ABADA beynəlxalq əlaqələrini genişləndirir - FOTO
Beynəlxalq əlaqələrin genişləndirilməsi və bu sahədə qabaqcıl təcrübələrin öyrənilməsi məqsədi ilə silsilə tədbirlərə başlanılıb. Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqı (İRU), Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti, Türkiyənin Beynəlxalq Nəqliyyatçılar Dərnəyi (UND) ilə mütəmadi fikir mübadiləsi aparılır. Son olaraq Türkiyənin Beynəlxalq Nəqliyyatçılar Dərnəyi (UND) ilə idarəetmə sisteminin təkmilləşdirilməsi, UND-nin keyfyyət nəzarət sisteminin üstünlükləri ilə bağlı Bakıda görüş təşkil olunub. Bu məqsədlə Türkiyənin Beynəlxalq Nəqliyyatçılar Dərnəyinin nümayəndə heyəti Bakıya səfər edib.
3 günlük səfər çərçivəsində yükdaşıma, loqistika sahələri üzrə UND-nin keyfiyyətə nəzarət sisteminin ABADA-da tətbiqi ilə bağlı fikir mübadiləsi aparılıb.
Konfransda Türk daşıyıcıların Azərbaycan ərazisindən birbaşa Orta Asiyaya keçidini təşkil məsələləri müzakirə olunub. Bildirilib ki, hazırda cənub istiqamətindən İrandan, şimaldan isə Rusiya və Gürcüstandan keçməklə Orta Asiyaya yükdaşımaları icra edilir. Bu işlərin birbaşa Azərbaycan üzərindən həyata keçirilməsi üçün Türkiyə nümayəndə heyəti mövcud vəziyyəti yerində araşdırıb.
Eyni zamanda Azərbaycanlı daşıyıcıların UND vasitəsi ilə Avropa bazarlarına çıxış imkanlarının genişləndirilməsi barədə də danışıqlar olub. Azərbaycanlı daşıyıcıların, ekspeditorların, menecerlərin peşə ixtisaslarının təkmilləşdirilməsi üçün UND-nin tədris bazasından istifadə olunması haqqında razılıq əldə edilib.
UND ilə Türkiyə höküməti arasında koordinasiyalı işin nümunəsi əsasında Azərbaycanda da inkişafda olan kiçik və orta biznesin dövlət qurumları ilə ictimai işirakçılıq haqqında qanunun müddəaları əsasında tərəfdaşlıq formasının hazırlanması və icrası ilə bağlı da fikir mübadiləsi aparılıb. NRYTN ilə ABADA arasındakı münasibətlərin bu praktikanın tətbiqi və inteqrasiya olunması üçün təkan olduğu vurğulanıb.
Görüşdə çıxış edən ABADA-nın İdarə Heyətinin sədri Azərbaycanla Türkiyə arasında siyasi, iqtisadi əlaqələrin hər iki ölkə liderinin əsas hədəflərindən olduğunu vurğulayıb. UND-nin prezidenti yükdaşıma sahəsinin ölkələrimiz üçün strateji istiqamət olduğunu vurğulamaqla yanaşı, Azərbaycan və Türkiyənin beynəlxalq tranzit potensialının təkcə region üçün deyil, Avropa və Asiya üçün də mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib. Yeni strateji plandan bəhs edən ABADA İB-nin prezidenti, müasir xidmətin qurulmasında maraqlı olduğunu diqqətə çatdırıb. Bu məqsədlə bir çox ölkələrin praktikaları öyrənilib. Son olaraq UND-nin keyfiyyətə nəzarət, təminat sistemləri, idarəetmə sturukturu uyğun və məqbul seçilib. ABADA Prezidenti Türkiyənin Beynəlxalq Nəqliyyatçılar Dərnəyinin təcrübəsinin əsas götürülərək ABADA üçün yeni idarəetmə konsepsiyayası hazırlanacağını qeyd edib.
Görüşdə çıxış edən UND-nin icra aparatının rəhbəri Alper Özel uzun illərə dayanan tərəfdaşlığa və dəstəyə görə ABADA-ya və onun rəhbərliyinə təşəkkür edib. Azərbaycanın Türkiyənin Şərqə açılan qapısı olduğunu qeyd edən UND rəsmisi, Azərbaycan üzərindən daşınan yüklərin Türkiyənin iqtisadi potensialında mühüm rol oynadığını bildirib. A.Özəl bir çox texniki və birokratik məsələlərin həllində ABADA-nın onlara verdiyi dəstəyə, yardıma görə təşəkkür edib. Qeyd edək ki, UND nümayəndə heyətinin Azərbaycana səfər proqramı çərçivəsində Rusiya Federasiyası ilə sərhəd, keçid məntəqəsinə ziyarəti də planlaşdırılır.
Azvision.az
Teqlər: ABADA