“Region qapanacaq və mərkəzləşəcək” – Aydarxan Kusainov (Müsahibə)

   “Region qapanacaq və mərkəzləşəcək” –    Aydarxan Kusainov (Müsahibə)
  16 Mart 2022    Oxunub:2775
“Qərbin Rusiyaya qarşı sanksiyalarının Xəzəryanı ölkələrə hər hansı bir təhlükə və risk yaradacağını düşünmürəm. Çünki Xəzəryanı dövlətlərin əslində kifayət qədər sadə modeli var. Bunlar ərzaq və xammaldır. Heç kim xammaldan imtina etməyib, qazı, nefti, digər hər şeyi istəyən var. İqtisadi baxımdan Xəzəryanı ölkələrlə müəyyən oyunlar oynanacağına inanıram. Bu mənada sanksiyaların prinsipial əhəmiyyəti yoxdur, yalnız emosional hissəsi var”.
Bu sözləri AzVision.az -a müsahibəsində iqtisadçı ekspert, Qazaxıstan Respublikası Milli Bankının sədrinin keçmiş müşaviri Aydarxan Kusainov deyib. Onun sözlərinə görə, bu gün bir çox müqavilələr logistik problemlərlə üzləşir, müharibə gedir, lakin həmişə belə olacağını düşünmək olmaz:

- Bunları açıq şəkildə söyləməyim təcrübəmdən irəli gəlir. Hamı təlaş içindədir, müqavilələr pozulur. Məlumdur ki, transmilli şirkətlərin regional bölmələri var, yəqin ki, Aİ ölkələri Moskvadakı regional bölməyə tabe idilər. Burada müəyyən pozulma var, amma bu, sırf təşkilati xarakter daşıyır. Ona görə də, bu ani çətinliklər yığınından çıxsaq, sanksiyaların özü iqtisadi vəziyyət baxımından Xəzəryanı ölkələrə ciddi təsir etməyəcək. Digər tərəfdən, tamamilə razıyam ki, bu sanksiyalar Rusiyanın iqtisadi mənzərəsini dəyişdi və bu baxımdan Xəzəryanı dövlətlər üçün daha çox imkanlar açılır.

- Hansı imkanlar?
- Məsələn, İrandan keçən nəqliyyatın sayı artacaq, İran və Azərbaycandan, Xəzər dənizini ətrafından keçən cənub dəhlizinin rolu yüksələcək. Yəni tranzit bu və ya digər formada artacaq. Düşünürəm ki, şərqə, Çinə və əks istiqamətə ticarət, prinsipcə, Qazaxıstan və Qafqaz vasitəsilə aktivləşdirilir. Ona görə də hesab edirəm ki, regionda yük axını fəallaşacaq. Nə dərəcədə olacağını deyə bilmirəm.

Əslində yeni imkanlar daha çox yaranacaq, çünki Rusiya idxalı daha çox əvəz etməyə çalışacaq. Rusiya prinsipcə özünü təmin edir, bununla belə, proseslər daha da intensivləşəcək. Çox güman ki, Rusiya şirkətlərinin Xəzər regionunda investisiya fəaliyyəti də aktivləşəcək. Üstəlik ola bilər ki, Çin kreditorları logistika və bir növ uzunmüddətli təminat baxımından daha da aktivləşsinlər. Çünki təhlükəsizlik arxitekturası dəyişir və bu baxımdan daxili Avrasiya həm Çin, həm də Rusiya üçün xüsusi əhəmiyyət kəsb edir. 2014-cü ildən sonra Rusiyanın xarici ölkələrə investisiyalarının əhəmiyyətli dərəcədə artdığını gözardı etmək olmaz. Şərqi Avropada Rusiya bankları ən böyük kreditorlardan biridir.

Üçüncüsü də, hər şey Xəzər hövzəsi hökümətlərinin özlərinin bu imkanlardan istifadə etməyə nə dərəcədə hazır olmasından asılıdır. Hazır olmayacaqları ilə bağlı mühüm risk var. Əslində, daha geniş şəkildə baxsanız, dünya ciddi iqtisadi böhrana girir və mənə elə gəlir ki, müəyyən qədər konspiroloji nəzəriyyələrindən istifadə olunacaq; indi bütün problemləri Rusiyanın üzərinə yıxmaq çox rahatdır. Yəni bu hekayə dünyada inflyasiyanın düzgün olmayan kəmiyyət yumşaldılmasından bəhs edir, halbuki o əvvəldən belə idi.

Aydındır ki, humanitar siyasətin sərtləşdirilməsi inkişaf etməkdə olan ölkələrdən kapital axınına gətirib çıxaracaq. Biz bunu 2015-ci ildə gördük, ciddi böhran idi, amma nədənsə bunu Krım hadisələri fonunda hiss etmədik. 2014-15-ci illərdə isə dünyada ciddi böhran yaşandı. İnkişaf etməkdə olan ölkələrdən kapital axını oldu, birjalarda eniş baş verdi, dünya iqtisadiyyatında ləngimə oldu. Burada onu da qeyd etmək vacibdir ki, 2014-15-ci illərdə bütün bunlar Rusiyaya cəza kimi verilmişdi, əslində isə investisiya proqramlarının böyük həcmdə məhdudlaşdırılmasının bir hissəsi idi.

Bu gün neftin qiymətinin qalxması məni qorxudur. Hesab edirəm ki, bu, neft hasil edən dövlətlər üçün təhlükəli sevincdir, eyforiyadır. Mən əsl fırtınanın payızda başlayacağını düşünürəm. İndi bazarlar çaşqınlıq içindədir; amerikalılar Venesuelaya getdilər, İranla danışdılar, bunlar qısamüddətli həll cəhdlərdir. Onların uzunmüddətli həll planları da var. Kanadada çoxlu neft mövcuddur və indiki qiymətlərlə tamamilə sərfəlidir. Təsəvvür edin ki, onlar altı aya öz enerji təhlükəsizliklərini təmin edəcəklər. Bu artım qlobal iqtisadiyyatın yavaşlaması fonunda baş verəcək. Qlobal iqtisadiyyatda yavaşlama riskləri var, Rusiyaya qarşı sanksiyalar həqiqətən qlobal iqtisadiyyata təsir edir. Ona görə də, biz kapital axınını, ABŞ-da hasilatın artacağını görəcək və iqtisadiyyatın dayandığı haqda məlumatlar eşidəcəyik.

İndi neftin qiyməti sırf spekulyativ bazara əsaslanır. Qiymətlər qalxanda ciddi şəkildə aşağı düşmək potensialı da var. Xəzəryanı dövlətlər üçün bu, ciddi məsələdir. Onu da vurğulamaq istəyirəm ki, bu, sanksiyalara görə baş vermir. Bayden qiymətlərin Putinə görə qalxdığını, AB Putinin günahkar olduğunu deyir. Amma hamı başa düşür ki, qiymətlər sırf maliyyə problemlərinə görə qalxıb. Fəqət özünə haqq qazandırmaq üçün “biz demokratiya görə əziyyət çəkirik” demək daha sərfəlidir.

Xəzəryanı dövlətlər ciddi şəkildə düşünməlidirlər ki, xarici investorlardan çoxlu vədlərin və oyunbazlıqların olacağı bir dövrə qədəm qoyurlar. Amma bura xarici investisiya gəlməyəcək. Siyasi səbəblərə görə yox, artıq izah etdiyim kimi, bu, böyük makroiqtisadiyyatdır. Payızda neft-mal mübadiləsi modeli artıq işləməyəcək və necə qazanmaq barədə düşünməli olacaqsınız. Xəzəryanı dövlətlər öz maraqlarına əsaslanan müstəqil siyasət qurmalı, xarici məsləhətçilərin tövsiyələrini, klassik makroiqtisadiyyatla bağlı məsləhətləri kənara qoymalı olacaqlar. Bu, prinsipial məqamdır. Əgər dövlətlər öz yollarını tapsalar, mütləq qalib gələcəklər. Tapmasalar, birtəhər sağ qalacaqlar, amma klassik Qərb modelləri ilə hərəkət etməyə çalışsalar, uduzacaqlar.

- Rusiya-Ukrayna müharibəsindən sonra müasir dünyanın geoiqtisadi strukturunda hansı əsaslı dəyişikliklər baş verə bilər?
- İnvestisiya axınını unuda bilərsiniz. Əgər dövlətlər kor-koranə klassik iqtisadiyyata tabe olmağa davam etsələr, əliboş qalacaqlar. Sərbəst bazarı da unuda bilərsiniz, bu, Çinlə sanksiya döyüşlərinin getdiyi zamandan bəllidir. Deyək ki, onlar Çinlə boş yerə vuruşdular və bu, sırf iqtisadi müharibə idi. Hesab edirəm, Rusiya prinsipcə bizim üçün daha böyük rol oynayacaq. Biz daha qapalı olacağıq - İran, Qazaxıstan, Azərbaycan, Türkmənistan və Rusiya. Düşünürəm ki, bu regional əlaqələr daha güclü inkişaf edəcək və daha çox mərkəzləşəcək.

Seymur Məmmədov
Nadir Quliyev





Teqlər:





Xəbər lenti