Fərrux əməliyyatı: səbəblər və nəticələr + FOTOLAR

// Rus sülhməramlıları kənddə papaqlarını günə yandırırlar

      Fərrux əməliyyatı:    səbəblər və nəticələr   + FOTOLAR
  10 Aprel 2022    Oxunub:13027
○ XÜSUSİ REPORTAJ

Azərbaycan Müdafiə Nazirliyinin 2021-ci il payızın ortalarından başlayaraq yaydığı məlumatlara diqqət yetirsək, ordumuzun mövqelərinin eyni istiqamətdən sıx-sıx, mahiyyətcə fərqli şəkildə olsa da, təkrar atəşə tutulması ilə bağlı xəbərlər görə bilərik. Bu o deməkdir ki, separatçi qurumun qeyri-qanuni silahlı birləşmələri Rusiya sülhməramlı kontingentinin (RSK) dərin yuxuda olmasından istifadə edərək, daim yeni istehkam qurğuları tikmək eşqilə alışıb yanır, əslində işğal siyasətini davam etdirməyə çalışırlar.


Azərbaycanın hərbi-siyasi rəhbərliyinin “qırmızı xətlərini” 2020-ci ilin 10 noyabr Bəyanatının müddəalarının həyata keçirilməsinin təminatçısı olan şəxslərin gözləri qarşısında sistemli şəkildə tapdalayan yaddaşsız erməni revanşistləri inadla növbəti müharibəyə hazırlaşırlar. Yüzlərlə yeni istehkamlar tikərək, terrorçu birləşmələrini müasir videomüşahidə və rabitə vasitələri ilə təmin edir, yanacaq və ərzaqla fasiləsiz təminat xətti yaradırlar. Onlar siyasi vəziyyətin dəyişməsinə və üçüncü qüvvələrin qaçılmaz müdaxiləsinə ürəkdən ümid edirlər. Amma boş yerə...


Azərbaycanın Silahlı Qüvvələri istehkamlarının yerini dəqiqləşdirmək üçün həyata keçirdiyi son tədbirlərlə bir daha göstərdi ki, o öz ərazisində yarımçıq düşmən elementinə dözmək niyyətində deyil. Mart ayında bölmələrimizin Ağdam-Xocalı istiqamətində ilkin dislokasiya xəttini yenidən formatlaşdırmasının mahiyyəti məhz bu strateji ehtiyacla bağlıdır.


Ordumuz ilk növbədə Xaçınçayın mənsəbini və ən böyük şirin su anbarını işğaldan azad etdi. Daha sonra rayonun bir çox ətraf yaşayış məntəqələrini və geniş əkin sahələrini təmin etməyə qadir Xaçınçay su anbarını mühafizə altına aldı. Ermənistan silahlı qüvvələrinin işğalçı kontingenti Ağdam rayonu ərazisindən çıxarılana, yəni bu il martın 24-dək məhz həmin su anbarının yanında (Fərrux kəndinə gedən yolda) yerləşirdi. Əlbəttə, Rusiya sülhməramlıları bu faktdan, eləcə də sona qədər məhv edilməmiş erməni revanşistlərinin davamlı təxribatlarından xəbərdar idilər.


Azərbaycan Silahlı Qüvvələrinin qarşısına qoyulan ikinci prioritet vəzifə perimetri boyu bütün mühüm yüksəklikləri tutmaq, bununla Fərrux dağının ətəyindəki geniş vadini erməni terrorçularından azad edərək, Cinli, Çullu, Əlimədədli, Mollalar və Əliağalı kəndlərinin təhlükəsizliyini təmin etmək idi.


Fərrux silsiləsindəki görünməyən Yeddixırman, Daşbaşı zirvələri, 1050 və 1145 saylı adsız yüksəklikləri həm vadi üzərində, həm də onun əks tərəfindəki Pirlər, Xanabad kəndlərində, ta Əsgərana qədər vizual və zəruri hallarda atəşə nəzarət perimetrinə çevrildi. Cəsarətli və qətiyyətli planın həyata keçirilməsi başa çatdıqda vəziyyətin ümidsizliyini dərk edən separatçı qrup reallıqdan uzaqlaşaraq, iddia etməyə başladı ki, yüksəkliklərdən biri Fərrux yaylasından kənardakı cinahda yerləşir və "hələ", ya da "qismən" qeyri-qanuni silahlı dəstələrin nəzarəti altındadır.


Artıq açıq söyləmək olar ki, Azərbaycan ordusunun 1258,2 hündürlüyünü tutmaq vəzifəsi yox idi, çünki onun qarşısı bizim nəzarətimizə keçmiş 1050 və 1145 saylı adsız hündürlüklərdən ibarət düz divarla bağlanıb. Fərrux yaylasının yaxınlığından dərəyə gedən yolu və təhlükəsizlik kəmərini bağlayan məhz bu silsiləsidir. Amma lazım gələrsə, Azərbaycan Silahlı Qüvvələrinin bölmələri hər hansı tapşırığı yerinə yetirməyə qadirdir... həm də təkcə burada yox!


Sülhməramlıların komandanlığının baş verənlərə tamamilə məntiqsiz reaksiyasını ayrıca qeyd etmək istərdim. Hazırda Fərrux kəndində sülhməramlıların bu ərazilərin həqiqi sahiblərindən qorumağa hazırlaşdıqları evlərdən daha çox zirehli texnikası və şəxsi heyəti var. Bəs kiçik yaşayış məntəqəsi artıq Azərbaycan ordusunun strateji cəhətdən əlverişli mövqelərinin arxasında qalıbsa, dağ yaylasının ətəyindəki çökəklikdə hərtərəfli müdafiə olunmağın və ətrafı perimetr boyu qazımağın nə mənası var?

Bəlkə də, 90-cı illərin əvvəllərində erməni talançıların zəbt etdiyi onlarla köhnə tikilidən yüz metr aralıda Yeni Fərrux kəndinin salınması sülhməramlıların işğalçıların tərk etdiyi daxmaların arasında qalmasının mənasızlığını bir daha aydın nümayiş etdirəcək...

Hans Kloss Xüsusi olaraq AzVision.az üçün
Tərcümə: Nadir Quliyev



Teqlər: Qarabağ   Fərrux  





Xəbər lenti