiyyatın müxtəlif seqmentlərində problemlərin dərinləşməsi labüddür.

- İndiki vəziyyətdə müxtəlif regionların, o cümlədən də Xəzəryanı bölgənin iqrisadiyyatı lokallaşa bilərmi? Danışdığımız kontekstdə mümkün risklərin qaradan qaldırılması üçün Xəzəryanı ölkələr hansı birgə səyləri göstərə bilərlər?
- Hesab edirəm ki, hazırkı şəraitdə bütövlükdə istehsalın, nəqliyyat-logistik zəncirlərin və satış bazarlarının lokallaşması dayanıqlı terndə çevrilməlidir. Yalnız bu halda iqtisadi cəhətdən rəqabətqabiliyyətlilik dayanıqlı şəkildə qoruna bilər. Bu nöqteyi-nəzərdən bölgəmizdə yerləşən dövlətlərin iqtisadi inteqrasiyası olduqca mühümdür. Çünki vahid qlobal sistem çökdükcə bizim bölgədə yerləşən dövlətlərin enerjidaşıyıcıları və bütövlükdə təbii resurslarının ixracatı hesabına vahid dollara söykənən sistemdən əldə edə biləcəkləri dividendlər azalmaqda olacaq. Bu labüddür. Belə olan halda dünya iqtisadiyyatında baş verən problemlərin bölgəmizə idxal edilməsi, qaçılmaz olur. Ona görə də, iqtisadi inteqrasiya meyillərinin dərinləşməsi, lokallaşma siyasəti, idxalın əvəz olunması və regional iqtisadi inteqrasiya zəruri istiqamətlər olmalı və bölgədə dayanıqlı trendlərə çevrilməlidir.

- Bəzi ekspertlərə görə, artıq dünyada dollara bağlı iqtisadiyyatın tənəzzülü prosesi başlayıb. Onlar ABŞ-ın Rusiyaya qarşı sanksiyalarının dolların nüfuzuna xələl gətirdiyini iddia edirlər. Sizcə, bu iddialar nə dərəcədə əsaslıdır?

- Uzun illər ərzində dollar hegemoniyasına söykənən dünya iqtisadiyyatının inkişaf meylləri iqtisadi qeyri-tarazlıqlara səbəb olmaqla yanaşı, struktur böhranının meydana çıxmasını labüd edirdi. Çünki maliyyə sektorunun şişməsi və bir valyutaya söykənən dünya ticarəti, dünya iqtisadiyyatı, əmək bölgüsü sisteminin inkişaf etməsi ciddi problemlərin meydana çıxmasına şərait yaratmalı idi. Belə olan halda böhrandan sonrakı dövr üçün, şübhəsiz ki, bir valyutaya söykənən dünya iqtisadi sistemi mövcud ola bilməz. Biz görürük ki, artıq dolların dünya iqtisadiyyatında xeyli dərəcədə toksikləşməsi prosesi müşahidə edilir. Rusiya ilə Qərb arasındakı böhran bu prosesə təkan verdi. Belə ki, tədricən alternativ valyutalarla, alternativ formalarda hesabatların, hesablaşmaların aparılması gündəmə çıxır və güc mərkəzləri dollardan başqa alternativ mexanizmlərə üz tuturlar. Şübhəsiz ki, bu proses kifayət qədər uzunmüddətli olacaq. Bu hadisələrin uzun illər ərzində inkişaf edəcəyini gözləmək olar. Prosesin dünya iqtisadiyyatı üçün ağrılı olması da qaçılmazdır. Amma, bununla yanaşı, dayanıqlı, uzunmüddətli trendlər, zənnimcə, ondan ibarət olacaq ki, dünya iqtisadiyyatında dolların xüsusi çəkisi tədricən azalacaq və bu, iqtisadiyyatdakı qeyri-tarazlıqların aradan qaldırılmasına şərait formalaşdıracaq.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Böhran   dollar  





Xəbər lenti