Qarabağ meydanı: ABŞ oyuna daxil olur – TƏHLİL

      Qarabağ meydanı:    ABŞ oyuna daxil olur –    TƏHLİL
  20 Sentyabr 2021    Oxunub:5074
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Amerikaya səfəri öncəsi keçirdiyi mətbuat konfransında verdiyi açıqlama kifayət qədər maraqlı idi. Gürcüstanın özünün Türkiyə ilə Ermənistanı bir araya gətirməkdə hər hansı birbaşa marağı ola bilməz. Demək, bunun arxasında böyük ehtimalla, başqa maraqlı güc dayanıb.
Erməni mətbuatında yayılan xəbərə görə, Paşinyan Batumda olarkən bir neçə saatlığa hamının gözündən itibmiş. Onun həmin vaxtı harada keçirdiyini heç kim bilmir. Əgər Anna Akopyana xəyanət etməyibsə, böyük ehtimalla, Nikol Paşinyan rəsmi protokola salınmayan hansısa gizli görüşdə ola bilərdi. Nəzərə alaq ki, Batumda Türk konsulluğu var, üstəlik ora ABŞ kəşfiyyatının məskən saldığı yerlərdən biridir: Batum limanında ABŞ-ın hərbi gəmiləri tez-tez görünür. Ermənistan və Türkiyə təmsilçilərinin Rusiyanın gözündən kənarda gizli görüşmələri üçün Batumdan daha ideal yer təsəvvür eləmək mümkün deyil.

Bunun ardınca cənab Ərdoğan açıqlayır ki, rəsmi İrəvan Tiflisin araçılığı ilə Türkiyə ilə danışıqlara başlamaq istəyir, özü isə ABŞ-a yollanır. Onun ABŞ səfərinin gündəmi xeyli zəngindir, amma şübhəsiz ki, həmin bolluqda Güney Qafqazdakı vəziyyətə də mütləq yer tapılacaq. Ərdoğanın ABŞ-dan sonra Rusiyaya səfər edəcəyi də xeyli maraqlı detaldır.

Daha maraqlısı odur ki, paralel olaraq Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da ABŞ-a yola düşür. Görünür, Vaşinqtonda eyni zamanda bu məsələni hər iki tərəflə müzakirə etmək istəyirlər.

Bu əsnada ABŞ-ın Güney Qafqazdakı hər cür fəaliyyətinin bloklanmasına çalışan Rusiya və İran səylərini birləşdirərək, gücləndirirlər. İran Azərbaycanla Türkiyənin sərhədləri yaxınlığında kifayət qədər iri miqyaslı hərbi təlimlər keçirir. Aydındır ki, bu, təkcə Azərbaycanın öz ərazisinə qanunsuz daxil olan İran yük maşınlarını yoxlaması ilə bağlı ola bilməz. Ümumiyyətlə, təkcə Azərbaycana qarşı da yönəlməyib və xeyli böyük məsələdir.

Praktik olaraq eyni vaxtda Rusiyanın baş nazirinin müavini, Güney Qafqazda kommunikasiyaların açılması məsələsini kurasiya edən Aleksey Overçuk İrəvanda keçirdiyi mətbuat konfransında bəyan edir ki, Azərbaycanın əsas ərazisi ilə Naxçıvanı birləşdirəcək dəhlizin yaradılması müzakirə olunmur. Bu, Türkiyə ilə Ermənistanın mümkün danışıqlarına badalaq vurmaqdır. Çünki Zəngəzur dəhlizinin açılması müzakirə olunmursa, İrəvanla Ankaranın münasibətlərinin normallaşması da alınmayacaq – bu, dialoqun ilk şərtlərindən olmalıdır.

Paşinyanın mətbuat katibi Mane Gevorkyanın açıqlamasının alt qatında da çox şey gizlənir: “Dəhlizlərin bərpası məsələsi regional təcridin saxlanılması məntiqinə xidmət edir. Bu, bölgədə sülhün və təhlükəsizliyin təmin olunmasına ziddir və düşmənçilik atmosferinin davam etməsinə səbəb olur”. Doğrudan? Tam tərsinə olmalı idi axı: Dəhlizlərin açılması əksinə, sülhün və sabitliyin bərpasına ancaq kömək edə bilər.

Nə alınır: Bir tərəfdən İrəvan Tiflisdən xahiş edir ki, onun Türkiyə ilə dialoqunu təşkil etsin, o biri tərəfdən isə həmin dialoqu inkar edən fikirlər səsləndirir?!

Bu ziddiyyəti çozmək üçün tənliyə yeni dəyişəni əlavə etmək lazımdır: ABŞ. Güman ki, mənzərə əslində belədir: ABŞ Güney Qafqazda öz oyununu qurmaq üçün Ermənistanla Türkiyəni dialoqa çəkməyə çalışır (bu, Sem dayının köhnə taktikasıdır) , Rusiya və İran isə ABŞ-ın oyununu pozmaq məqsədilə gedişlər edirlər. Halbuki, ən doğru addım bu istiqamətdə Bakı və Ankara ilə qarşıdurmaya getmək yox, siyasətləri uzlaşdırmaq ola bilərdi. İndiki vəziyyət qarşıdakı dövrdə xeyli sürprizlər vəd edir.

Vüsal Məmmədov

Azvision.az

“O, Keyxosrov, bizsə Əfrasiyabıq” – İran-Azərbaycan münasibətlərinin arxetipik kodları
“Üçüncü Roma” yox, “İkinci Bizans”: Rusiyanın Güney Qafqaz siyasətinin geosiyasi kodları


Teqlər: ABŞ   Qarabağ   Ərdoğan  





Xəbər lenti