Sənaye zonalarında görülən işlərin statistikası açıqlandı

   Sənaye zonalarında görülən işlərin statistikası açıqlandı
  10 Dekabr 2021    Oxunub:1586
Sənaye zonaları üzrə indiyə kimi 89 sahibkarlıq subyektinə rezidentlik statusu verilib və bunların 55-i fəaliyyətə başlayıb. Sahibkarlar tərəfindən bu günədək sənaye zonalarında 6,2 milyard manatdan çox invesitiya yatırılıb və 9500-dək iş yeri yaradılıb.
AzVision.az xəbər verir ki, bunu İqtisadi Zonaların İnkişafı Agentliyinin sədri vəzifələrini icra edən Elşad Nuriyev deyib. Onun sözlərinə görə, növbəti mərhələdə mövcud layihələr üzrə sənaye zonalarında əlavə 4 milyon manat invesitiya yatırılması və 2 minə yaxın iş yerinin yaradılması nəzərdə tutulur:

"Sənaye zonaları üzrə indiyədək ümumilikdə 5 milyard manatlıq məhsul istehsal edilib ki, bunun 1,4 milyard manatı təxminən 27 faizi ixrac edilib. Mərkəzi Asiya ölkələri, Avropa İttifaqı ölkələri, Çinə, Braziliya məhsullarımızın ixracı həyata keçirilir".

E.Nuriyev qeyd edib ki, Sumqayıt sənaye parkına rezidentlər tərəfindən 3 milyard dollar həcmində investisiya yatırılıb, 5700-dək insan işlə təmin edilib:

"Növbəti mərhələdə mövcud layihələr üzrə əlavə olaraq 312 milyon manat investisiyanın qoyulması, 1300 iş yerinin yaradılması nəzərdə tutulur. Ümumilikdə Sumqayıt Kimya Sənaye parkının rezidentləri tərəfindən bu günədək 3,9 milyard manatlıq satış həyata keçirilib, bunun da 1,3 milyard manatlıq hissəsi, təqribən 33 faizi ixracın payına düşür".

E.Nuriyev qeyd edib ki, 2021-ci ilin 9 ayında 892 milyon manatlıq məhsul istehsalı iıə Sumqayıt kimya sənaye parkının ölkə sənayesinin qeyri neft sektorunda xüsusi çəkisi 13,4 faiz, qeyri-neft sənayesinin məhsullarının ixracında 27,5 faiz-541 milyon manat olub.

Aytən Zəhra
AzVision.az



Teqlər: Sənaye   Zona  





Xəbər lenti