Su mənbələrindən istifadə pulu: zəruri idi, amma... - Təhlil

// Yedi ödənişin qiymətlərin ümumi səviyyəsinə təsirinə nəzarət edilməlidir

   Su mənbələrindən istifadə pulu: zəruri idi,    amma... -  Təhlil
  05 Aprel 2022    Oxunub:1671
Bəziləri gileylənirlər ki, getdikcə hər şey ödənişli olur. "Birazdan nəfəs aldığım hava da pullu olacaq" deyənlər var. Nəzərə alınmır ki, bazar iqtisadiyyatı şəraitində ödənişsiz heç nə olmur. Xüsusən də təbii resurslar tükənməz deyil və onlardan istifadəyə qənaətlə yanaşmaq lazımdır. Bu baxımdan, hökumətin keçən ayın 17-də verdiyi qərar ciddi müzakirələrə yol açıb.
Əslində Nazirlər Kabinetinin (NK) ölkədə sudan istifadəyə görə ödənişlərin tədbiqinə dair qərarı zərurətdən irəli gəlmişdi. Qərara görə vətəndaşların yaxın gələcəkdə çaylardan, göllərdən və anbarlardan, o cümlədən, həyətlərində xüsusi qurğularla su əldə etmələri belə ödənişli olacaq. Tarif (Qiymət) Şurası bütün bunlara dair müvafiq haqları və yaxud qiymətləri müəyyən edəcək.

Su təbii sərvətdir, odur ki, ondan istifadə müəyyən qaydalara əsaslanmalı və bu sahədə nəzarət mexanizmi fəaliyyət göstərməlidir. Bunu əslində çoxdan etmək lazım idi. Xüsusən də o baxımdan ki, həm dünyada, həm ölkəmizdə içməli və texniki su ehtiyatları və istifadəsi sahəsində ciddi problemlər mövcuddur, getdikcə də bu problemlər kəskinləşməkdədir.

Su sahəsində ciddi problemlərin olduğunu deyəndə təəssüf ki, əhali buna diqqət yetirmir və söhbətin nədən getdiyinin fərqinə varmayaraq, maraq göstərmir. Halbuki, hökumət səviyyəsində bir neçə dəfə dövlət başçısının sədrliyi ilə su ehtiyatları və ondan istifadə ilə bağlı iclaslar, müşavirələr keçirilib, dönə-dönə səsləndirilib ki, ölkəmizi su ilə bağlı məsələlərdə yaxın perspektivdə çox ciddi təhlükə gözləyir. Bu, bütün dünya üzrə belədir. Azərbaycan da dünyanın bir parçası olduğundan, tədbirlər görülməsə, ciddi böhranla üzləşə bilərik.

Səbəblərdən biri iqlim şəraiti ilə bağlıdır. Bu, regionlarda torpaq, ev təsərrüfatı sahibləri tərəfindən əyani hiss olunur. İkinci səbəbi isə sudan istifadəyə nəzarətin olmaması və nəticədə kəskin israfçılıq, itkilərlə bağlıdır. Birincisi obyektiv xarakter daşısa da, ikinci müdaxilə tələb edir. Ona görə də sudan istifadə, istehlak qaydalarına dövlət tərəfindən nəzarətin təmin olunması və bunu durmadan gücləndirmək vacibdir. Ölkə iqtisadiyyatının inkişafı, xüsusən də ərzaq təhlükəsizliyimizin təmin olunması sarıdan bu, hökumətin qarşısında duran ümdə məsələlərdən sayılır.

Lakin bu zaman bir sual yaranır. Bu addım, yəni yaradılacaq yeni mexanizm bütün digər sahələrdəki xidmət və qiymətlərə təsir etməyəcəkmi?! Təbii ki, edəcək. Çünki ortaya yeni ödəniş mexanizmi və vasitəsi gəlir.

Xüsusən də nəzərə alsaq ki müəyyən olunacaq yeni qaydalara əsasən, texniki qurğular və avadanlıqlar tətbiq etməklə su və su təsərrüfatı obyektlərindən, o cümlədən yerüstü və yeraltı təbii su mənbələrindən, su anbarlarından bilavasitə su götürən hüquqi və ya fiziki şəxslər suyun həcminə görə ödənişlər həyata keçirəcəklər, demək, zəncirvari olaraq digər sahələrdə qiymətlərə təsirsiz ötüşməsi əsla mümkün deyil. Düzdür, bu zaman differensiallaşdırılma siyasəti də yürüdüləcək. Lakin istər-istəməz yeni xərclər yaranacağından digər sferalara aid qiymətlərin səviyyəsi də artmalı olacaq.

Təkrar edirəm, başqa çarə yoxdur: dövlət son illər ərzində külli məbləğdə investisiya, böyük məbləğdə maliyyə vəsaitləri hesabına su anbarları tikərək istifadəyə versə də, yenə su problemi var. Rayonlarda hətta artezian quyularının qazılmasına da dövlət vəsait ayırır. Bütün bunların müqabilində isə real nəticə heç də ürəkaçan deyil. Belə ki, yenə də bir çox bölgələrdə su çatışmazlığı var, yay fəslində suvarma işlərində böyük problemlər olur. Hətta yerlərdə bununla bağlı ciddi münaqişələr və hadisələr ortaya çıxır. Bu da ciddi siqnaldır. Əgər nəzarət olmasa yaxın 5-10 ildə bizi çox acınacaqlı vəziyyət gözləyir.

Ümumiyyətlə, su ilə bağlı elə ciddi problemlərlə üzləşə bilərik ki, onu real təsəvvür etmək mümkün deyil. Nazirlər Kabinetinin qərarı da göstərir ki, hökumət təhlükəni görür və bunla bağlı müvafiq addımlar atmağa çalışır. Hesab edirəm, sudan istifadəyə görə ödəniş mexanizminin tədbiqi bu sahəyə dövlət nəzarətinin tədbiq olunması ilə ehtiyatlardan səmərəli istifadə üçün yol açmaqla yanaşı, yeni-yeni su anbarlarının tikintisi və müvafiq itkilərin qarşısını almaq baxımından da vəsait qoyuluşuna əlavə imkan və şərait yaradacaq. Məsələn, Bakı-Qəbələ-Oğuz su kəmərinin çəkilişinə milyonlarla vəsait sərf olundu və bu, Bakının su təminatında mühüm rol oynadı. Ancaq adı çəkilən kəmər kifayətdirmi?! Xeyr...

Əhalinin sayı durmadan artır, iqtisadiyyat inkişaf edir və genişlənir, iri sənaye obyektləri və sahələri yaranır. Elektrik enerjisinə və digər komunal xidmətlərə ehtiyac fasiləsiz artdığı kimi, suya tələb də yüksələn xəttlə inkişaf etməkdədir. Odur ki, yeni su mənbələrinin əldə edilməsi və ehtiyatlarının təşkili üçün əlavə vəsait qoyuluşlarına tələb durmadan artır. Ancaq sudan istifadə qiymətləri elə tənzimlənməlidir ki, qarşıya qoyulan məqsədə nail olunsun və həyatımıza tezliklə daxil olacaq bu yeni ödəmə mexanizmi ümumi istehlak qiymətlərinin səviyyəsinə ciddi təsir göstərməsin.


Pərviz Heydərov
Azvision.az üçün



Teqlər: Su-pulu   Su-mənbələrindən-istifadə  





Xəbər lenti