Leyla Bədirbəylinin 100 illiyi qeyd olunub

Leyla Bədirbəylinin 100 illiyi qeyd olunub
  22 Dekabr 2021    Oxunub:1044
Akademik Milli Dram Teatrında Xalq artisti, Dövlət mükafatı laureatı Leyla Bədirbəylinin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirilib. Tədbir Prezident İlham Əliyevin Sərəncamı əsasında təşkil olunub.
Teatrın foyesində Azərbaycan Dövlət Teatr Muzeyinin arxivindən sənətkarın həyat və yaradıcılığını əks etdirən sərgi nümayiş olunub.

Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev Leyla Bədirbəylinin Azərbaycan teatrının və kinosunun inkişafındakı böyük xidmətlərindən danışıb. Qeyd olunub ki, Leyla Bədirbəylinin ölməz sənəti Azərbaycan xalqının yaddaşında daim yaşayacaq, onun yaratdığı obrazlar insanlar tərəfindən hər zaman hörmət və ehtiramla xatırlanacaq.

Tədbirdə Leyla Bədirbəylinin teatr və kino yaradıcılığı haqqında vide-çarx nümayiş etdirilib, eyni zamanda onun iştirak etdiyi tamaşalardan parçalar oynanılıb, musiqi nömrələri səslənib.

Leyla Bədirbəyli 8 yanvar 1920-ci ildə Bakıda dünyaya göz açıb. 1941-ci ildə onu Azərbaycan Dövlət Akademik Dram Teatrına dəvət ediblər. İlk tamaşası Rəsul Rzanın "Vəfa" tamaşası ​ olub.

Görkəmli sənətkar 1999-cu il noyabrın 23-də vəfat edib. Bakıdakı Fəxri Xiyabanda dəfn olunub.

Qeyd edək ki, tədbirin quruluşçu rejissoru Xalq artisti Vaqif Əsədovdur.

Şahanə Rəhimli
AzVision.az

Teqlər:







Xəbər lenti