Raketlər və zəmanət: “Karib böhranı” necə çözülmüşdü

// 60 il əvvəlki təcrübəni xatırlamaq vaxtıdır

      Raketlər və zəmanət:    “Karib böhranı” necə çözülmüşdü
  01 Mart 2022    Oxunub:9061
1962-ci il oktyabr 22-də ABŞ prezidenti Con Kennedi xalqa müraciət edərək, Kubaya qarşı dəniz blokadasının tətbiq olunduğunu bildirdi. Bundan əvvəl Sovet İttifaqı “Azadlıq Adası”nda nüvə başlıqlı raketlər yerləşdirmişdi. Kennedinin müraciəti Karib Böhranını yeni mərhələyə keçirdi və dünyanı nüvə müharibəsinə xeyli yaxınlaşdırdı. Hazırda yeni tarixin o ağır günlərini yada salmaqda fayda var. Yolüstü dialoqun vacibliyini, dünyadakı qüvvələr balansını, hər hansı düşünülməmiş hərəkətin qlobal faciəyə səbəb ola biləcəyini də xatırlayaq.
“Anadır” əməliyyatı

Qərbdə Karib Böhranını SSRİ-nin təyyarədaşıyan gəmisinin Kubanı hücum xarakterli nüvə silahları ilə təchiz etmək cəhdi kimi qələmə verirlər. Həqiqətən, 1962-ci ilin payızında Kubadakı təxminən 2000 km. mənzilli “R-12” və uçuş məsafəsi bundan iki dəfə böyük olan “R-14” raketləri amerikalılara dəhşətli təhlükə kimi görünürdü. Onlar bir neçə dəqiqə ərzində ABŞ-ın bütün şərq sahillərindəki hərbi və sənaye obyektlərini məhv edə bilirdilər. Bununla belə, unutmaq olmaz ki, sovet raketlərinin Kubaya aparılması Amerika sistemlərinin SSRİ sərhədləri yaxınlığında yerləşdirilməsinə cavab idi.


Xüsusilə də, Türkiyədə İzmir yaxınlığında 1961-ci ildən etibarən nüvə başlıqlı və 2400 kilometr mənzilli “Yupiter” raketləri döyüş növbəsi çəkirdi.
Onlar Sovet İttifaqının Avropa hissəsinin böyük hissəsini vura və hətta Moskvaya çata bilərdilər. Bu raketlərin sürəti onları vurmağı və məhv etməyi olduqca çətinləşdirirdi.

1962-ci ilin mayında Nikita Xruşov Bolqarıstana rəsmi səfərə getmişdi. Bolqar yoldaşlardan biri başını Qara dənizə tərəf döndərərək dedi ki, qarşı sahildə, Türkiyədə SSRİ-nin əsas sənaye mərkəzlərini vura biləcək raketlər var. Xruşovun xatirələrindən bəlli olur ki, simmetrik cavab ideyası baş katibin ağlına məhz o an gəlibmiş.


Moskvaya qayıdan Xruşov dalbadal bir neçə müşavirə keçirdi. İyunun ortalarında Fidel Kastro ilə məsləhətləşmələrdən sonra məsələ həll olundu. 40 raket Ukrayna və Rusiyanın Avropa hissəsindəki mövqelərdən çıxarıldı. Onlarla birlikdə “Azadlıq Adası”na bütöv bir kontingent getməli idi: bir vertolyot, dörd motoatıcı alayı, bir neçə zenit batareyası, iki tank batalyonu, bir MiQ-21 eskadronu və 42 yüngül bombardmançı. Ümumilikdə 50 mindən çox hərbi qulluqçu.

Sovet komandanlığı məxfilik rejimini mümkün qədər saxlamağa çalışırdı. Raketli gəmilər müxtəlif limanlarda yükləndi, bütün hərbçilərə Çukot yarımadasına getdikləri söyləndi. Etibarlılıq məqsədilə əməliyyat "Anadır" adlandırıldı, heyətə hətta xizəklər və isti paltar da verildi. Gəmi kapitanları möhürlü zərfləri dənizə çıxdıqdan sonra aça bilərdilər. Yalnız bundan sonra ekipajlar hara getdiklərini və nə apardıqlarını öyrəndi.

Gizlilik öz bəhrəsini verdi, raketlərin ilk partiyası heç bir problem olmadan Kuba sahillərinə çatdı. Lakin Amerika kəşfiyyatı tezliklə sovet əsgərlərinin kütləvi varlığından xəbər tutdu. Bu işdə ona... futbol kömək etdi.

Məsələ burasındadır ki, Amerikanın “U-2” kəşfiyyat təyyarəsi ayda iki dəfə Kuba sahilləri ətrafında uçaraq, şəkillər çəkirdi. MKİ analitikləri bu fotoşəkilləri araşdırarkən futbol meydançaları diqqətlərini çəkdi. Beysbolun geniş yayıldığı Kubada futbol topunun ardınca qaçanlar ancaq ruslar ola bilərdi.


Nəticə göz qabağında idi: adada hərbi bazalar meydana çıxmışdı. Az sonra amerikalılar Zenit qurğularını aşkar etdilər. Bunda qorxulu heç nə yox idi, hətta sentyabrın 4-də Con Kennedi Konqresdə Kubada sovet hücum silahlarının olmadığını bəyan etdi. Ancaq onlar vurula biləcəyini nəzərə alaraq, bir müddət Kuba üzərində “U-2”nin uçuşlarını dayandırmaq qərarına gəldilər.

Həqiqət oktyabrın 14-də, mayor Riçard Heyzerin idarə etdiyi kəşfiyyat təyyarəsi qəribə silindrlərin şəkillərini bazaya gətirdikdə ortaya çıxdı. CIA analitikləri tez bir zamanda onların “R-12” tipli sovet orta mənzilli ballistik raketlər olduğunu aydınlaşdırdılar. Oktyabrın 19-da “U-2”nin növbəti uçuşu sayəsində daha çox raket mövqeləri, Kubanın şimal sahillərindəki “İl-28” eskadrilyası və Floridanı hədəf alan qanadlı raketlərdən ibarət batalyon aşkar edildi.
O andan etibarən “Soyuq Müharibə”nin ən qaynar dövrü olan Karib böhranı başladı.


Bəs CIA sovet raketlərini onların silindrləri vasitəsilə necə dəqiq müəyyən edə bilmişdi? Bu işdə onlara QRU zabiti Oleq Penkovskinin təqdim etdiyi materiallar kömək etdi. 1961-ci ildə işə götürülən Penkovski MKİ-ni sovet nüvə arsenalının vəziyyəti haqqında məlumatlandırmış və raketlərin şəkillərini Qərbə vermişdi.

Kompromis variant


Kubada raketlərin yerləşdirilməsində formal baxımdan qeyri-qanuni heç nə yox idi. Əksinə, amerikalıların hərəkəti qanunsuz idi: axı beynəlxalq hüquqa görə, Kubanın blokadaya alınması müharibə aktı saylırdı. Lakin Vaşinqton beynəlxalq hüquqa əhəmiyyət verməməyi seçmişdi və müttəfiqləri də təbii ki, onu dəstəkləyirdilər. Blokadanı isə “karantin” adlanırmışdılar.


Kennedinin topladığı qərargah bir neçə fəaliyyət variantını nəzərdən keçirdi. Məsələn, dərhal bomba zərbəsi endirmək, ardınca işğal etmək, dəniz blokadasına almaq, diplomatik kanallar və BMT vasitəsilə iş aparmaq. Sonuncu variantı yumşaq, ləng, etibarsız sayaraq dərhal rədd etdilər. Lakin çoxları işğal tərəfdarı idi. Hazırlıq mərhələsində hətta qoşunların Floridaya köçürülməsinə başlanıldı. Hərbçilər SSRİ bütün raketləri quraşdırdıqdan sonra gec olacağından ehtiyat edərək, Kennedini tələsdirirdilər.


Konqresin hər iki palatası hərbi əməliyyatın lehinə səs verdi. Lakin Kennedinin özü bu radikal planı rədd etdi. Niyə? Tədbirli olduğuna görəmi? Xeyr, o, rusların cavab verəcəyindən qorxurdu. Bəli, ABŞ ordusu Karib hövzəsində üstünlüyə malik idi, lakin Kennedi rusların dünyanın başqa yerlərində qisas alacağından qorxurdu. Hər şeydən əvvəl də Berlində. Bir neçə il əvvəl Berlin böhranı başlamış, ADR Qərbi Berlini divarla ayırmışdı. Amerika prezidenti bu qarşıdurmanın yeni mərhələsini istəmirdi.

Kennedinin elan etdiyi “hərbi-dəniz karantini” kompromis variant oldu. Hərbi rejim oktyabrın 24-də ABŞ Hərbi Dəniz Qüvvələrinin 180 gəmisinin adanı mühasitəyə alması ilə qüvvəyə mindi. Amma onlara Ağ Evin xüsusi əmri olmadan sovet gəmilərinə atəş açmamaq barədə dəqiq əmr verilmişdi.

Sağlam düşüncə

Karib böhranından çıxmağa nə kömək etdi? Bir çox tədqiqatçılar bunu möcüzə hesab edirlər. Demək olar ki, son anda həm Amerika, həm də Sovet rəhbərliyi danışıqlara üstünlük verdilər. Xruşovla Kennedi arasında sıx yazışmalar oldu, prezidentin qardaşı Robert Kennedi Sovet səfirliyinə baş çəkdi, Vaşinqtonda amerikalı jurnalist Con Skali ilə KQB rezidenti arasında görüş oldu. Bununla belə, Quantanamo bölgəsində “U-2”nin vurulması, yüksək döyüş hazırlığı halları, Fidel Kastronun SSRİ rəhbərliyinə təzyiq göstərərək qətiyyətli hərəkətlərə nail olmaq cəhdləri də var idi.


Sağlam düşüncə qalib gəldi, SSRİ Kubadan raketləri çıxarmağa razılaşdı, hesab etdi ki, müharibə etmirsə, onları orada saxlamağın mənası yoxdur. Bunun müqabilində amerikalılar da dəniz blokadasını aradan qaldırmaqla yanaşı, Kubaya təcavüz etməyəcəklərinə dair zəmanət verməli oldular. Beləliklə, “Azadlıq Adası” uzun onilliklər boyu özünü təhlükəsiz hiss etdi.

Digər bir nəticə ABŞ-ın “Yupiter” raketlərini Türkiyədən çıxarması oldu. Doğrudur bu, bir neçə aydan sonra baş verdi və amerikalılar “Yupiter”lərin mənəvi cəhətdən köhnəldiyini söylədilər. Buna baxmayaraq, Nikita Xruşşov formal olaraq istədiyinə nail oldu.


Bəs Kennedini və amerikalıları qorxudan heç bir şeyi olmasaydı, bu əhvalat necə bitərdi? Güclər balansı, cavab imkanları, simmetriya olmasaydı, necə olardı?

ABŞ-ın müdafiə naziri Robert MakNamara sonradan etiraf edib ki, Karib böhranı zamanı tez-tez ertəsi gün şəfəqi görüb-görməyəcəyi haqda düşünürmüş. Əgər o zaman çoxlarında bu hiss olmasaydı, genişmiqyaslı müharibədən qaçmaq mümkün idimi?

Çətin. Axı böhran uğurla başa çatdıqdan sonra belə ABŞ-da müharibə tərəfdarları çox idi. Onlar sülhü Kuba məsələsini birdəfəlik həll etmək üçün əldən verilmiş şans hesab edirdilər.

Xoşbəxtlikdən bu “qırğı”lar azlıqdaydılar. Kuba böhranından sonra əlaqə yaratmaq üçün ABŞ prezidenti və SSRİ-nin baş katibi arasında birbaşa telefon xəttinin qurulması haqda razılıq əldə olundu.

Nadir Qocabəyli
AzVision.az


Teqlər:





Xəbər lenti