Bizə nə lazımdır: erməni məhbuslar, yoxsa… - Ədalət Verdiyevin yazısı

   Bizə nə lazımdır: erməni məhbuslar, yoxsa…    - Ədalət Verdiyevin yazısı
  25 Oktyabr 2021    Oxunub:4426
Son günlərdə sosial şəbəkədə müzakirə edilən aktual məsələlərdən biri də Azərbaycanda 6 il həbs cəzasına məhkum edilən 5 erməni silahlısının Ermənistana qaytarılması oldu. Mels Hambardaryan, Rafik Karapetyan, Zora Manukyan, Hovsep Manukyan və Sedrak Sogomonyan Azərbaycanın azad etdiyi Xocavənd ərazisinə daxil olduqları və diversiya fəaliyyətlərinə yol verdikləri üçün noyabrın 26-da həbs olunmuşdular.
Son 30 ildə Ermənistanın Azərbaycana qarşı törətdiyi soyqırımlar, vəhşiliklər və vandallıq fonunda iki ölkə arasında hər hansı bir şəkildə qarşılıqlı faydalı fəaliyyət cəmiyyətdə şübhə doğurur. Əslində bu, normal reaksiyadır. Çoxumuz işğal altındakı ərazilərimizdə yerləşən qəbirlərdəki azərbaycanlı cəsədlərin sümükləri ilə savaşan bir topluma etibar etməyə tələsmirik. Amma zaman keçir, azad edilən ərazilərdə görüləcək dünya qədər işimiz var; minalanan ərazilərin dəqiq xəritələrinin olmaması, sərhədlərin tam təyin edilməməsi, rus sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdən erməni silahlılarının çıxarılmaması və s. Azərbaycanın quruculuq fəaliyyətinin, o cümlədən, hərbi infrasturktur layihələrinin ləngiməsinə səbəb olur.

Münaqişənin aktiv fazası artıq başa çatıb, amma tərəflər arasında həll edilməyən problemlər hələ də mövcuddur. Ermənistan cəmiyyəti 30 illik “məğlubedilməzlik” və “Böyük Ermənistan” mifindən xilas olmanı çox ağrılı şəkildə keçirir. Əvvəlcə Ermənistan bəzi havadarlarının dəstəyindən ruhlanaraq, imzaladığı üçtərəfli Bəyanatın bəzi maddələrindən geri çəkilməyə cəhd edirdi, lakin onların “bir atımlıq barıtı” tükəndikdən sonra İrəvan “ilıq” bəyanatlarla gərginliyi azaltmağa çalışdı. Bu da səbəbsiz deyildi. Sərhədlərin təyin edilməsi prosesini ləngidən Ermənistanı yola gətirmək üçün Azərbaycan fərqli və çox təsirli metoddan istifadə etdi. Ordumuza Ermənistanla sərhəddə yerləşən və xəritə ilə bizə məxsus olan ərazilərə nəzarəti bərpa etmək əmri verildi.

Ermənistan ordusunun müqavimət potensialı qarşılıq verəcək qədər olmadığı üçün erməni hərbçiləri komandanlıq tərəfindən həvalə olunan ərazilərin əksəriyyətini atəş açmadan tərk edirdilər. Adətən Azərbaycana aid XTQ-nin ərazidə görünməsi hay-küy salmağa cəhd edən erməni tərəfinin “suyu süzülərək” geri çəkilməsilə nəticələnirdi. Bu proseslərdə erməni tərəfin itkiyə məruz qalmaması üçün hərbçilərimizin həssalıq göstərdiyini də qeyd etməliyəm.

Azərbaycanın rəhbərliyi işğalçı ölkənin düşdüyü rəzil durumu anlayır və öz maraqlarına xələl gətirməyəcək şəkildə Ermənistanın bu əzablı keçid dövrünü qismən yumşaq keçirməsinə hərdən şərait də yaradır. Sonuncu dəfə Azərbaycanda həbs edilən erməni silahlılarından ibarət 6 nəfərlik bir qrupunun Ermənistana geri qayıtarılmasına da rəsmi Bakının İrəvana qarşı atdığı humanist addım kontekstində baxılmalıdır. Azərbaycan daim gərginliyi azaltmaq, müsbət atmosferə köklənən etimad mühiti yaratmaq və dayanıqlı sülh əldə etmək üçün müəyyən addımlar atıb. İndiyə qədər Ermənistana 113 nəfər, bəzi mənbələrə görə 103 nəfər əsir və ya yüngül cinayət törədərək həbs edilən erməni silahlısı qaytarılıb. Ermənistanın buna görə Azərbaycana təşəkkür etməməsi də faktdır.

Dəfərlərlə xalqımıza qarşı soyqırım törədən Ermənistana silahlılarının qaytarılması məsələsi çox incə və həssas mövzudur. Amma onların əksəriyyətinin, bəlkə də hamısının qaytarılması keçən il noyabrın 10-da qüvvəyə minən üçtərəfli Birgə Bəyanatın imzalanmasından sonra məlum idi. 9 bənddən ibarət Birgə Bəyanatın 8-ci bəndində yazılıb: “Hərbi əsirlər, girovlar və digər saxlanılan şəxslərin, habelə cəsədlərin mübadiləsi həyata keçirilir”. Azərbaycan Dilqəm Əsgərov ilə Şahbaz Quliyevin geri qaytarılmasına məhz bu bəndin tələblərinə əsasən nail olmuşdu. Bu tələb 90-cı illərdə Ermənistan tərəfindən girov və əsir götürülən 4000 nəfərə yaxın Azərbaycan vətəndaşına aid edilsə də, bu günə qədər onlardan yalnız 7 nəfərin cəsədinin qalıqlarının qaytardığını da qeyd etməliyik.

Əslində Qarabağda müharibə bitdikdən sonra əsirlərin geri qaytarılması Birgə Bəyanatın şərtlərinə və mübadilə prosesinin məntiqinə uyğun prosesdir. Burada qeyri-adi heç nə yoxdur. Azərbaycan həbsxanalarının erməni məhbuslar üçün kökəltmə məntəqəsi olmadığnı və onların qaytarılmasının qarşılıqsız həyata keçirildiyini düşünmədiyimi ilk dəfə bu ilin əvvəlində yazmışdım. Bizim əsas hədəfimiz Ermənistanla sərhədlərimizi tam bərpa etmək, Qazaxın 7, Sədərəyin isə 1 kəndini geri qaytarmaq, Naxçıvanı Zəngilan ilə birləşdirəcək dəhlizi bərpa etmək, mina sahələrinin dəqiq xəritələrini əldə etmək və işğaldan azad edilən ərazilərə ən qısa müddətdə vətəndaşlarımızın kütləvi qayıdışını təmin etməkdən ibarətdir. Əsas hədəflərimizi əldə etməyin qarşılığında saxlanılan erməni silahlılarının qaytarılması, Birgə Bəyanatda əks olunmasaydı belə, yenə də kifayət qədər kiçik məsələdir.

Ermənistan tərəfindən mina sahələrinin xəritələrinin verilməsi bir həftə əvvəl gözlənilirdi. Bəlkə də məhbusların geri qaytarılması üçün Bakıya gələn Rusiya sülhməramlı kontingentinin keçmiş komandanı general Rüstəm Muradov həmin xəritələri Azərbaycana təqdim etdikdən sonra həbsdə olan 5 nəfər erməni silahlısını İrəvana aparmağa nail olub, çünki Ermənistanın baş naziri Nikol Paşinyan oktyabrın 15 -də MDB Dövlət Başçıları Şurasının iclasında rəsmi İrəvanın həbsdə olan ermənilərin qaytarılması qarşılığında mina sahəsinin xəritələrini Azərbaycana verməyə hazır olduğunu bildirmişdi. İndi sual edirəm: Bizim üçün hansı vacibdir: Əsgərimizin, mülki vətəndaşımızın həyatının təhlükəsizliyi, sərhədlərimizin bərpası, Naxçıvana dəhlizin açılması, yoxsa erməni silahlısının həbsxanada bəslənməyi?

Regional kommunikasiyaların blokadadan çıxarılması üçün üçtərəfli komissiyanın Moskvada keçirilən növbəti iclasının ərəfəsində Azərbaycanın hümanistlik nümayiş etdirməsi ölkəmizin regionda sülh və əmin-amanlığının bərpasında maraqlı olduğunu ortaya qoyur. Rəsmi Bakının atdığı bu addımlara Ermənistan məğlub tərəf kimi ikiqat xoş niyyət nümayiş etdirməyə borcludur. Son 30 ildə iki ölkə arasında normal münasibətlərin bərpası və növbəti problemlərin qısa müddətdə həlli üçün Azərbaycan əlindən gələni edib və edir. İndi iki ölkə arasında normal münasibətlərin bərpası üçün addım atmaq növbəsi Ermənistandadır. İrəvanın bu istiqamətdə atacağı müsbət addımlar gərginliyin azalmasına və münasibətlərin qismən normallaşmasına imkan yarada bilər ki, bu da hər iki tərəfin, xüsusən ordusu yox səviyyəsində olan Ermənistanın maraqlarına daha uyğundur.

Sərhədlərin təyin olunması məsələsində son günlər müsbət addımlar müşahidə edilir. Zəngilan ərazisinə aid olan və Ermənistanın Qafan şəhərinə yaxın yerləşən Ağdağ yüksəkliyinə artıq Azərbaycan Ordusu tərəfindən nəzarət edilir. Qafan rayonunun dörd kəndinə - Xdrants, Əgərək, Yeqvard və Uzanis yaşayış məntəqələrinə gedən yolun bir hissəsi Azərbaycan ərazisində qalıb. Ağdağ yüksəkliyində yerləşən Azərbaycan Ordusunun mövqeləri adıçəkilən bu kəndlər də daxil olmaqla, ümumilikdə 6 erməni yaşayış məntəqəsinə vuzual nəzarətimizi təmin edir.

Müharibənin başa çatmasından 1 ilə yaxın müddət keçməsinə baxmayaraq, Azərbaycan Silahlı Qüvvələri ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası istiqamətində hər gün hansısa nailiyyətə imza atır. Prosesləri məntiqi sonluğuna çatdırmaq üçün Azərbaycanın üzərinə götürdüyü öhdəlikləri mərhələli şəkildə həyata keçirməsi, o cümlədən, saxlanılan şəxsləri qaytarması normal qarşılanmalıdır. Həbsdə olan ermənilərin qaytarılmasının həssas məsələ olduğunu nəzərə alaraq, cəmiyyətimizi bu proseslərə əvvəlcədən hazırlamalıyıq.

Məsələn, 1 erməni məhbusun saxlanılması üçün cəlb edilən həbsxana nəzarətçilərinin sayını mən də dəqiq bilmirəm. Saxlanılan ermənilərin tibbi xidmət, qida qəbulu, gəzinti, istirahət və s. kimi prosedurlarının digər məhbuslardan tam təcrid vəziyyətində keçirildiyi məlumdur. Bütün bunlar zaman və resurs tələb edir. Məncə zamanımızı və resurslarımızı Qarabağın və Zəngəzurun yenidən qurulması kimi daha vacib proseslərə sərf etməli olduğumuzu hamımız anlamalıyıq. Yüzillərlə müharibə edən qonşu ölkələr də sonradan barışıblar. Almaniya Fransa ilə, Rusiya Almaniya ilə, ABŞ Yaponiya ilə zamanında ən savaşsalar da, hazırda sıx əlaqələrə malikdir. Barışıq inkişafın təməlidir. Qarabağın inkişafı iqtisadi böhranla 30 ildir mübarizə aparan, bu gün isə çətin və rəzil durumda olan 25 min yolunu azmış ermənini Azərbaycan vətəndaşı olmağa daha erkən meylləndirəcək. Amma əlbəttə ki, barışıq tarixi unutmaq, ehtiyatı əldən vermək, düşmənçilik fəaliyyətlərinə göz yummaq demək deyil.

Ədalət Verdiyev, hərbi ekspert
Məxsusən AzVision.az üçün


Teqlər:





Xəbər lenti