Sülhmər.am-lılar

// Missiya öz mahiyyətini düzgün dərk etmir

 Sülhmər.am-lılar
  28 Mart 2022    Oxunub:3455
Erməni tərəfinin və xaricdəki bəzi dairələrin son günlər Azərbaycanın Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazilərində guya ciddi gərginlik yaşandığı barədə spekulyativ bəyanatları bir problemi xeyli aktuallaşdırıb. Bu problem isə rəsmi Bakının razılığı ilə həmin ərazilərdə 5 il müddətinə yerləşdirilən rusiyalı sülhməramlıların öz missiyasını yerinə yetirə bilməməsi və ya bundan yayınmaq cəhdi ilə bağlıdır.
44 günlük Vətən müharibəsində düçar olduğu ağır məğlubiyyətin tam iflasa çevrilməsindən qaçmağa çalışan Ermənistan hakimiyyəti Rusiyanın vasitəçiliyi ilə 2020-ci il noyabrın 10-da Azərbaycanla üçtərəfli Bəyannamə imzalamaq məcburiyyətində qaldı. Həmin sənədin 4-cü bəndinə əsasən, erməni silahlı qüvvələrinin geri çəkilməsinə parallel olaraq, Azərbaycanın Qarabağ bölgəsindəki bəzi ərazilərində Rusiyanın sülhməramlı kontingentinin yerləşdirilməsi nəzərdə tutulur.

İstər ikitərəfli, istərsə də çoxtərəfli münasibətlərdə öz üzərinə götürdüyü öhdəliklərə sadiq qalan Azərbaycan 10 noyabr Bəyannaməsində ehtiva olunan müddəaları həyata keçirsə də, qarşı tərəf ənənəvi qaydada öz öhdəliklərindən yayınmağa çalışır. Bu məsələdə Ermənistan həmişə olduğu kimi, xarici havadarlarının dəstəyinə arxalanır.
Təcavüzə dəstək də təcavüzdür… Yoxsa Qərb belə düşünmür?

Təəssüf ki, rəsmi İrəvanı destruktiv addımlara həvəsləndirən əsas amillərdən biri də 16 ay keçməsinə baxmayaraq, sülhməramlı qüvvələrinin həmin ərazilərdən erməni silahlı qüvvələrini tam şəkildə çıxarmamasıdır. Görünür, Moskvada bəzilərinin fikrincə, bu sülhməramlı qüvvələrin missiyası yalnız və yalnız bölgədəki ermənilərin təhlükəsizliyini təmin etmək və oradan köçüb getmək istəyənləri zorla tutub saxlamaqdır. Digər tərəfdən, bir sıra hallarda ifrat ermənipərəst xarici siyasətbazların rusiyalı sülhməramlıların nəzarəti altında olan Laçın dəhlizi vasitəsilə Qarabağa gəlməsi və orada təxribatçı bəyanatlar səsləndirməsi də Azərbaycan tərəfində haqlı narazılıq doğurur.

Maraqlıdır ki, rəsmi Bakının sərt etirazları nəticəsində rusiyalı sülməramlıların fəaliyyətində müşahidə olunan neqativ hallar səngisə də, bir müddət sonra belə vəziyyət yenidən öz məcrasına qayıdır. Son nəticədə bunu özləri üçün kart-blanş kimi qiymətləndirən və hələ də Qarabağ bölgəsindən çıxarılmayan erməni silahlı qüvvələri vaxtaşırı silahlı təxribatlar törədir, yeni hərbi istehkamlar yaratmağa çalışırlar. Onların həmin ərazilərdən çıxarmalı olan rusiyalı sülhməramlılar isə bir növ erməni silahlılarının təhlükəsizliyinin təminatçısı rolunda çıxış edirlər ki, bu da birmənalı şəkildə 2020-ci il noyabr 10-da imzalanmış üçtərəfli Bəyannamənin ruhu ilə tam ziddiyyət təşkil edir.

Rusiyalı sülhməramlıların belə “fəaliyyəti” eyni zamanda bu il fevralın 22-də Azərbaycanla Rusiya arasında Moskvada imzalanmış müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamədən irəli gələn münasibətlərə də ciddi zərbədir. Həmin sənəddə tərəflərin bir-birlərinin ərazi bütövlüyünə hörmətlə yanaşacağı, ekstremizm və separatçılıq təhdidlərinə qarşı mübarizədə səylərini birləşdirəcəyi müddəası öz əksini tapıb. Belə olan tərzdə, rusiyalı sülhməramlıların Qarabağ bölgəsindəki erməni separatçılarının tör-töküntülərinə xüsusi “rəğbəti” nədən qaynaqlanır? Bəlkə, həmin sülhməramlıların rəhbərliyinin və zabit heyətinin maraqları Rusiya Federasiyasının maraqları ilə tərs mütənasibdir?

O da istisna deyil ki, Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının rəhbərliyi bu missiyanın həm də siyasi mahiyyət daşıdığını dərk etmir. Əgər belədirsə, rəsmi Moskva bu həqiqəti də öz sülhməramlılarına çox aydın şəkildə başa salmalıdır.

Sahil İsgəndərov, politoloq
AzVision.az


Teqlər:   Sülhməramlı   Rusiya   Ermənistan  





Xəbər lenti