Qida məhsullarının ixracı niyə məhdudlaşdırılıb – Şərh

// Ərzaq təhlükəsizliyi hökumətin nəzarəti altındadır

   Qida məhsullarının ixracı niyə məhdudlaşdırılıb –    Şərh
  27 Mart 2022    Oxunub:1809
Nazirlər Kabinetinin “Minimum istehlak səbətinin tərkibinə daxil olan bir sıra əsas ərzaq mallarının və onların istehsalında istifadə olunan malların ölkə ərazisindən aparılmasının tənzimlənməsinə dair tədbirlər haqqında” qərarı ilə ilin sonunadək zəruri qida məhsullarının ölkədən kənara çıxarılmasına və satışına nəzarət yaradılacaq. Bu zaman həmin məhsullar üzrə ölkədə real vəziyyət, ehtiyatlar və əhalinin təminatı ilə bağlı proqnozlar əsas götürüləndən sonra, kənara satışına icazə veriləcək.
Qərara əsasən dekabrın 31-dək ölkəmizin ərazisindən aparılması müvəqqəti tənzimlənəcək malların sırasına əsasən ət və toyuq məhsulları, diri iribuynuzlu mal-qara, diri qoyunlar və keçilər, təzə və ya soyudulmuş iribuynuzlu mal-qara əti, dondurulmuş iribuynuzlu mal-qara əti, təzə, soyudulmuş və ya dondurulmuş qoyun və ya keçi əti və s. adda ümumən 28 mal daxildir.

Əslində, ortada qorxulu heç bir mənzərə və tendensiya yoxdur. Sadəcə olaraq, Rusiya-Ukrayna müharibəsiylə əlaqədar qlobal bazarlarda, istehsal və istehlak münasibətlərində təlatüm hökm sürür. Bütün ölkələrdə ciddi inflasiya müşahidə olunur - qiymətlər yüksəlir, bahalaşma genişlənir. Avropada enerjidaşıyıcılarının qiymətlərinin kəllə-çarxa çatması rekord səviyyədə inflyasiya yaradıb. Odur ki, müəyyən məhsullar üzrə çatışmazlıq yaranacağı gözləntisi var. Və bunu qarşılamaq üçün indidən müəyyən addımlar atmaq tələb olunur.

Hökumətin parlamentdə hesabatı zamanı da bu məsələlərə toxunulmuşdu. Xatırladım ki, hökumət bundan əvvəl antiinflyasiya tədbirləri haqda qərar da vermişdi. Ardınca müəyyən qrup məhsulların ölkədən kənara daşınmasına nəzarət edilməsi, yəni bu sahədə də müvafiq tənzimləyici siyasət yeridilməsi tam məntiqidir. Çünki iş adamlarımızın və sahibkarların çıxdıqları xüsusən, yaxın və ənənəvi bazarlarda kəskin qiymət artımları və inflyasiya prosesi mövcuddur ki, bu da daxili bazarımızın qorunması qayğısına qalmağı tələb edir.

Bəzi iqtisadçılar məsələn, Rusiyada rublun məzənnədən düşməsilə bu ölkədən bizə ixracın stimullaşdığını qeyd edirlər. Lakin unudurlar ki, adı çəkilən ölkə sanksiya bombardımanı altında olduğundan baş verməkdə olan iqtisadi proseslər içində rublun dəyər itirməsi məsələnin təkcə bir və çox xırda hissəsidir. Bu ölkədə istehsal da getdikcə dalana dirənməyə doğru irəliləyir, marketlərdə və bazarlarda piştaxtalar boşalır. Və əslində, bizdən bu ölkəyə ixrac üçün stimul rüşeymləri təşəkkül tapır.

Bahalaşma keçən ilin əvvəlindən müşahidə edilir və bu özünü ən çox ərzaq məhsullarında göstərir. 2021-ci ildə 2-4 faiz aralığında nəzərdə tutulsa da, illik inflyasiya 12 faiz təşkil etdi. Ərzaq məhsullarının bahalaşması 15,8 faiz təşkil etməklə, ümumi inflyasiya həddinin təxminən 3/5 hissəsinə bərabər oldu.

Eyni tendensiya bu gün də davam edir. Cari ilin yanvar-fevral aylarında inflyasiya göstəricisi 2021-ci ilin eyni aylarına nisbətən 12,2, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 17,2, qeyri-ərzaq məhsulları üzrə 6, əhaliyə xidmətlər üzrə isə 10,2 faiz artıb.

Lakin, proses hökumətin nəzarəti altındadır və ölkədə inflyasiya əleyhinə konkret tədbirlər planı, baxış sistemi mövcuddur. Hökumətin inflyasiya və daxili bazarın qorunmasına dair qərarları da məhz bunun təzahürüdür.


Pərviz Heydərov
Azvision.az üçün



Teqlər: Ərzaq  





Xəbər lenti