“Növbədə Moldova, Özbəkistan və Türkmənistandır” – Ruslan Şevçenko (Müsahibə)

   “Növbədə Moldova, Özbəkistan və Türkmənistandır” –    Ruslan Şevçenko (Müsahibə)
  11 Yanvar 2022    Oxunub:4049
“Qazaxıstandakı hadisələr Rusiya-NATO Şurasının sammiti ərəfəsində baş verdi. Həmin sammitdə Moskva NATO qoşunlarının və bütün hərbi infrastrukturunun Şərqi Avropa və keçmiş SSRİ ölkələrindən çıxarılmasını, həmçinin Rusiyanın Şərqi Avropada təsir dairəsinin bərpasını nəzərdə tutan 17 dekabr 2021-ci il tarixli Ryabkov memorandumunun həyata keçirilməsi məsələsini qaldırmaq niyyətindədir. İstisna deyil ki, baş verənlər Qərbin Rusiyanın diqqətini Ukraynadan yayındırmaq cəhdidir”.
Bu sözləri AzVision.az-a müsahibəsində moldovalı politoloq, tarix elmləri doktoru Ruslan Şevçenko deyib. O, bildirib ki, etirazlar Qazaxıstanda bir çox əsas postları tutmaqda davam edən və prezident Tokayevin tədricən Rusiya Federasiyasına doğru meyillənməsindən narazı olan “Nazarbayev komandası”nın köməyi ilə keçirilib:

- Tokayev başa düşdü ki, hakimiyyəti saxlamaq istəyirsə, dərhal hərəkətə keçməlidir. Rusiya Federasiyasının həlledici rol oynadığı KTMT qoşunlarının ilkin olaraq meydana çıxması Tokayevin mövqeyini dərhal gücləndirdi, çünki etirazçılar Rusiya hərbçiləri ilə açıq döyüşlərə girməkdən qorxurlar. Hazırda Qazaxıstan hakimiyyəti KTMT qoşunlarının köməyilə etirazların son ocaqlarını tədricən söndürür.

KTMT mövcud olduğu 20 ildə özünü ilk dəfə Kreml tərəfdarlarını hakimiyyətdə saxlamağa qadir hərbi qüvvə kimi göstərdi. O mahiyyət etibarı ilə sovet dövründə mövcud olmuş, sosialist ölkələrinin hərbi strukturlarını özündə birləşdirən Varşava Müqaviləsi Təşkilatının varisinə çevrildi. Bu o deməkdir ki, KTMT Rusiya Federasiyasının ehtiyat hərbi strukturuna çevrilib, Rusiya bundan sonra lazım bildiyi hər yerdə, çox güman ki, həm də keçmiş SSRİ ölkələrindən kənarda və Rusiya silahlı qüvvələrindən açıq şəkildə istifadə etməyin qeyri-mümkün sayıldığı yerlərdə ondan istifadə edə bilər.

İkincisi, Qazaxıstandakı vəziyyətin qısa zamanda Rusiyanın xeyrinə həlli bundan sonra Qərb ölkələrinə və ABŞ-a daha çox təzyiq göstərmək və qoşunların Ukraynaya daxil olması üçün Moskvanın əl-qolunu açır. Qərbin Şərqi Avropadakı hərbi infrastrukturundan və ordusundan əl çəkməyəcəyini dərk edən Rusiyanın bu halda məqsədi Ukraynanı, ən azı onun Qara dəniz regionlarını ələ keçirmək və bu yolla sərhədlərinə qədər gedib çıxacağı Moldovaya təzyiq etməkdir. Rusiya rəhbərliyinin planlarına görə, Ukrayna, çox güman ki, tamamilə yox olmalı, ya da ondan kiçik bir simvolik hissə qalmalıdır.

Moldovaya isə ən yaxşı halda sovet dövründəki Finlandiya rolu hazırlanacaq. Yəni NATO ilə bütün əlaqələrin kəsildiyi, Aİ ilə əlaqələrin məhdud olduğu, avropapərəst siyasətçilərin, yaxud “rusofobların” hakimiyyətdən uzaqlaşdırıldığı ölkələrdən biri olacaq. Moldova hakimiyyətinin Avropaya doğru addım atmaq cəhdi dayandırılacaq. Rusiya Federasiyası lazım olsa Moldovadakı mövcud hökuməti ortadan qaldıracaq.

Rusiya Federasiyasının NATO ölkələrinin hərbi kontingentinin yerləşdiyi və hərbi infrastrukturunun olduğu Baltikyanı dövlətlərə təzyiqi də artacaq. Baş verənlər Gürcüstanın Avroatlantik niyyətlərinə son qoymalı olacaq. Ukraynadan sonra Rusiya və Belarus siyasətçilərinin bəyanatlarından da göründüyü kimi, Rusiya Federasiyasının hədəfləri Moldova, Özbəkistan və Türkmənistan olmalıdır.

- Prezident Tokayevin KTMT-yə müraciətini necə qiymətləndirirsiniz?
- Tokayev rus siyasi elitasını yaxşı tanıyır. Putin onun köməyilə Nazarbayevi və adamlarını sıxışdıraraq, hakimiyyətdən tamamilə uzaqlaşdırdı və Tokayevi Rusiyanın tam təsir dairəsinə sala bildi. Yaranmış vəziyyətdə Tokayevin vəzifəsi, şübhəsiz ki, Rusiya Federasiyasını hadisələrə cəlb etməkdən ibarət idi. Artıq Moldova, Tacikistan, Ermənistan və Azərbaycanda olduğu kimi, Qazaxıstanda da rus qoşunları var. Tokayev KTMT-yə Putinin əlinə münasib bəhanə vermək üçün müraciət etdi. Qalan hər şey - KTMT-nin sədri olan Ermənistanın baş naziri N.Paşinyanla mexaniki razılıq (çünki ondan asılı heç nə yoxdur), erməni, qırğız və tacik bölmələrinin formal olaraq gözünə qatıldığı rus qoşunlarının sürətlə Qazaxıstana göndərilməsi artıq texniki məsələlərdir.

- Bəs Qərbin rolu və maraqları?
- Rusiya NATO və ABŞ-ın keçmiş SSRİ ölkələrinin maraqları uğrunda mübarizə aparmaq istəməməsindən uğurla istifadə etdi. Bundan sonra Rusiya “Ryabkov memorandumu”nun şərtlərini yerinə yetirmək üçün Şərqi Avropa və keçmiş SSRİ ölkələrinə təzyiqləri artıracaq. Bunun üçün hansı tədbirləri görəcəyini təsvir etdik.

- Qazaxıstandakı vəziyyət Türk Dövlətləri Təşkilatına necə təsir edəcək?
- Türk Dövlətləri Təşkilatı 2009-cu ildə Türk Şurası kimi hər şeydən əvvəl, Orta Asiya respublikalarında Türkiyənin təşəbbüsü ilə onun təsirini gücləndirmək məqsədi ilə yaradılıb. Amma Ərdoğan başda olmaqla Türkiyə hakimiyyətinin bu niyyəti Mərkəzi Asiya dövlətlərini təsir dairəsində saxlamağa çalışan Rusiya Federasiyasının planları ilə ziddiyyət təşkil etdiyindən, Moskva bu təşkilatın, xüsusilə də Türkiyənin fəaliyyətini qısqanclıqla izlədi. İndi Qazaxıstan mahiyyət etibarı ilə Rusiyanın vassal dövlətinə çevrildikdən sonra Moskvanın Türk Dövlətləri Təşkilatına təsirinin əhəmiyyətli dərəcədə artacağını və Türkiyənin bu bölgədə öz təsirini genişləndirmək iddialarını neytrallaşdırmağa cəhd edəcəyini gözləmək lazımdır. Odur ki, uzunmüddətli perspektivdə onsuz da yaxşılıqdan uzaq olan Rusiya-Türkiyə münasibətlərinin kəskinləşəcəyi dövrləri gözləmək olar.



Teqlər: Qazaxıstan   Rusiya  





Xəbər lenti