Delyagini danışdıran hansı "qüvvə" olub?
"Qonşularla dostluğun əleyhinə çıxış edən və Azərbaycana zərbə endirmək tələbini qoyan Dövlət Dumasının İqtisadi siyasət komitəsinin sədrinin müavini Mixail Delyagin öz maraqları naminə Bakı ilə münasibətləri korlayır. Delyagin Rusiyadakı erməni diasporunun onun şəxsi varlanmasını təmin edə biləcəyi barədə qayğısını ölkənin milli maraqlarından üstün tutur. Halbuki, Azərbaycan Rusiyanın əsas müttəfiqlərindən biridir: LDXR-in tanınmasına bir gün qalmış, əməkdaşlıq barədə müqavilənin imzalanması üçün Əliyev Moskvaya gəldi, beynəlxalq təşkilatlarda Bakı Rusiyanın əleyhinə səs vermir və neytrallıq nümayiş etdirir“,- "Kremlovskiy mamkoved” yazır.
"Telegram"ın daha bir məşhur səhifəsi olan “VÇK-OQPU” da Mixail Delyaginin sağlam məntiqlə izah edilə bilməyən təklifinin erməni diasporunun ianələrindən qaynaqlandığına diqqət çəkir:
“Aydındır ki, Delyagin məqsədyönlü şəkildə Rusiya ilə Bakının dostluğunun əleyhinə çıxır. Yəqin erməni tərəfinin xeyri üçün. Görünür, yaranmış vəziyyətdə Delyagin üçün milli mənafelöər yoxdur, yalnız RF-dəki erməni siyasi diasporunun doldurduğu şəxsi cibi var. Azərbaycana belə açıq-aşkar hücumu başqa cür izah etmək mümkün deyil. Bakı həmişə Kremlin və Putinin müttəfiqi olub. Xatırladaq ki, DXR-in və LXR-in tanınmasından bir gün əvvəl Əliyev Moskvaya gələrək, Putinlə müttəfiqlik müqaviləsi imzaladı. Bundan başqa, Bakı Ermənistandan fərqli olaraq, beynəlxalq təşkilatlarda Rusiyanın əleyhinə səs vermir və nəhəng xarici təzyiqə baxmayaraq neytral mövqeyini qoruyub saxlayır. Mənbələr onu da bildirirlər ki, Delyaginin Bakıya münasibətdə verdiyi bəyanatlar Prezident Administrasiyasında çox güclü gərginlik və narazılıq yaradıb ki, bu da təəccüblü deyil. Çünki Rusiya üçün yaranmış indiki vəziyyətdə ya böyük axmaqlıq üzündən, ya da ki, böyük pullar qarşılığında öz müttəfiqlərini nüvə silahı ilə hədələmək olar”.
Sosial şəbəkələrdə yayımlanan belə şərhlər “Ədalətli Rusiya-həqiqət uğrunda” partiyasından olan Dövlət Dumasının deputatı Mixail Delyaginin “ədalət” və “həqiqət” anlayışlarını, xüsusilə də Moskvanın imicini necə delavasiyaya uğratdığının Rusiya cəmiyyətində yaxşı başa düşüldüyünü sübuta yetirir. Təsadüfi deyil ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun və Rusiya XİN-in də mövqeləri Delyaginin bəyanatlarının yolverilməz olduğunu diqqətə çatdırdı. Məhz Azərbaycanın sərt reaksiyası və rəsmi Moskvanın mövqeyi Mixail Delyagini üzr istəmək məcburiyyətində qoydu.
Bununla belə, Delyaginin üzrxahlığında bəyanatının daha çox emosiyalardan və tok-şou formatından qaynaqlandığını vurğulaması diqqətdən yayınmamalıdır. Çünki, Rusiyanın mərkəzi kanallarında yayımlanan xəbərlər proqramlarında və siyasi tok-şoularda vaxtaşırı anti-Azərbaycan xarakterli məlumatların yayılması, bəyanatların səsləndirilməsi demək olar ki, ənənəyə çevrilib. Hətta Azərbaycan tərəfinin dəfələrlə haqlı narazılğına və tələblərinə baxmayaraq, bu kanallarda qəribə bir inadcıllıqla “Dağlıq Qarabağ” ifadəsi səsləndirilir.
Bu baxımdan, Delyaginin bəyanatının erməni diasporundan aldığı ianələrdən qaynaqlandığı barədə Telegram-kanal səhifələrində yer alan fikirlər heç də təsadüfi deyil. Məhz erməni diasporunun ianələrindən qidalanan rusiyalı teleaparıcılar nəinki özləri açıq-aşkar ermənipərəs mövqedən çıxış edirlər, hətta studiyadakı əksər ekspertləri də belə münasibət sərgiləməyə məcbur etməyə çalışırlar. Bunun üçün dünən “Rossiya-1” kanalında “60 dəqiqə” (mosk. vaxtı ilə 17:30-da) verilişinin aparıcı Olqa Skabeyevanın daim Azərbaycanın haqlı mövqeyini dəstəkləyən ekspert, “Nasionlnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenkoya təzyiq göstərmək cəhdini əks etdirən hisəssinə baxmaq kifayətdir.
İ. Korotçneko: “...Əlbəttə ki, yaxın ölkələrdən Qazaxıstan və Azərbaycanla əlaqələr çox vacibdir...”
O. Skabeyeva: “İqor Yuryeviç, Siz Ermənistanı unutdunuz”.
İ. Korotçenko: “Əlbəttə ki, Ermənistan da. Ermənistan KTMT-nin və Avrasiya İqtisadi İttifaqının üzvüdür...Amma mən Qazaxıstanla Azərbaycanı sənaye-iqtisadi potensialları baxımından qeyd etdim...”
O. Skabeyeva: “Amma Ermənistanda isə, demək olar ki, hər gün “Z” hərfinin nümayişi ilə Rusiyaya dəstək mitinqləri keçirilir”.
Tok-şounun aparıcılarının İqor Korotçenkoya təzyiq cəhdləri yalnız söz güləşdirməsində yox, onun Rsuiyanın Azərbaycan və Türkiyə ilə münasibətlərinin vacibliyi barədə mükalimələrini söylədiyi vaxt Olqa Skabeyeva və onun əri Yevgeni Popovun istehzalı simalarında da özünü əks etdirirdi.
Razılaşın ki, İqor Korotçenkonun çıxışına zorla Ermənistan çalarını qataraq, studiyanın qonaqlarının beyninə ermənilərin Rusiyaya “sədaqət”ini həkk etdirməyə çalışan aparıcıların obyektivliyinə və onların erməni diasporuna, sözsüz ki, müftə-müsəlləf yox, xidmət göstərmədiyinə inanmaq mümkün deyil. Məhz belə məqamlar Mixail Delyagin və bəzi digər ekspertlərin bu cür aparıcıların təkidi və təşəbbüsü ilə erməni diasporunun və erməniçilik ideoloqlarının xidmətinə cəlb olunduğunu düşünməyə əsas verir. Rusiya telekanallarında erməni mənşəli rusiyalı ekspertlərin və siyasətbazların meydan sulaması isə artıq sağalmaz bir mərəzə çevrilib. Təəssüflər olsun ki, ruslardan daha çox rus olduqlarını göstərməyə çalışan bu buqələmunların məkrli mahiyyətini Rusiyada hələ də dərk etməyənlərin sayı bunu başa düşənlərdən daha çoxdur.
Bu baxımdan, demək olar ki, Rusiyanın media məkanının ermənilərin və onların muzdlu qulbeçələrinin ixtiyarına verilməsi Moskvanın ən zəif tərəflərindən biri, daha doğrusu onun “Axilles dabanıdır. Çünki, Rusiya mediasında at oynadan bu qüvvələr rus xalqını bütün dünya ilə düşmənçilik həddinə çatdırıb. Buna görə də, Delyagin və onun kimilərinin belə təxribatçı bəyanatları təəccüblü görünmür.
Sahil İsgəndərov, politoloq
AzVision.az