Roman Saley Azərbaycan vətəndaşı olmaq istəyir - Baş məşqçi çempionun haqqında maraqlı detallar açıqladı

  Roman Saley Azərbaycan vətəndaşı olmaq istəyir  - Baş məşqçi çempionun haqqında maraqlı detallar açıqladı
  10 Sentyabr 2021    Oxunub:4987
Tokio-2020 Yay Paralimpiya Oyunlarında qızıl medalla Vətənə qayıdan idmançılarımızdan biri də Roman Saleydir. Belarus əsilli üzgüçümüz oyunlar zamanı 3 medala sahiblənib.
Azvision.az Azərbaycan bayrağı altında yarışlara qatılan idmançının məşqçisi, üzgüçülük idman növü üzrə milli komandanın baş məşqçisi Allahverdi Culfayev ilə söhbətləşib. Baş məşqçi Roman Saleylə ilk tanışlığından və onun idman karyerasından danışıb.

- Mən Romanın atası Sergey Saleyi də tanıyırdım, 80-ci illərdə dostlaşmışdıq. O, atletika üzrə idmançı idi, SSRİ-nin yığma komandasının üzvü olmuşdu. Sergeyin xanımı da özü kimi görmə əngəllidir. Romanla tanışlığım isə onun qardaşı, para-üzgüçü Dmitri Saleylə bağlıdır. Onunla Avropa çempionatında tanış olmuşduq. Dmitri bizim komandamızda çıxış etmək istəyirdi və 2009-cu ildə bununla bağlı müraciət etmişdi. Biz Belarus Milli Paralimpiya Komitəsinə məlumat verdik. Onlar dövlət başçısı Aleksandr Lukaşenko ilə danışdıqdan sonra bizə razılıq verdilər. Beləliklə, Dmitri 2013-cü ildə komandaya qəbul olundu. O, Hollandiyada keçirilən Avropa çempionatında iki qızıl, iki gümüş və bir bürüc medal qazandı. 2014-cü ildə onun kiçik qardaşı Roman Saley də bizə müraciət etdi. Kiçik qardaşın sənədlərinin rəsmləşdirilməsi 2015-ci ildə başa çatdı. O, qardaşı ilə birlikdə beynəlxalq oyunlarında iştirak etməyə başladı,- deyir Allahverdi Culfayev.


Romanın bir sıra uğurlu çıxışları oldu. İdmançı 2015-ci ildə Azərbaycan bayrağı altında Seulda keçirilən dünya oyunlarında çıxış etdi. Orada 3 gümüş, 2 bürünc medal qazandı. Daha sonra elə həmin ildə Şotlandiyanın Qlazqo şəhərində baş tutan dünya çempionatında iştirak etdi və Rio-de-Janeyro paralimpiya oyunlarına lisenziya qazandı. Və həmin paralimpiya oyunlarında gümüş medala sahibəndi.

- 2018-ci ildə bankdan kredit götürüb, öz hesabıma Romanı Almaniyaya beynəlxalq qran-pri oyunlarına apardım. Orada 4 qızıl medal qazandı. 2019-cu ildə biz İtaliyada beynəlxalq qran-pri turnirində iştirak etdik. Üzgüçü orada da bir neçə medala sahibləndi. Həmin ildə Londonda keçirilən lisenziyalı dünya çempionatına da qatıldıq. İki gümüş, bir bürünc medalla geri qayıtdıq. Bununla da Roman “Tokio-2020” XVI Yay Paralimpiya Oyunlarına lisenziya qazandı,- baş məşqçi idmançının uğurlarından qürurla danışır.


Pandemiyanın başlanması 2020-ci il ərzində idmançının məşqlərini çətinləşdirib. O, Belarusiyadakı evinin həyətində tikilən 25 metrlik hovuzda hər gün üzməklə məşqlərini davam etdirib. Bundan əlavə, Allahverdi müəllim öz hesabına Minskdə Roman üçün təlim-məşq toplantısı keçirib.

- Brest şəhərində, daha sonra 18 gün Antalyada və bir həftə də “Kür” avarçəkmə bazasında hazırlıq keçdi. Tokio-2020 Paralimpiya Oyunlarında iştirak etmək üçün təkidimlə avqusutun 10-da mən, məşqçi Pyotor Borisoviç Krılov və 3 idmançı ilə Tokiodan 8 km aralıda yerləşən Şıko Hakuya şəhərinə uçduq. Orada hər gün iki dəfə məşq edirdik. Avqustun 20-si isə Tokioya yollandıq. Beləliklə, ayın 27-si yarışa qatıldıq. Roman elə həmin gün ilk qızıl medalını əldə etdi. İkinci qızıl medala avqustun 31-i sahibləndi. Sentyabrın 3-də isə 3-cü qızıl medalını qazandı. Hər dəfə Azərbaycan bayrağını qaldırılanda, himn səslənəndə gözümdən yaş gəlirdi,- baş məşqçi unudulmaz günləri xatırlayır.


Bayrağımızı yüksəklərə qaldıran Roman Azərbaycan vətəndaşlığını qəbul etmək istəyir. Onun arzuları çoxdur, dünya rekorduna imza atmaq niyyətindədir.
- Roman 5 ildir ki, evlənib. Mən onun toyunda da iştirak etmişəm. Bakıya gələndə mənim yanımda qalır, oğlum kimidir,- Allahverdi müəllim deyir.







Şahanə Rəhimli
Azvision.az


Teqlər: Roman-Saley   Üzgüçü   Paralimpiada  





Xəbər lenti