Sarkisyan niyə getdi: “Qarabağ klanı”nın revanş versiyası – TƏHLİL
Mahiyyət etibarilə Armen Sarkisyan özünün qərbyönümlü imici ilə keçmiş prezident Serj Sarqsyan tərəfindən ictimaiyyətdə siyasi islahat illüziyasının yaradılması üçün ortaya atdığı fiqur olub. Serj Sarqsyan konstitusiya dəyişikliyi edərək bütün səlahiyyətləri baş nazirin əlində cəmləyib, həmin kürsüdən ölkəni idarə etməli, keçmiş Böyük Britaniya vətəndaşı, Kembric biznes məktəbinin professoru Armen Sarkisyan isə nominal prezident kimi ölkənin Qərbə inteqrasiya yolunda olduğunu imitasiya etməli idi.
Lakin 2018-ci ildə baş vermiş inqilabla hökumətin başına keçən Nikol Paşinyan bu planların gerçəkləşməsinə imkan vermədi və baş nazir postunu əldə etməklə faktiki bütün hakimiyyəti ələ keçirdi. Konstitusiya ilə bütün əsas səlahiyyətlərin, hətta müharibə və sülh elan etmək səlahiyyətlərinin belə baş nazirdə olması “Qarabağ” kalnının bir həmlədə hakimiyyətdən tam kənarda qoyulması ilə nəticələndi.
Armen Sarkisyan nə qədər özünü heç bir siyasi qütbə bağlı olmayan “birləşdirici” siyasi fiqur kimi göstərməyə çalışsa da, faktik olaraq Koçaryan-Sarqsyan cütlüyünün rəhbərlik etdiyi “Qarabağ” klanının fəal üzvü olub və 2018-ci ildən bu vaxta qədərki dörd illik prezidentlik müddətdə əsas məqsədi Paşinyan rejiminin hakimiyyətdən uzaqlaşdırılması idi. Bunun ən bariz sübutu 44 günlük müharibədən sonra ölkədə yaranmış siyasi böhranın həlli məqsədilə Armen Sarkisyanın qarşıduran siyasi qüvvələr arasında vasitəçi qismində çıxış edərək, özünün siyasi çəkisini artırmağa çalışması və ardınca Paşinyanın istefasını tələb etməsi idi. Paşinyanın hökümətə qarşı çıxmış Qərargah rəisi Onik Qasparyanın tutduğu vəzifədən azad olunması ilə bağlı qərarını təsdiq etməməklə Armen Sarkisyanın əsl siyasi mövqeyi ortaya çıxmışdı.
Buna baxmayaraq, Armen Sarkisyan Ermənistanda kifayət qədər siyasi çəkiyə malik siyasətçi hesab oluna bilər. Məsələn, 2020-ci il müharibəsindən sonra keçirilmiş sosioloji sorğularda Sarkisyanın siyasi reytinqi demək olar ki, Paşinyanla bərabər idi. Əgər Sarkisyan həmin vaxt istefa verib parlament seçkilərinə qoşulsaydı, hazırda Koçaryan-Sarqsyan komandası ilə birləşib Paşinyanın parlamentdə mütləq üstünlük əldə etməsini önləyə bilərdi.
Bu nöqteyi-nəzərdən yanaşsaq, Armen Sarkisyanın “Qarabağ” klanının yeni siyasi hədəflərini həyata keçirmək üçün istefa verdiyini ehtimal etmək olar. İlk növbədə, istefanın Paşinyanın irəli sürdüyü yeni konstitusiya islahatları ilə bağlı olması mükündür. Yayılan məlumata əsasən, Paşinyan konstitusiyanı dəyişərək, yenidən prezident üsul-idarəli siyasi rejim qurmaq və ardınca prezident olmaq fikrindədir. Əgər bu baş tutarsa, güman ki, “Qarabağ” klanının Paşinyana irəli sürəcəyi əsas rəqib Armen Sarkisyan olacaq. Bu prosesdə Rusiyanın maraqlı tərəf qismində iştirak edəcəyini istisna etmək olmaz və Sarkisyanın prezident seçilməsi üçün rusiyalı siyasi texnoloqların işə cəlb ediləcəyi şübhəsizdir.
Bundan başqa, ölkə gündəmində Azərbaycanla sülh müqaviləsinin imzalanması və Türkiyə ilə münasibətlərin bərpa olunması məsələsi də ciddi müzakirə predmetidir. Sarkisyan anlayır ki, Azərbaycan və Türkiyə ilə münasibətlərin bərpası əslində Ermənistanın maraqlarına cavab versə də, ictimai rəy bu addıma qarşıdır. Məhz bu proseslər fonunda Paşinyan komandasının ciddi narazılıqla üzləşəcəyi və xal itirəcəyi gözlənilir.
Ölkədə hökm sürən qeyri-sabit siyasi vəziyyət isə hər an parlamentin buraxılması və yeni seçkilərin təyin olunması ilə nəticələnə bilər. Bu halda, Türkiyə və Azərbaycanla yaxınlaşma prosesində iştirak etməmiş Armen Sarkisyanın ulduzu yenidən parlaya və o parlament seçkilərinə iddialı namizəd kimi qatıla bilər. Hətta “Qarabağ” klanının dəstəyilə baş nazir postuna yiyələnməsi də mümkündür.
Tofiq Vahid
Teqlər: Ermənistan Sarkisyan