Qaz böhranın dərsləri - İvan Us ilə müsahibə

 Qaz böhranın dərsləri -  İvan Us ilə müsahibə
  12 Oktyabr 2021    Oxunub:1008
Avropada qazın qiymətinin əvvəllər görünməmiş səviyyədə artması bir neçə amillə bağlıdır. Onlardan ən əsası “italyan tətili” terminini yada salmaq istəyən Rusiya Federasiyasının apardığı siyasətdir. Rusiya imzaladığı müqavilələrə tam əməl edib və əvvəllər olduğu kimi, razılaşdırılmış həcmdən artıq qaz satmayıb. Bununla da Avropanı faktiki şantaj edib. Şantajın mahiyyəti çox sadədir: biz müqavilələrdə göstərilən həcmlərdən artıq qaz tədarük edərik, amma siz “Şimal axını-2” xəttilə bağlı anti-inhisar qanununuzu tətbiq etməyin.
Bu sözləri Azvision.az -a müsahibəsində Milli Strateji Tədqiqatlar İnstitutunun Xarici Siyasət mərkəzinin baş məsləhətçisi, iqtisad elmləri doktoru İvan Us deyib. Onun sözlərinə görə, ikinci faktor AB ölkələrinin özündə möhtəkirlərin qiymətli kağızlarla oynamasıdır. Onlar Rusiya Federasiyasının gələcəkdə müqavilələrdə nəzərdə tutulmuş həcmlərdən artıq qaz verməyəcəyi riskindən qaynaqlanan təşvişdən istifadə edərək, qazın qiymətlərini qaldırmağa başladılar:

- Avropada qaz qiymətlərinin yüksəlməsini məhz bu iki amil şərtləndirdi. Ancaq nisbətən daha az əhəmiyyət kəsb edən bir faktoru da qeyd etmək olar. Bu, “Qazprom” ilə Avropanın ayrı-ayrı ölkələrinin qaz tədarüküylə bağlı daha uzun marşrutlardan istifadə etməklə bağlı razılaşmasıdır.
Lakin bu il oktyabrın əvvəlində baş verən hadisələr göstərdi ki, şantajla çox yol getmək olmaz. Çünki bu, “Qazprom”un gəlirlərinin azalmasıyla yanaşı, Avropanın qaz bazarında rəqabətin əmələ gəlməsinə də stimul verdi. Yüksək qaz qiymətləri ilk növbədə ABŞ-da metan qazı istehsalçılarına öz fəaliyyətlərini genişləndirmək üçün mühüm stimul verir. Bundan başqa, etibarlı tərəfdaş olan “Qazprom”un imicinə də zərbə vurdu. Bu isə avropalı qaz treyderlərini ABŞ-ın qaz şirkətləri ilə sıx əməkdaşlığa sövq edə bilər. Onlar üçün qaz siyasət yox, iqtisadiyyatdır.

- Böhran sürətli eneji keçidinin – ənənəvi energetikanın bərpa olunan enerji mənbələri (BOEM) ilə əvəzlənməsi zərurətilə bağlı mübahisələri kəskinləşdirdi. Fransanın TOTAL şirkətinin proqnozunda deyilir ki, neftə tələbat cari onilliyin sonunda azalmağa başlayacaq, BP (British Petrolium) isə bunun yalnız 2040-cı ildən sonra baş verəcəyini gözləyir. Neft və qaz erası bitdikdə dünya BOEM-ə keçməyə hazırdırmı?

- Neft və qaz dövrünün bitməsi haqqında söhbətlər çoxdan gedir. Bu söhbətlərə dünyanın bir çox ölkələrinin bərpa olunan enerji mənbələrinə keçmə strategiyası rəvac verir. Lakin qaza və neftə olan tələbat hələ ki ancaq artır. Tələbatın sabitləşəcəyi isə yaxın 20 ildən tez gözlənilmir. Hərçənd, «European Green Deal» tipli kursların uğurunu gözardı etmək olmaz. Qaz və neft erasının tezliklə başa çatması həmin kursların reallaşmasından asılı olacaq.

- Lakin Avropa “yaşıl enerjiyə” keçid ideyasını sərt şəkildə, tələm-tələsik irəli aparmağa çalışır, sanki ənənəvi enerjini qəsdən sıxışdırıb çıxarmaq istəyir. Bu tələskənlik nə üçündür?
- Avropanın “yaşıl enerjiyə” keçməyə tələsməsi və ekologiyaya diqqətini artırması, dünya media məkanında isveçli Qreta Tunberqin tez-tez peyda olması təsadüfi deyil. Bir çox analitik mərkəzlərin proqnozlarına görə, 2050-ci ilə doğru Avropa ölkələrinin iqtisadiyyatı digər ölkələrdən geri qalacaq. «PricewaterhouseCoopers» beynəlxalq şirkətlər şəbəkəsinin proqnozuna görə, 2050-ci ilə doğru dünya ölkələrinin ÜDM reytinqində Avropanın alıcılıq qabiliyyətinə görə aparıcı ölkələri olan Almaniya və Böyük Britaniya 9-cu, 10-cu yerdə olacaqlar. Dünyanın aparıcı iqtisadiyyata malik ölkələri Çin və Hindistan olacaq və onlar Avropadan xeyli irəli keçəcəklər. İndoneziya və Braziliya kimi ölkələr isə 4-cü, 5-ci yerləri tutacaqlar. Dünya iqtisadiyyatlının belə bir ssenari üzrə inkişafı Avropa ölkələrini açıq-aşkar qane etmir. Rəqiblərin inkişafını ləngirmək və status-kvonu mümkün qədər qorumaq üçün Avropa ölkələrinə aksenti iqtisadiyyatdan ekologiyaya doğru dəyişmək lazımdır. Çünki bu dəyişiklik onların özündən çox rəqiblərinə çətinlik yaradacaq. Ona görə də, “iqtisadiyyat yarışında” uduzmamaq üçün özlərinə sərf edən addımlar atırlar.

- Razılaşın ki, BOEM-ə keçid nəhəng investisiyalar tələb edir. Belə bir fikir var ki, bunu ancaq yüksək inkişaf etmiş ölkələr həyata keçirə bilər. 2020-ci ilin iqtisadi böhranından sonra bu vəsait haradan götürüləcək?

- “Yaşıl enerjiyə” keçid, şübhəsiz, çox xərc tələb edir, ancaq koronavirus pandemiyasının səbəb olduğu iqtisadi böhranın çox böyük təsirindən də danışmağına dəyməz. 2021-ci ilin dinamikası göstərir ki, bir çox iqtisadi göstəriçilər böhrandan əvvəlki səviyyəyə qayıdır, bəziləri isə hətta əvvəlkindən daha yaxşıdır. Bəli, səhiyyə sahəsindəki problem həll olunmayıb və perspektiv o qədər də aydın deyil, ancaq dünya ölkələrinin iqtisadiyyatı yeni şəraitə sürətlə uyğunlaşdığından, yaxın zamanda koronavirusa görə müvəqqəti unutmağa məcbur olduğumuz ekoloji məsələlərin gündəmə qayıdacağını güman etməyə əsaslar var.

- “Yaşıl enerji” neft və qaza qalib gələ bilərmi?
- “Yaşıl enerji”nin neft və qaza nə zaman qalib gələcəyini söyləmək çətindir. Yaxın iki onillikdə bu dəqiq baş verməyəcək. Ancaq daha uzaq perspektivdə ola bilər. Fəqət bu yenə də tam qələbə olmayacaq, çünki qaz və neftdən tam imtina mümkün görünmür. Ən azından 21-ci əsrdə.

Cavad Muradov
Nadir Quliyev

Azvision.az


Teqlər: Neft   Qaz   BOEM   Avropa  





Xəbər lenti