Putin əslində nə istəyir – Versiya

// Rusiya qərbləşməni gələcəyi üçün təhlükə sayır

   Putin əslində nə istəyir –    Versiya
  03 Mart 2022    Oxunub:3093
Ukraynada davam edən müharibə ətrafında təhlil və proqnozlarını səsləndirən ekspertlərin əksəriyyətinin gəldikləri əsas nəticə ondan ibarətdir ki, Kreml bu addımı ilə geosiyasi anlamda ciddi səhvə yol verdi. Qərb dünyasını özünə düşmən etdi, ciddi iqtisadi sanksiyalarla üzləşdi və bununla inkişafdan qalacaq, orta əsrlərə qayıdacaq, əhalinin rifahı pisləşəcək və s.
Rusofoblar Moskvanın bu addımını Rusiyanın imperialist maraqlarını təmin etmək və Putinin SSRİ-ni qaytarmaq istəyilə bağlayırlar. Digərləri isə Kremlin Qərbin hiyləgər geosiyasi oyunlarının qurbanına çevrilindiyi, onun təhrikilə Ukraynaya hücuma keçdiyi fikrindədirlər.
Bütün bu qarışıq münasibətlər və siyasi gedişlər fonunda yaranan əsas sual ondan ibarətdir ki, görəsən Rusiya rəhbərliyi, konkret olaraq prezident Vladimir Putin o qədər sadəlövhdürmü ki, Amerikanın təhrikinə uyub, müharibənin öz ölkəsinə gətirəcəyi mənfi nəticələri nəzərə almadan Ukraynaya hücuma keçib?

Yaxud doğrudanmı, Kremlin rəsmi səbəb kimi göstərdiyi NATO-nun şərqə doğru genişlənməsindən narahat olması onu bu addımı atmağa vadar etdi? Axı Rusiyanın qərb sərhədi boyunca onu əhatə edən Baltikyanı ölkələr və şərqi Avropa ölkələri artıq çoxdandır NATO-ya üzv olublar. Niyə məhz Ukraynanın NATO-ya can atması Rusiyanı qıcıqlandırdı? Həm də, axı Ukraynanın NATO-ya tam üzvlüyünün rellaşması kifayət qədər uzun prosesdir. Ən azı ona görə ki, bu ölkədə Rusiyanın yaratdığı süni konflikt ocağı var idi. Məgər Rusiya anlamırdımı ki, NATO öz sıralarına münaqişə ocaqları olan dövlətləri qəbul etməkdə maraqlı deyil?

Demək, göstərilənlərin heç biri Rusiyanın Ukraynaya hücumunun gerçək səbəbi ola bilməz. O zaman sual yaranır: Putinin bu addımı atmasının gerçək səbəbi nə ola bilər?

İlk ağla gələn səbəb ondan ibarətdir ki, Putin “demokratik əhval-ruhiyyə və maydan ənənələrinin” Ukrayna ilə Rusiya xalqlarının etnik yaxınlığını nəzərə alaraq, qısa müddətdə öz ölkəsinə sirayət edəcəyindən və bunun da öz hakimiyyətini zədələyəcəyindən ehtiyatlandığı üçün bu addımı atıb. Müharibə başlamazdan az əvvəl - bu ilin fevralın 15-də Rusiyaya səfər edən Almaniya kansleri Olaf Şoltsun prezident Putinlə görüşdən sonra keçirilən mətbuat konfransında NATO-nun şərqə doğru genişlənməsinin hazırda Alyansın gündəliyində olmadığını və onların hər ikisinin (Putin və Şoltsun) hakimiyyətdə qaldığı müddətdə olmayacağını bildirməsi maraqlı nüans idi.


Şolts bu yolla Putinə narahat olmamaq mesajı verirdi. Lakin Putinin müharibə əmri göstərdi ki, Kremlin sahibi öz hakimiyyətinə qarşı mümkün hədələrdən ehtiyatlanmır. Çünki Putin 22 illik hakimiyyəti dövründə kifayət qədər təhdidlərlərlə üzləşib və öhdələrindən ustalıqla gəlib. Ukraynada bundan əvvəl 2 dəfə etirazlar nəticəsində hakimiyyət çevrilişi baş versə də, heç biri Rusiyaya təsir göstərməyib. Bu səbəblərdən, Putinin Ukraynanın “demokratikləşməsindən” (oxu: Qərbləşməsindən) çəkinərək, Kiyevə hücuma başlaması inandırıcı deyil.

O zaman Putin nədən narahatdır?

Rusiyanın yaxın keçmişinə nəzər yetirəndə məsələyə müəyyən aydınlıq gətirmək olar. Yeltsin hakimiyyətə demokratikləşmə və liberallaşma şüarlarını rəhbər tutaraq gəlmiş və iqtisadi sahədə fəaliyyəti ölkənin liberal iqtisadiyyata keçidinə hesablanmışdı. Həmin dövrdə Yeltsinin əsas varisi kimi mərhum Boris Nemtsovun adı hallanırdı. Lakin Rusiyada iqtisadi liberallaşma siyasi fəsadlar verməyə bilməzdi. Əsas fəsad federal subyeklərin get-gedə mərkəzi hakimiyyətdən uzaqlaşması idi. Çeçenistandakı proseslər bu fəsadların görünən tərəfi idisə də, federal subyektlərin desentralizasiyasını göstərən bir çox başqa amillər mövcud idi. Yeltsinin varis seçimində məhz Putinin üzərində dayanmasının səbəbi də məhz ölkənin bütövlüyünü qoruyub saxlamaq istəyi ilə bağlı idi.

SSRİ dağıldıqdan sonra Rusiya hakimiyyətinin qarşısında duran ən böyük problemi federal subyektlərin mərkəzə bağlı saxlanılmasını təmin etmək olub. SSRİ bu məsələnin öhdəsindən “sovet xalqı” ideologiyası hesabına gəlməyə çalışırdısa, Rusiyanın belə bir ideoloji bazası mövcud deyil. Ümumiyyətlə, liberalizm və demokratikləşmə hansısa ideologiyanın dövlətin rəsmi siyasi xətti olmasına imkan vermir. Odur ki, Rusiya rəhbərliyinin dövlətin bütövlüyünü qorumaq üçün çox da seçimləri qalmır. “Rus sivilizasiyası”, “rus xalqının qüdrəti”, “rus xarakteri”, “rus ruhu”, “rus dövlətinin böyüklüyü” kimi anlayışları ictimai dövriyyəyə buraxmaqla paralel olaraq, xarici hərbi kampaniyalarda iştirak edən Rusiya öz “qüdrəti”ni və rəhbərin “xarici düşmən qarşısında əyilməzliyini” nümayiş etdirməklə bir tərəfdən öz maraqlarını təmin edirsə, digər tərəfdən əhalini “vahid, güclü və bölünməz Rusiya dövləti” ideyasının ətrafında toplayır.

Kreml bilir ki, qərb obrazlı demokratiyanın hansısa formada Rusiyaya daxil olmasının məntiqi nəticəsi çoxmillətli federasiyanın parçalanması ilə nəticələnəcək. Bunun üçün onun daxil ola biləcəyi mümkün ərazilərdə süni sədlər yaratmaqdadır. Rusiya ilə sərhəddəki separat respublikalar həmin sədlər hesab oluna bilər.

Ukraynanın sürətli hərbiləşməsi Kiyevin ərazi bütövlüyünü təmin etmək üçün bir müddət sonra hərbi yola əl atacağını göstərirdi. Məhz buna görə Moskva ukraynalıları qabaqlamaq qərarına gəldi. Müharibədə Kremlin can atdığı əsas hədəf Ukraynanın şərqindən daha böyük ərazi əldə edib, orada güclü sədd-dövlətlər yaratmaqdır. Qərb isə bunu bildiyi üçün tələsik Ukraynanı Avropa İttifaqına üzv qəbul etdi ki, Rusiyaya açılan sonuncu pəncərənin qapanmasına imkan verməsin.

Rusiyanın Qərb tərəfindən təcrid olunması dövlət maraqları baxımından Moskvanın xeyrinə işləyən amil hesab oluna bilər. Bununla Kreml ölkəni Qərbin təhlükəli hesab etdiyi təbliğatından qoruyacaq. İqtisadi anlamda isə Rusiyanın çokəcəyini demək doğru olmaz. Çin və Hindistanla iqtisadi tərəfdaşlıq Rusiyanı ən azı ayaqda saxlayacaq, gələcəkdə isə Azərbaycan vasitəsilə Qərbə enerji resurslarını da ixrac edə biləcək. Şübhəsiz ki, Rusiya ümumi inkişafdan geri qalacaq, amma Kreml üçün ölkənin bütövlüyünü saxlamaq daha önəmlidir.

Tofiq Vahid
AzVision.az



Teqlər: Rusiya   Putin  





Xəbər lenti