“Azərsu”nun Zəngilanda xidmət sahəsi yaradılıb

“Azərsu”nun Zəngilanda xidmət sahəsi yaradılıb
  21 Yanvar 2022    Oxunub:348
"Azərsu" ASC-nin Şuşa, Kəlbəcər şəhərləri və Hadrut qəsəbəsindən sonra işğaldan azad olunmuş daha bir şəhərdə - Zəngilanda xidmət sahəsi yaradılıb.
Qurumdan AzVision.az -a verilən məlumata görə, xidmət sahəsi Zəngilan, Qubadlı rayonlarına, Laçın rayonunun bəzi kəndlərinə xidmət göstərir. İşçilərin əmək şəraitinin yaxşılaşdırılması, xidmətin keyfiyyətinin yüksəldilməsi məqsədilə Zəngilan şəhərində yararsız tikililərdən biri təmir olunaraq inzibati bina kimi istifadəyə verilib. İşlərin operativliyini təmin etmək məqsədilə xidmət sahəsi xüsusi nəqliyyat vasitələri ilə təmin olunub.

Ötən müddətdə Zəngilan rayonunda “Azərsu” təxirəsalınmaz tədbirlər görülərək şəhərə suyun verilməsini, hərbi və mülki təyinatlı obyektlərin su təchizatını təmin edib. Şəhər ərazisində və bəzi kəndlərdə, eləcə də sərhəd məntəqələrində yerləşən hərbi bölmələrin su təchizatı sistemi araşdırılıb, mövcud magistral və şəbəkə su xətlərinin qəzalı hissələri təmir olunub. Su ilə təmin olunmayan obyektlərin su təchizatı üçün yeni xətlər çəkilib, zəruri yerlərdə hidrofor tipli nasoslar quraşdırılıb. Görülmüş işlər nəticəsində Zəngilan şəhərində və kəndlərdə 34 yaşayış və qeyri-yaşayış obyekti içməli su ilə təmin olunub.

Ötən müddətdə Qubadlı şəhərinin mövcud su təchizatı sistemi araşdırılıb, magistral və şəbəkə xətlərinin dağıdılmış hissələri bərpa edilib. Şəhər ərazisində 1 su anbarı, 2 suqəbuledici qurğu və 10 km müxtəlif diametrli su xəttləri bərpa olunub. Hazırda Qubadlı şəhərində 70 yaşayış və qeyri-yaşayış obyekti içməli su ilə təmin olunur.

“Azərsu” Zəngilan və Qubadlı rayonları ilə yanaşı, Şuşa şəhəri, Kəlbəcər və Laçın rayonlarında, eləcə də Hadrut, Talış və Suqovuşan qəsəbələrində fasiləsiz xidmət təşkil edib.

AzVision.az

Teqlər: Azərsu   Zəngilan  







Xəbər lenti