Elastik smartfonlar nə dərəcədə realdır?

Elastik smartfonlar nə dərəcədə realdır?
  08 Aprel 2014    Oxunub:1221
Qrafen smartfonları nazik və elastik edəcək.
“Samsung Electronics” şirkətinin tədqiqatçıları istehlak elektronikası sənayesində dönüş yaradacaq texnologiya kəşf etdiklərini bildirirlər. Belə ki, onlar hazırladıqları texnologiyanın gələcəkdə smartfonları çox nazik və möhkəm etməklə internetə çıxışı 100 dəfə daha sürətli təmin edəcəyini iddia edirlər.

AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, buna nail olmaqda qrafen yardımçı olacaq. Bu material poladdan möhkəmdir və o qədər nazikdir ki, onu ikiölçülü hesab etmək olar. Qrafen torunun qalınlığı bir atom təşkil edir ki, bu da kağızdan bir milyon dəfə nazikdir. 10 il əvvəl – 2004-cü ildə kəşf edilən qrafen kimyəvi əlaqələrlə birləşdirilmiş karbon atomlarının bir qatından ibarət yüksək elektrik keçirici, davamlı və elastik nanomaterialdır. Bir neçə nanometrlik qalınlığı sayəsində bu material görünən işıq üçün, demək olar, tam şəffafdır və buna görə mikroelektron qurğularda tətbiq olunmaq üçün çox perspektivli sayılır.

“Samsung” mütəxəssisləri öz növbəsində bir qrafen kristalına öz elektrik və mexaniki xüsusiyyətlərini böyük səthə yaymağa imkan verən üsul tapıblar. Şirkət mütəxəssislərinin sözlərinə görə, bu, smartfon və xüsusilə daşınan elektronika istehsalında həqiqi inqilaba səbəb ola bilər. Həmçinin qeyd olunur ki, qrafen gələcək nəsil elastik displey, daşınan qurğu və digər elektronikanın yaradılması üçün ideal materialdır.

Bundan başqa, qrafen xüsusiyyətinə görə poladdan möhkəmdir. Onun əsasında yaradılacaq gələcək qurğular zədələrə hazırda istifadə edilən qurğulardan daha davamlı olacaq. Lakin bu, hələ son deyil. Qrafen smartfonun internetə qoşulma sürətini yüz dəfə artıra biləcək. Məsələ ondadır ki, material məlumat axınını müasir smartfonlarla müqayisədə daha sürətli ötürür.

Yeni texnologiyanın istehlak elektronikasına tətbiq ediləcək müddət hələ ki məlum deyil. Bununla belə, “Samsung” əvvəllər bəyan edib ki, elastik displeyləri bazara 2015-ci ildə çıxaracaq. Bu işdə şirkətə qrafenin kömək edəcəyi ehtimal edilir.


Teqlər:





Xəbər lenti