CAR-da Qarabağ tədbiri keçirilib

CAR-da Qarabağ tədbiri keçirilib
  26 Mart 2014    Oxunub:1180
«Xocalıya ədalət» beynəlxalq məlumat və təşviqat kampaniyası çərçivəsində Azərbaycanın Cənubi Afrika Respublikasındakı səfiri Elxan Poluxov Pretoriya şəhərində fəaliyyət göstərən Pretoriya Universitetinin Siyasi elmlər fakültəsində müəllim və yerli ekspertlər qarşısında «Cənubi Afrika və Azərbaycan münasibətləri çərçivəsində Cənubi Qafqazda stabillik» adlı mühazirə ilə çıxış edib.
Səfirlikdən verilən məlumata görə, mühazirədən əvvəl tədbiri giriş sözü ilə açan fakültənin dekanı, professor Maksi Skuman Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə CAR-da kifayət qədər məlumatın olmadığını qeyd edərək bu görüşün yaranmış boşluğun aradan qaldırılmasına həsr olunduğunu vurğulayıb.

Səfir E.Poluxov Azərbaycanın müstəqilliyi bərpa olunduqdan sonra ölkəmizin üzləşdiyi daxili və xarici problemlər, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı və bütün bu çətinliklərin həllində Heydər Əliyevin oynadığı həlledici rolundan danışıb. Post-sovet məkanın ən uzunsürən və ağrılı münaqişənin həllinə dair aparılan danışıqlar prosesi barədə məlumat verən E.Poluxov CAR-dakı elmi dairələrin də öz münasibətlərini göstərməyə çağırıb.

Daha sonra səfir qonaqlara Azərbaycanın iqtisadi göstəriciləri haqda geniş məlumat verib. Azərbaycanın müstəqilliyini əldə etdiyi dövrdən etibarən iqtisadi potensialının illər ərzində genişləndiyini və bir sıra region ölkə ilə iqtisadi sahədə əməkdaşlıq qurduğunu, həmçinin Azərbaycanın Cənubi Afrika regionunda yerləşən ölkələrlə, xüsusən CAR ilə əməkdaşlığın başlanmasını ölkənin iqtisadi siyasətində maraq təşkil etdiyini vurğulayıb.

Tədbirin sonunda səfirlik tərəfindən tədbir iştirakçılarına Heydər Əliyev Fondu tərəfindən hazırlanmış Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə və Azərbaycana həsr edilmiş məlumat kitabçaları paylanılıb. / APA


Teqlər:  





Xəbər lenti