Azad olunan ərazilərə köçürülənlər işlə təmin olunacaq

   Azad olunan ərazilərə köçürülənlər işlə təmin olunacaq
  08 Dekabr 2021    Oxunub:1364
"İşğaldan azad olunmuş ərazilərdə proqram üzrə bərpa işləri görüldükcə həmin ərazilərdə məşğulluq təmin olunacaq".
AzVision.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev jurnalistlərə açıqlamasında deyib. Nazir qeyd edib ki, əhalinin işğaldan azad olunmuş ərazilərə köçürülmə prosesinə uyğun olaraq onların məşğulluğu maksimum formada təmin ediləcək:

"Hazırda orda podratçı şirkətlər və müvafiq dövlət şirkətləri tərəfindən işlər aparılır və onların ehtiyacını qarşılayacaq işçi qüvvəsi təmin edilib. Biz öz növbəmizdə əhalinin böyük qayıdış çərçivəsində, planlı şəkildə oraya köçürülməsini gözləyirik. Bu proses mərhələli şəkildə həyata keçirildikcə məşğulluq sahəsində də ardıcıl tədbirlər təşkil ediləcək".

Nazir qeyd edib ki, Azərbaycanda məşğulluğun genişləndirilməsi hökumət siyasətinin ana xəttlərindən birini təşkil edir:

"Son 4 ildə 30 faiz artan əmək müqavilələrinin 75 faizi özəl sektorun payına düşür. Digər tərəfdən isə əmək haqqı fondu 92 faiz artıb. Orta əmək haqqı 40 faiz, median əmək haqqı 75 faiz artıb ki, bu da Azərbaycan siyasətinin fərdi, sosial inkişaf sahəsində gördüyü işlərin nəticəsidir. Məşğulluq orqanları tərəfindən 230 min-dən çox şəxs işə düzəlib, 36 min kiçik ve mikro təsərrüfat yaradılıb ki, bu da 36 min ailənin davamlı gəlir sahəsi deməkdir. Nəzərə alsaq ki, hər il 100 mindən çox gənc əmək bazarına daxil olur, onların arasında ixtisaslı işçilərin sayı o qədər də çox deyil. Bu istiqamətdə tədbirlər artırılmalı və işçi qüvvəsinin inkişafı təmin olunmalıdır".

Aytən Zəhra
AzVision.az



Teqlər: Qarabağ  





Xəbər lenti