"Qarabağ" "Keşlə" ilə bacarmadı

"Qarabağ" "Keşlə" ilə bacarmadı
  25 Sentyabr 2021    Oxunub:1837
Sentyabrın 25-də futbol üzrə Azərbaycan Premyer Liqasında V tura start verilib.
Azvision.az xəbər verir ki, açılış oyununda "Qarabağ" klubu "Keşlə"nin qonağı olub. "ASK Arena"da keçirilən görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Matçdan öncə Vətən müharibəsinin ildönümü yad edilib. Ağdam klubu meydana hərbi geyimdə çıxıb. Futbolçular isə üzərində "Qəhrəmanları olan Vətənin bayrağı enməz" şüarı yazılmış pankart açıblar. Daha sonra dövlət himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Oyuna gəlincə, start fitindən sonra dərhal irəliyə atılan "Qarabağ"ın çoxsaylı hücumları 20-ci dəqiqədə bəhrəsini verib. Abdullah Zubir Filip Ozobiçin künc nöqtəsindən ötürdüyü topu başla qapıdan keçirib. İlk hissənin sonlarında paytaxt təmsilçisinin baş məşqçisi Sənan Qurbanov texniki zonadan qovulub. Qırx bir yaşlı mütəxəssis baş hakim Fərid Hacıyevin qərarına sərt şəkildə etiraz etdiyi üçün ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırılıb. Beləliklə, birinci yarı qonaqların minimal hesablı üstünlüyü ilə başa çatıb.

İkinci hissədə tamamilə müdafiəyə çəkilən "Keşlə" əks hücumların birində tarazlığı bərpa edib. Oyunun 71-ci dəqiqəsində müdafiədəki boşluqdan istifadə edən Aldair Neto Şahruddin Məhəmmədliyevlə üzbəüz dueldən qalib ayrılıb. Anqolalı hücumçu topu qapıçının başı üzərindən tora qovuşdurub. Buraxılan qoldan sonra "köhlən atlar" təzyiqi artırsalar da, bu, nəticədə öz əksini tapmayıb və "Keşlə" mövsümdə ilk xalını qazanıb. Xallarını sayını 11-ə çatdıran "Qarabağ" liderliyə yüksəlib. Bakı klubu isə "Sabah"la birlikdə 7-8-ci yerləri bölüşdürür.

Qeyd edək ki, günün ikinci oyununda "Səbail" "Zirə"ni qəbul edəcək. Tura sentyabrın 26-da oynanılacaq "Sabah" - "Neftçi" və "Sumqayıt" - "Qəbələ" matçları ilə yekun vurulacaq.

Azvision.az



Teqlər:





Xəbər lenti