Ziyanı gəlirə çevirən biznes – Ekspert şərhi
Əlibala Məhərrəmzadə xatırladır ki, qurğuşun insan orqanizmində toplanmaq xüsusiyyətinə malikdir. O, çirklənmiş torpaqdan qrunt sularına, bitkilərə, oradan isə qida zənciri vasitəsilə insan orqanizminə keçərək, illərlə toplanır, miqdarı kritik həddi keçəndən sonra ağır xəstəliklərə səbəb olur. Qurğuşun tozu nəfəslə də bədənə daxil olaraq, burada illərlə yığıla bilir. Buna görə də, işlənmiş akkumulyatorların savadlı utilizasiyası olduqca mühüm məsələdir.
“Son illərdə dünyanın inkişaf etmiş ölkələri bu məsələyə xüsusi diqqət göstərirlər. ABŞ-da hər il təxminən 100 milyon köhnəlmiş akkumulyator dəyişdirilir və onların 99%-i utilizasiya olunur. İşin yaxşı tərəfi odur ki, bu fəaliyyəti səmərəli biznesə çevirmək və pul qazanmaq da mümkündür. Belə ki, köhnə akkumulyator tərkib hissələrinə - plastik, qurğuşun, elektrolitlərə ayrılır, sonra onlardan kimyəvi emal yolu ilə propilen, polietilen, qurğuşun külçə, qurğuşunlu aktiv kütlə və ammonium sulfat alınır. Bu məhsullara kimya sənayesində hər zaman böyük tələbat var. Onları həm ölkə daxilində işlətmək, həm də xaricə ixrac etmək mümkündür. Akkumulyatorun növündən asılı olaraq, onun hər birindən 2 kiloqramdan 13 kiloqrama qədər qurğuşun əldə oluna bilir”,- ekspert bildirib.
Dövlət başçımızın açılışına qatıldığı “Azmonbat” ildə 800 min ədəd, yaxud, 30 min ton akkumulyator utilizasiya etmək gücünə malikdir. Bu, 15 min ton qurğuşun və 4,5 min ton gübrə almağa imkan verəcək. Ə.Məhərrəmzadənin sözlərinə görə, Azərbaycanda hər il nə qədər akkumulyatorun tullandığı barədə dəqiq statistika yoxdur, amma bütün hallarda, belə bir müəssisənin işə düşməsi həm ətraf mühiti ağır toksik yükdən xilas edəcək həm də gəlir gətirəcək. Bu biznes müəyyən mənada ekoloji təhlükəli sayıla bilər, ona görə də, orada hər zaman ən son texnologiyaların tətbiqinə nəzarət edilməlidir. Hazırda “Azmonbat”da ekoloji standartlara tam əməl olunur.
- Hesab edirəm ki, bu, son vaxtlar ölkəmizdə işə düşən ən vacib layihələrdən biridir. Biz eyni zamanda bir neçə hədəfə çatmağa imkan verən belə müasir biznes növlərinə xüsusi maraq və həvəslə yanaşmalıyıq. Texnologiya parkları bunun üçün çox əlverişli mühit və şərtləri təmin edir. Hazırda Azərbaycanda 5 sənaye parkı var, 6-cısı isə Ağdamda açılacaq. Bu parklar müasir, qabaqcıl texnologiyaya əsaslanan biznesin inkişafı üçün böyük şansdır,- ekspert fikirlərini yekunlaşdırıb.
Azvision.az
Teqlər: AzMonbat