“Erməni məsələsi Fransanın seçki gündəminə daxil olub” - Emmanuel Dupuy

 “Erməni məsələsi Fransanın seçki gündəminə daxil olub” -  Emmanuel Dupuy
  24 Dekabr 2021    Oxunub:3694
“Fransa prezidenti Emmanuel Makron Azərbaycanın prezidentini və Ermənistanın baş nazirini Avropa sammiti çərçivəsində bir araya gətirdi. Bu görüş hər şeydən əvvəl ona görə vacibdir ki, Əliyev və Paşinyan müharibədən sonra ilk dəfə Vladimir Putinin iştirakı olmadan görüşdülər. Brüsseldə baş tutan qeyri-formal görüş özünü Qərbin vasitəçisi kimi göstərməyə çalışan Emmanuel Makron üçün uğurlu diplomatik addım idi”.
Bu sözləri AzVision.az-a açıqlamasında Fransanın Avropada Prospektiv və Təhlükəsizlik İnstitutunun prezidenti, təhlükəsizlik və beynəlxalq münasibətlər üzrə mütəxəssis Emmanüel Dupuy deyib.

O bildirib ki, 2022-ci il yanvarın 1-dən Aİ Şurasınа sədrlik Fransaya keçəcək. Bu ərəfədə Makron Qarabağ münaqişəsinin həllində Qərbin maraqlarının təmsilçisi kimi fəallaşmağa çalışır. O, özünü 2008-ci ilin avqustunda Gürcüstan və Rusiya arasında böhran zamanı unikal mövqe nümayiş etdirən Nikola Sarkozinin yerişini yerimək istəyir. O vaxtlar Fransanın keçmiş prezidenti həm Aİ Şurasının, həm də G8-in prezidenti idi. Makron Paşinyanla Əliyevi bir araya gətirməklə həm də özünü Putinin Qərb alter-eqosu kimi göstərir.

- Hazırda Almaniyanın yeni xarici işlər naziri Annalena Baerbok ilə kansler Olaf Şultsun "Ampel-Koalisiya" hökuməti tədricən qurulmaqdadır. Yaranan boşluqda Fransa diplomatiyasına böyük bir manevr pəncərəsi açılıb. Beləliklə, Makron Cənubi Qafqaz regionunda Rusiya ilə bərabər çəkisi olan Avropanın adından danışan Fransa prezidenti rolunu oynamağa çalışır,- Dupuy bildirib.

- Erməni məsələsi Fransada keçiriləcək prezident seçkilərinin gündəminə daxil olmağı bacarıb. Əvvəl Erik Zemmur (Éric Zemmour), bir neçə gün sonra Valeri Pekres (Valérie Pécresse) həmin ölkəyə getdilər. Onların hər biri, şübhəsiz ki, Fransada yaşayan 600 min erməninin səsinə ümid bəsləyir. Erik Zemmur Ermənistanı “İslam okeanının ortasında bir xristian xalqı” adlandıraraq, açıq şəkildə anti-müsəlman “gündəmini” ortaya qoyub. Bununla da Xristianlıqla İslam arasındakı ziddiyyətləri yenidən qabartdı. Valeri Pekres şərq xristianlarını şiddətlə müdafiə edir. Emmanuel Makron Fransanın Erməni Təşkilatlarının Koordinasiya Şurasının (CCAF) illik şam yeməyində demişdi ki, Fransa həmişə Ermənistanın yanında olacaq. Beləliklə, bunu asanlıqla başa düşmək olar ki, hamı aprel seçkilərinə qədər ermənilərin rəğbətini qazanmağa çalışır,- ekspert deyib.

Emmanüel Dupuy xatırladıb ki, Fransa Qarabağın və Azərbaycanın azad etdiyi digər ərazilərin minalardan təmizlənməsinə 500 min avro yardım ayıracağını elan edib. Emmanuel Makron da Vladimir Putin kimi İrəvanın minalaşnmış ərazilərin dəqiq xəritələrini verməsinin vacibliyində israr edir. Paris bununla göstərir ki, o, Bakını da itirmək istəmir. Baxmayaraq ki, seçki baxımından bu, elə də əhəmiyyətli deyil.

- Makron şübhəsiz ki, Azərbaycanın sadiq müttəfiqi olan Türkiyənin siyasi, diplomatik və hərbi fəallığını da nəzərə alır. Fransa həmişəki kimi Bakı ilə Ankaranın hərbi yaxınlaşmasından narahatdır,- ekspert vurğulayıb.

Nigar Zeynalova
AzVision.az



Teqlər: Fransa   Makron  





Xəbər lenti